Ayman MUSAXACAYEVA: «Qəbələ festivalı geniş tamaşaçı auditoriyasına əsl incəsənət bayramı yaşadır»

 

"Bu günlər Qəbələdə dünyanın məşhur musiqi xadimlərinin konsertləri böyük tamaşaçı auditoriyasına əsl incəsənət bayramı yaşadır".

Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Qazaxıstan İncəsənət Universitetinin rektoru, xalq artisti, Dövlət mükafatı laureatı, Beynəlxalq Yaradıcılıq Akademiyasının akademiki, tanınmış skripkaçı Ayman Musaxacayeva AzərTAc-a müsahibəsində demişdir.

Festivalın əhəmiyyətini yüksək qiymətləndirən Ayman Musaxacayeva füsunkar təbiətin, uca dağların və yaşıl meşələrin əhatəsində, təmiz havada təşkil olunan belə gözəl musiqi bayramının yerlixarici qonaqlara unudulmaz anlar yaşatdığını əminliklə bildirmişdir.

Bakıda bir neçə dəfə konsert verdiyini vurğulayan Ayman Musaxacayeva demişdir: "Bu dəfə Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunda yerə enəndə şəhəri tanımadım. Qəbələyə gəldikdə isə belə kiçik məkanda tikilmiş beşulduzlu mehmanxanalar kompleksi, yaradılmış şərait, qonaqpərvər insanlar və yüksək xidmət məni valeh etdi".

Qəbələ festivalı barədə "Euronews" telekanalında yayımlanan videoçarxlar vasitəsilə məlumatlı olduğunu diqqətə çatdıran Ayman Musaxacayeva bu möhtəşəm sənət bayramında iştirak etdiyi üçün çox şanslı olduğunu xüsusilə vurğulamışdır.

Musiqinin dili olmadığını deyən tanınmış qazaxıstanlı skripkaçı orkestrin Yerusəlimdən, dirijorun İngiltərədən olmasını incəsənətin vəhdəti adlandırmışdır.

 

Azərbaycan. - 2013.- 2 avqust.- S. 7.