Dairə seçki komissiyalarının sədrləri Heydər Əliyev Mərkəzində olmuşlar

 

Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün təşkil edilmiş seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların iştirakçıları avqustun 2-də Heydər Əliyev Mərkəzində olmuşlar.

AzərTAc xəbər verir ki, tədbir iştirakçılarına dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi barədə məlumat verilmişdir. Bildirilmişdir ki, mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, ulu öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. Həmçinin mərkəz Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına xidmət edən layihələr həyata keçirir.

Qeyd olunmuşdur ki, mərkəz dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında tikilmişdir. Nadir memarlıq nümunələrindən biri olan və çoxfunksiyalılığı ilə seçilən bu mərkəz artıq dünya memarlığı siyahısına daxil edilmişdir. Burada rəsmi qəbullar, müxtəlif beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır.

Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi qonaqlarda böyük maraq doğurmuşdur.

Diqqətə çatdırılmışdır ki, Muzey ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində istifadəyə verilmişdir. Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Üç mərtəbədən ibarət muzeydə ümummilli lider Heydər Əliyevin həyat yolu, ulu öndər barədə maraqlı faktlar, fotovideomateriallar vasitəsilə təqdim olunur. Muzey forma ilə yanaşı, məzmun orijinallığı ilə də seçilir. Burada materiallar iki paralel kontekstdə verilir. Ziyarətçilərə ümummilli lider Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr barədə məlumatlar çatdırılır. Muzeyin "Şəkillərə həkk olunan ömür", "Azərbaycanın ictimai-siyasi həyatı", "Dövlətçiliyimiz, irsimiz, nailiyyətlərimiz" bölmələrində ulu öndərin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual təqdim edilir. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm ingilis dilində verilir.

Muzeydə 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillər qonaqların marağına səbəb olmuşdur.

Bildirilmişdir ki, muzeyin ən maraqlı bölmələrindən biriümummilli liderin müxtəlif ölkələrin rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalıdır. Buradakı qlobusda ölkələrin üzərinə toxunmaqla arxa fonda ulu öndər Heydər Əliyevin dövlət başçıları ilə görüşlərinin və ümummilli liderə təqdim olunan hədiyyələrin fotoları əks olunur. Bundan əlavə, zalda ulu öndərin hərbi və mülki geyimləri, o cümlədən onun masası da sərgilənir. Dahi şəxsiyyətin müxtəlif illərdə təltif olunduğu ordenlər və medallar ekspozisiyanın ən qiymətli nümunələri sırasındadır.

 

Azərbaycan. - 2013.- 3 avqust.- S. 2.