Azərbaycan xalqı Heydər
Əliyev siyasi kursuna alternativ görmür
"Rəy"
Monitorinq Mərkəzi tərəfindən
keçirilən ümumrespublika ictimai rəy sorğusunun
nəticələri bunu deməyə əsas
verir
Azərbaycan
Respublikası iqtisadi sahədə keçid dövrünün
ağır sosial-iqtisadi, mənəvi-psixoloji
çətinliklərini mətinliklə geridə qoyaraq bütün sahələrdə
sürətlə inkişaf edir, abadlaşır, müasirləşir.
Ölkədə həyata keçirilən sosial
infrastruktur layihələri Azərbaycan vətəndaşlarının firavan
həyat tərzinin təmini məqsədinə xidmət edir. İqtisadi
uğurları hər bir vətəndaş
gündəlik həyatında, məişətində hiss edir. Azərbaycan təkcə
sosial-iqtisadi deyil, siyasi müstəvidə də bir
çox problemləri geridə qoyub.
2008-ci il oktyabrın 24-də keçirilmiş
andiçmə mərasimində "Azərbaycan
xalqını əmin etmək istəyirəm ki,
bundan sonra da Vətənimizin uğurlu
inkişafı üçün, Azərbaycanın
çiçəklənməsi üçün
mən əlimdən gələni əsirgəməyəcəyəm,
Azərbaycan xalqına bundan sonra
da şərəflə xidmət edəcəyəm",
- deyən dövlət başçısı İlham
Əliyev xalq qarşısında verdiyi vədlərə sadiqdir.
Azərbaycan Prezidentinin verdiyi
vədlər əməli fəaliyyətə, real
siyasətə əsaslanmış, milli maraq və mənafeləri maksimum
dərəcədə özündə ehtiva
etmişdir.
Azərbaycanın son illərdə bütün
sahələrdə əldə etdiyi
nailiyyətlər Heydər Əliyev siyasi
kursuna alternativin
olmadığını bir daha təsdiqləyir. Bir zamanlar
əlçatmaz olan, xəyal kimi görünən iri
layihələrin real həyata vəsiqə
alması, şəhərlərimizin, rayonlarımızın,
hətta kəndlərimizin sürətlə abadlaşaraq
göz oxşaması, insanların
yaşayış səviyyəsinin ildən-ilə
yaxşılaşdırılması çoxlarımız
üçün adiləşib. Çətin, lakin
şərəfli müstəqillik tariximizin
ötən 22 ilinə nəzər salarkən
düşünməliyik ki, böyük qürur və
fəxarətlə qarşılaya biləcəyimiz
uğurlarımız çoxdur. İllərin
müqayisəsi fonunda hansı
ağır sınaqlardan, çətinliklərdən, təlatümlərdən
çıxdığımızın daha
çox fərqində olmalıyıq.
Geridə qalan illər tarix
baxımından böyük olmasa da, xaosdan
sabitliyə, tənəzzüldən sürətli inkişafa keçid mərhələlərini
özündə ehtiva edir.
Azərbaycanın qlobal layihələrin həyata keçirilməsində
əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı
qüvvəyə çevrilməsi rəsmi Bakının
mövqelərinin güclənməsi ilə müşayiət
olunur. Azərbaycan Prezidenti
İlham Əliyev praqmatik,
peşəkar siyasətçi olaraq əməli
addımları ilə hər bir fərdin
maraq və mənafelərinin
qorunmasına dövlət təminatının olduğunu praktik surətdə
təcəssüm etdirir. Azərbaycanın
yaxın-uzaq ölkələrlə münasibətləri
qarşılıqlı maraqlar, sivil birgəyaşayış prinsipləri əsasında
inkişaf edir. Neftlə,
qazla zəngin bir çox ölkələrdən fərqli olaraq Azərbaycan daha çox demokratikləşmə yolunda qazandığı uğurlarla
Avratlantik məkana inteqrasiya
edir. Demokratik ideallara, liberal dəyərlərə,
insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini sübuta yetirir. Bərabərhüquqlu
tərəfdaşlıq və tarazlı xarici
siyasət prinsiplərinə sadiq olan rəsmi Bakı hansısa dövlətin
Azərbaycanın daxili işlərinə
qarışmasına da qətiyyətlə
yol vermir.
Bu gün
Azərbaycan regionda hansısa ölkədən
enerji asılılığı olmayan yeganə respublikadır.
