Olqa MARTINOVA: «Qəbələ kimi ecazkar məkanı beynəlxalq musiqi mərkəzinə çevirmək gözəl fikirdir və mən artıq uğurla reallaşmaqda olan bu ideyanı alqışlayıram»

 

"V Qəbələ Beynəlxalq Musiqi Festivalı ən yüksək səviyyədə davam edir".

Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, tanınmış rusiyalı skripkaçı Olqa Martınova AzərTAc-a müsahibəsində demişdir.

Diqqətə çatdırmışdır ki, festivala dünyaca tanınmış musiqiçilərin, o cümlədən orkestrlərin, pianoçuların, skripkaçıların, dəvət olunması bir daha bu möhtəşəm incəsənət bayramının dünyada artan nüfuzundan xəbər verir.

Festivalın təşkilatçılığını yüksək qiymətləndirən Olqa Martınova bu mötəbər incəsənət bayramının ərsəyə gəlməsində böyük xidmətləri olan Heydər Əliyev Fonduna təşəkkürünü bildirmişdir. Musiqiçi daha sonra demişdir:  "Meşələr, vadilər, yaşıl çəmənli dağlar, bir sözlə, burada hər addımda gözəllik, ecazkarlıq hökmrandır. Auditoriya isə çox həssasdır. Həyat yoldaşım Con Bernard Pommier ilə Azərbaycana gəlmişəm. Konsertdən əvvəl Qəbələnin mənzərəli yerlərini gəzdik. Belə bir məkanı beynəlxalq musiqi mərkəzinə çevirmək gözəl fikirdir və mən artıq uğurla reallaşmaqda olan bu ideyanı alqışlayıram. Buranın dağlıq ərazisi bizi daha uğurla çıxış etməyə ruhlandırır. Bir daha festivalın təşkilatçılarını bu təşəbbüs münasibətilə təbrik edirəm. Düşünürəm ki, bu mötəbər incəsənət bayramı barədə hələ çox danışılacaqdır".

 

Azərbaycan. - 2013.- 2 avqust.- S. 7.