Almaniya Bundestaqının
deputatı Tankred ŞİPANSKİ:
Dağlıq Qarabağ Azərbaycanın
ayrılmaz tərkib hissəsidir
Almaniya Bundestaqının
deputatı Tankred Şipanski
"Azərbaycan Tələbə Şəbəkəsi" diaspor gənclər təşkilatının
nümayəndəsinə müsahibə vermişdir.
Müsahibəni təqdim edirik.
- Birləşmiş
Millətlər Təşkilatının Təhlükəsizlik
Şurası qəbul etdiyi qətnamələrdə
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı yeddi
rayonun Ermənistan silahlı qüvvələri
tərəfindən işğalını beynəlxalq hüquqa zidd hərəkət adlandıraraq pisləmiş
və qoşunların işğal
altında olan ərazilərdən dərhal
çıxarılmasını tələb etmişdir.
Almaniya Xarici
İşlər Nazirliyi bu
təşkilatın qətnamələrini dəstəkləyirmi?
- Biz
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə
qəbul edilmiş qətnamələrini dəstəkləyirik və Avropa İttifaqı çərçivəsində
həmin qətnamələrin tələblərinin yerinə
yetirilməsi üçün səylər
göstəririk. Beynəlxalq hüquqa əsasən,
Dağlıq Qarabağ Azərbaycan
Respublikasının ayrılmaz tərkib hissəsidir.
- İyirmi
ildən çoxdur ki,
Azərbaycanın 20 faiz ərazisi xarici
silahlı qüvvələrin işğalı
altındadır. Ermənistanın işğalçı
siyasəti nəticəsində bir milyona yaxın qaçqın və məcburi köçkün öz doğma yurdlarına qayıda bilmir.
Bu səbəbdən
də Azərbaycan adambaşına düşən
qaçqın sayına görə dünyada
birinci yerdədir. Şərq qonşuluğundakı
tərəfdaşlarından birinin ərazi
bütövlüyü prinsipi,
eyni zamanda
qaçqın və məcburi köçkünlərin
hüquqları və taleyi Almaniya üçün nə
dərəcədə vacib məsələdir?
- Azərbaycanın ərazi
bütövlüyü və
qaçqınların taleyi bir-biri ilə ayrılmaz şəkildə bağlıdır.
Almaniya həm
ATƏT-in Minsk qrupunun
üzvü olaraq, həm
də Avropa İttifaqı çərçivəsində
bu münaqişənin sülh
yolu ilə həllinə, qaçqın və
məcburi köçkünlərin ağır taleyinə son qoyulmasına və onların təhlükəsiz
şəraitdə öz doğma
torpaqlarına geri dönməsinə
çalışır.
- Azərbaycan Almaniya və Qərb ölkələri ilə
həm siyasi, həm də iqtisadi
sahədə geniş mənada sıx tərəfdaşlıq
edir. Bu tərəfdaşlığa
Azərbaycana hüquqlarının təmin olunması
baxımından regional dəstəklə
cavab verilirmi?
- Almaniya
və Azərbaycanı uzunmüddətli iqtisadi,
mədəni və siyasi tərəfdaşlıq
bağlayır. Həmçinin biz Avropa İttifaqı miqyasında da uzun müddətdir ki, səmərəli əməkdaşlıq edirik. Azərbaycan 2004-cü ildə Avropa Qonşuluq Siyasətinə
qəbul edilmişdir. Bu
sıx bağlılıq səbəbindən regionda
sabitlik və təhlükəsizliyə
töhfə vermək bizim üçün
mühüm məsələdir.
- ATƏT-in Minsk qrupu çərçivəsində
aparılan çoxsaylı danışıqlara baxmayaraq, münaqişənin həlli prosesi irəliyə getmir.
Hazırda Almaniya Avropa
İttifaqı çərçivəsində daha fəal rol oynamağa çağırılır. Almaniyanın münaqişənin tezliklə və sülh yolu ilə həlli
və qonşuluqda yerləşən əhəmiyyətli
regionun sabitliyinə töhfə verilməsi
məqsədi ilə sülh prosesində daha fəal rol oynamaq və prosesə Avropa
maraqlarına uyğun olaraq
əməli impulslarla dəstək
göstərmək istəyi varmı?
- Almaniya
ATƏT-in Minsk qrupunun
üzvü kimi gələcəkdə
də bu münaqişənin tezliklə və
sülh yolu ilə həll
olunmasında fəal iştirak edəcəkdir.
Avropa İttifaqının gələcəkdə
danışıqlarda bir səslə
çıxış edə bilməsi üçün
Fransanın mandatı Avropa
İttifaqının mandatı ilə əvəzlənə
bilərdi.
Azərbaycan. - 2013.- 3 avqust.- S. 2.