Bakı-Tbilisi-Ceyhan neft və
Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri
dünya miqyaslı layihələr olmaqla, Azərbaycanın enerji
təhlükəsizliyinə geniş imkanlar açır. Bu layihələr, eyni zamanda,
respublikamızın müstəqilliyini daha
da möhkəmləndirir, regionda
müstəqil siyasət aparmasını təmin edir. Ölkə həyatının bütün sahələrində əldə olunan uğurlar beynəlxalq
təşkilatların hesabatlarında, nüfuzlu
sosioloji mərkəzlər tərəfindən
vaxtaşırı keçirilən rəy sorğularında
təqdir olunur və respublikamızın
davamlı inkişaf yolunda
olduğu xüsusi
vurğulanır.
Böyük
Britaniyanın nüfuzlu "The Business Year"
jurnalı bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevi dünyada "İlin
adamı" elan etmişdi.
Ölkə başçısı "İlin
adamı" mükafatına son beş ildə Azərbaycanın dinamik inkişafına, dünyanın geosiyasi məkanında fəal iştirakına,
BMT Təhlükəsizlik Şurasının üzvü
kimi qlobal arenada sülh və təhlükəsizliyin
təmin olunmasına, "Azərspace" ilk
telekommunikasiya peykinin
orbitə buraxılması ilə Azərbaycanda, bölgədə
və dünyada internetin,
informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına verdiyi
önəmli töhfələrə, habelə Azərbaycanın
mühüm beynəlxalq ictimai,
siyasi, iqtisadi, humanitar forumların, konfransların, idman yarışlarının keçirildiyi
mərkəzə çevrilməsindəki xidmətlərinə
görə layiq görülmüşdü.
2012-ci ilin
sonunda Azərbaycan üzrə "Avropa Qonşuluğu Barometri" çərçivəsində
keçirilən sorğunun nəticələri
də böyük qürur
hissi doğurmuşdu.
Qeyd edək ki, sorğu Avropa Qonşuluq Siyasəti ölkələrində
ictimai rəyin öyrənilməsi
üzrə Avropa İttifaqı (Aİ) tərəfindən
maliyyələşdirilən layihə çərçivəsində
2012-ci ilin noyabr-dekabr
aylarında 1000 respondent arasında keçirilmişdi. Rəyi
soruşulanların 65 faizi öz
həyatlarından razı olduqlarını bildirmişdilər.
Həyatından məmnunluq səviyyəsi gənclər və
təhsil alan respondentlər arasında daha yüksək olmuşdur.
Rəyi soruşulanların böyük əksəriyyəti
öz hökumətinə (92 faiz) və parlamentə (68 faiz)
inandığını ifadə etmişdir.
Prezident İlham
Əliyev Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun
nəticəsinə görə türk
dövlətləri, Orta Asiya
və Cənubi Qafqazda "10 ilin dövlət adamı" seçilmişdi.
Qeyd edək ki, "Ekovitrin" jurnalı tərəfindən
keçirilən rəy sorğusunda 270 min 992 respondent iştirak etmişdi. Jurnalda cənab İlham
Əliyevin Azərbaycan Respublikasının Prezidenti
vəzifəsində səmərəli fəaliyyəti,
qazandığı uğurlar barədə
ətraflı məlumat verilmişdi. Qeyd edilmişdi ki, son 10 ildə Prezident İlham
Əliyevin rəhbərliyi ilə Azərbayan sürətlə
inkişaf etmiş və
dünyanın nüfuzlu ölkələrindən
birinə çevrilmişdir. Nəşrdə
dövlət başçısının daxili
və xarici siyasətinin uğurlu
nəticələri də geniş əks
etdirilmişdi.
Bu
yaxınlarda Dialoq və Əməkdaşlıq
Uğrunda İslam
Konfransı Gənclər Forumu
(DƏ-İKGF) İstanbulda
dünyanın 40 ölkəsindən 50-dən artıq universtetini təmsil edən 170-dən çox gənc və 10 minə yaxın tələbə
arasında online sorğu
keçirdi. Sorğuya əsasən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İƏT
coğrafiyasında "İlin dövlət
başçısı" seçildi. Bu barədə qərar iyulun
6-da DƏ-İKGF və Malayziya Beynəlxalq
İslam Universitetinin
(MBİS) təşkilatçılığı ilə Kuala Lumpur şəhərində
keçirilən 3-cü Beynəlxalq İslam
Əməkdaşlıq Təşkilatı Modelinin
Sammitinin bağlanış mərasimində
elan edildi.
"İlin dövlət
başçısı" nominasiyasında iştirak
etmiş və İƏT-nin 57 üzv ölkəsi sırasından seçilmiş dövlət
başçılarının namizədlikləri islam irsinə göstərilən
qayğı, İƏT ölkələri arasında həmrəyliyin
möhkəmləndirilməsi, təşkilata üzv
ölkələrin sosial-iqtisadi inkişafı və beynəlxalq
mövqelərinin gücləndirilməsi sahəsində fəaliyyətləri
kimi meyarlar üzrə qiymətləndirilmişdi.
