Dairə seçki
komissiyalarının sədrləri üçün
seçki hüququ
üzrə ixtisaslaşdırılmış kurslar
başa çatmışdır
Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən
dairə seçki komissiyalarının sədrləri
üçün təşkil edilmiş seçki hüququ üzrə
ixtisaslaşdırılmış kurslar avqustun 2-də başa
çatmışdır.
AzərTAc xəbər
verir ki, kurslar Prezident İlham Əliyevin "Azərbaycan
Respublikasında insan
hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq
edilməsi haqqında" 2006-cı il 28 dekabr tarixli və "Azərbaycan
Respublikasında insan hüquq
və azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində Milli Fəaliyyət
Proqramının təsdiq edilməsi haqqında" 2011-ci il 27 dekabr tarixli
sərəncamlarına uyğun olaraq təşkil edilmişdir.
Kurslarda MSK katibliyinin
müdiri Rövzət Qasımov "Prezident seçkilərində nəticələrin
müəyyən edilməsi prosesində dairə və məntəqə
seçki komissiyalarının rolu" mövzusunda
çıxış etmişdir. Bildirilmişdir ki, son anadək növbədə durmuş
seçicilər üçün səsvermə
şəraiti yaradılmalıdır. O demişdir:
"Səslərin sayılması prosesi
zamanı hər hansı fasiləyə yol
vermək olmaz. Bu proses fasiləsiz davam
etdirilməlidir. Çünki səslərin
sayılması zamanı fasiləyə çıxmaq qanunla yolverilməzdir".
Tədbirdə çıxış
edən Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin hakimi Ceyhun Qaracayev seçki hüququ üzrə
ixtisaslaşdırılmış kursların əhəmiyyətindən
danışmışdır. Qeyd etmişdir ki, seçki hüququ
dövlətin öhdəlikləri, dövlətdə hüququn təminatı modeli
isə birbaşa vətəndaş
hüquqları ilə bağlıdır. Bununla
yanaşı, dövlət öz üzərinə
öhdəliklər də götürür.
Dövlət fəal və passiv seçki hüququ üçün şərait
yaratmalıdır.
Avropadakı
seçki hüququ
sistemləri ilə Azərbaycandakı mövcud
sistemi müqayisə edən Ceyhun Qaracayev seçkilərlə
bağlı standartları müəyyənləşdirən
beynəlxalq konvensiyaya, eləcə də
Avropa Şurasının Venesiya
Komissiyasının tövsiyə və tələblərinə
də toxunmuşdur. O demişdir:
"Seçki hüququ
məhdudlaşdırıla bilər. Venesiya
Komissiyasının rəyinə görə, kvotaların
müəyyən olunması hüquq pozuntusu kimi qəbul edilməməlidir.
Məsələn, anlaqsız şəxslər, məhkumlar üçün hansısa məhdudiyyətlər
qoyula bilər".
Yekun nitqi
ilə çıxış edən MSK-nın sədri Məzahir
Pənahov qarşıdan gələn prezident
seçkilərində rəhbərlik etdiyi
qurumun fəaliyyət istiqamətləri
haqqında danışmışdır. Diqqətə
çatdırmışdır ki,
Avropanın bir hissəsi olan
Azərbaycan prezident seçkilərini
beynəlxalq standartlara uyğun,
yüksək səviyyədə keçirməlidir. Dairə seçki komissiyaları seçkilərlə
bağlı qanunvericiliyin tələblərinə
uyğun bütün
addımları atmışdır. Azərbaycan cəmiyyəti
düzgün və obyektiv
şəraitdə seçimini ortaya qoya bilər. Bunun üçün dairə
seçki komissiyaları sədrlərinin
seçki hüquqları barədə
kifayət qədər bilik və təcrübələri
vardır. Kurslar yekunlaşdıqdan sonra da beynəlxalq qurumlarla birgə dairə seçki
komissiyaları sədrlərinin iştirakı ilə müxtəlif
tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Məzahir Pənahov
vurğulamışdır ki, seçki prosesində müşahidəçilərə
vəzifələrini yerinə yetirmələrinə məhdudiyyət
yaradıla bilməz. Heç kimə ixtiyar verilmir ki, seçki
komissiyasının fəaliyyətinə maneə yaratsın.
MSK sədri bildirmişdir ki, qanunvericiliyin tələblərinə və
müşahidəçilərin istəyinə uyğun olaraq informasiya təminatı zəruridir.
Komissiyaların ixtiyarı yoxdur ki, Seçki Məcəlləsinin
tələblərindən kənara çıxsınlar. Seçki prosesinin
aparılmasına qarşı atılan addımların
qarşısı qanun çərçivəsində
alınmalıdır.
Seçki prosesinin bütün mərhələlərinin
müvəffəqiyyətlə həyata keçirilməli olduğunu vurğulayan Məzahir
Pənahov, dairə seçki
komissiyalarından məntəqə seçki
komissiyalarının maarifləndirilməsi istiqamətində
zəruri işlər görmələrini tələb etmişdir. O demişdir:
"Seçki Məcəlləsinin tələbləri
yerinə yetirilməlidir. Biz buna nail olsaq,
öhdəliyimizi həyata keçirməklə
yanaşı, dövlətimizin gələcəyinə də
xidmət etmiş olarıq. Milyonlarla insanın iştirak
etdiyi seçkiləri ideal
keçirmək mümkün deyildir. Sadəcə, seçkilərdəki mənfi
halları minimuma endirmək
lazımdır".
MSK sədri qeyd etmişdir ki, ölkədəki demokratik
mühit seçkilərin normal
keçirilməsinə imkan verir. Bu cür
şəraitin qarşılığında vəzifəmizi
yerinə yetirməməyimiz qəbul oluna
bilməz. Azərbaycanda 5 milyona yaxın vətəndaş
prezident seçkilərində səsvermə
hüququndan istifadə edə biləcəkdir.
Məntəqələr üzrə əvvəlki illərə
nisbətən səs verəcək insanların sayı 1500-dək
artmışdır.
Sonra dairə seçki
komissiyalarının sədrlərinə sertifikatlar
təqdim edilmişdir.
Avqustun 3-4-də dairə seçki komissiyalarının sədrləri üçün mədəni tədbirlər
keçiriləcəkdir.
Regionlarda dairə seçki
komissiyalarının digər üzvləri və məntəqə
seçki komissiyalarının sədrləri
üçün seçki
hüququ üzrə
ixtisaslaşdırılmış kurslar avqustun 5-dən 7-dək keçiriləcəkdir.
Azərbaycan. - 2013.- 3 avqust.- S. 2.