Dövlətimizin başçısı bu
nominasiyanın da qalibi
oldu.
Prezident İlham Əliyev "İlin
döbvlət başçısı" seçilərkən
Azərbaycan Prezidentinin rəhbərliyi
altında əldə olunmuş nailiyyətlər,
o cümlədən Azərbaycanın BMT
Təhlükəsizlik Şurasına qeyri-daimi
üzv seçilməsi və bu mövqedən İƏT ölkələrinin
maraqlarının müdafiəsi, Fələstin Dövlətinə Yardım
üzrə İslam Maliyyə Təhlükəsizliyi
Şəbəkəsinin təsis konfransı və Qüds şəhərinin inkişafına
yardım üzrə donor konfransına
2013-cü ilin iyununda
Bakıda ev sahibliyinin
edilməsi, bütövlükdə Azərbaycanın
İƏT-nin İslam həmrəyliyi
istiqamətində fəaliyyətinə dəstəyi, həmçinin
Cənubi Qafqazın ilk məscidi və islam sivilizasiyasının incisi
sayılan Şamaxı məscidinin bərpası təşəbbüsləri
nəzərə alınıb.
Bu günlərdə isə
"Rəy" Monitorinq Mərkəzi tərəfindən
ümumrespublika ictimai
rəy sorğusu keçirilib.
Prezident seçkiləri ilə
bağlı ümumrespublika rəy sorğusu iştirakçılarının
81,2 faizi dövlət
başçısı İlham Əliyevə
səs verəcəklərini bildiriblər. Belə ki, "Bu namizədlərdən
hansına səs verərdiniz?" sualına cavabda
respondentlərin 81,2 faizi İlham
Əliyevin, 3 faizdən az hissəsi isə
digər namizədlərin adlarını çəkmişdir.
Hesabat 2013-cü il iyulun 22-28-də keçirilmiş
ümumrespublika ictimai
rəy sorğusunun materialları əsasında
hazırlanmışdır. Sorğuya 18 və
yuxarı yaşlı 1500 nəfər cəlb edilmişdir.
Prezident İlham Əliyev ötən 10 illik fəaliyyəti dövründə məhz
ölkə üçün taleyüklü, strateji əhəmiyyətli
hadisələrin müəllifinə çevrilmiş,
onun ardıcıl və sistemli
surətdə həyata keçirdiyi islahatlar cəmiyyətin mənəvi yüksəlişinə
və birliyinə xidmət etmişdir. Dövlət
başçısının özünəməxsus liderlik keyfiyyətləri, siyasi
prosesləri yönəltmək məharəti, cəmiyyətin
maraq və mənafelərini ümumi bir nöqtədə
birləşdirmək bacarığı Azərbaycan
xalqının ona sonsuz
etimadının əsas səbəblərindən biri kimi
çıxış edir.
"Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı" regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən
qurulması, milli iqtisadiyyatın neft amilindən
asılılığının qeyri-neft
sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün
geniş imkanlar
açmışdır.
Regional inkişaf
proqramlarının icrasının başlanmasından, yəni,
2004-cü ilin fevralından bu günə qədər ölkəmizdə
1 milyon 118 min yeni iş yeri
açılmışdır. Bununla bərabər, iş yerlərinin
açılması, yeni, müəssisələrin
işə salınması nəticəsində ölkə
daxilində istehsal olunan
malların sayı artır, ixracdan
asılılıq azalır. Ötən dövrün
sosial-iqtisadi göstəriciləri Avratlantik məkana inteqrasiya
kursunu əzmlə davam
etdirən, transmilli enerji
və kommunikasiya layihələrinin
lokomotivinə çevrilərək Cənubi Qafqazın ən
nüfuzlu ölkəsi kimi
tanınan müstəqil respublikamızın sosial-iqtisadi
sahədəki uğurlarının ardıcıl xarakter daşıdığını sübuta yetirir. Bütün bunlar həm də
ölkə başçısının müəyyənləşdirdiyi
iqtisadi prioritetlərin dayanıqlı əsaslara
söykəndiyini, respublikanın gerçək potensialı
ilə uzlaşdığını təsdiq edir.
Əsası
ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş inkişaf
strategiyasının Prezident İlham Əliyevin yeni mərhələdə
uğurla davam etdirməsi
bu gün müstəqil
Azərbaycanı regionun ən güclü və qüdrətli dövlətlərindən
birinə çevirmişdir. Bütün
bunların nəticəsi olaraq Azərbaycan
hazırda daha geniş
geosiyasi arealda sülh, tərəqqi və sabitlik,
iqtisadi əməkdaşlıq mərkəzi
kimi tanınır.
Elnur HACALIYEV
Azərbaycan. - 2013.- 3 avqust.- S. 1.