Qazax yeni yüksəliş yolundadır

 

Qazax rayonunda böyük işlər görülür. Qazax rayonu abadlaşır, gözəlləşir, çox önəmli addımlar atılır, sənaye müəssisələri açılır... kənd yolları, sosial obyektlər tikilir. 

 

İlham ƏLİYEV

 

 

Cari ilin altı ayı prezident İlham Əliyevin qərb bölgəsinə səfəri ilə əlamətdar oldu. Dövlət başçısı səfər çərçivəsində Qazax rayonuna da gəldi və orada görülən işlərlə ətraflı maraqlandı.

Prezident İlham Əliyev əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, sonra müxtəlif xarakterli bir sıra obyektlərə baş çəkdi. YAP Qazax rayon şöbəsinin, ədəbiyyat muzeyinin, müdriklər parkının, uşaq əyləncə mərkəzinin, Qazax-Quşçu Ayrım avtomobil yolunun, habelə sement zavodunun yeni istehsal xəttinin açılışında iştirak etdi. Zəhmət adamları ilə görüşdü, bir sıra tövsiyə və tapşırıqlar verdi.

Son vaxtlarda respublikanın digər bölgələrində olduğu kimi, Qazax rayonunda da bir-birindən gərəkli layihələr həyata keçirilir. Altı aylığın yekunları və qarşıda duran vəzifələr müzakirə olunarkən bu barədə geniş söhbət getmişdi. Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarımilliyinin yekunlarına həsr olunmuş iclasda Prezident İlham Əliyevin irəli sürdüyü məsələlərlə əlaqədar rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərovun məruzəsi dinlənildi. Sonra ayrı-ayrı idarə və müəssisə nümayəndələri görülən işlər barədə məlumat verdilər.

Yekdilliklə qeyd olundu ki, Qazax rayonu sürətlə inkişaf edir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tələbləri, Prezident İlham Əliyevin tövsiyə və tapşırıqları uğurla yerinə yetirilir. Ötən altı ay ərzində 60,7 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkinə nisbətən xeyli çoxdur. Rayonda həm kənd təsərrüfatı, həm də sənaye sahələri sürətlə inkişaf edir.

Ərzaq proqramının icrası ilə əlaqədar bitkiçiliyin və heyvandarlığın inkişafına xüsusi fikir verilir. Toplantıda qeyd olundu ki, cari ilin alti ayı ərzində taxıl, tərəvəz, kartof, qarğıdalı, bostan bitkiləri və s. ötən ilin müvafiq dövründəkindən çox istehsal olunmuşdur. Naxırlarda mal-qaranın, sürülərdə qoyun-quzunun sayı aybaay, ilbəil artır. Bununla da, sahibkarların gəliri və büdcəyə daxil olan vəsaitin həcmi çoxalır. Bir qədər dəqiq desək, altı ay ərzində büdcəyə yerli daxilolmalar  2,4 milyon  manata çatmışdır ki, bu da proqnoz tapşırığının 104 faiz yerinə yetirilməsi deməkdir.

Qazax qoşa qanadla ucalır, həm aqrar sahədə uğurlar qazanılır, həm də tədricən sənaye mərkəzinə çevrilir. Dövlətin qayğısı və diqqəti sayəsində son aylarda 12 yeni müəssisə açılmış, sənaye məhsulunun ümumi həcmi beş milyon manatdan çox olmuşdur. Ən mühüm hadisələrdən biribudur ki, bu günlərdə dövlət başçısı İlham Əliyevin xeyir-duası ilə Qazax sement  zavodunun yeni istehsal xətti istifadəyə verilmişdir.

Bu, çox nəhəng müəssisədir. Zavodun ərazisində ümümi sahəsi 4 min kvadratmetrdən çox olan  altımərtəbəli, 56 otaqlı, dördulduzlu mehmanxana, müasir avadanlıqla təchiz edilən 250 yerlik üçmərtəbəli yeməkxana binaları inşa olunacaqdır. Ümumu sahəsi 3400 kvadratmetr olan 69 otaqlı, beşmərtəbəli inzibati binanın tikintisi tamamlanmışdır. Hazırda ərazidə silsilə qurğular inşa olunur, genişmiqyaslı abadlıq işləri görülür. Hər başa çatanda burada il ərzində bir milyon ton sement istehsal olunacaqdır. Bununla da, təqribən yeddi yüz yeri açılacaqdır.

Toplantıda minnətdarlıqla qeyd olundu ki, respublikanın qərb qapısı sayılan Qazax rayonu Prezident İlham Əliyevin qayğısı diqqəti sayəsində abadlaşır, gözəlləşir. Burada bir sıra problemlər, o cümlədən yol məsələsi uğurla həll olunur. Dövlət başçısının sərəncamı ilə Prezidentin Ehtiyyat Fondundan ayrılmış 6,9 milyon manat vəsait hesabına Qazax-Quşçu Ayrım avtomobil yolu inşa olunur. Ümumi uzunluğu 27 kilometr olacaq bu yol başlanğıcını Bakı-Gürcüstan dövlət sərhədindən götürür. Həmin yol rayonun 26 min əhalisinin yaşadığı 15 kəndindən - Çaylı, Kammuna, Ürkməzli, Dəmirçilər, Daşsalahlı, Alpout, Aşağı Əskipara, Boğanis Ayrum, Yuxarı Əskipara digər yaşayış məntəqələrindən keçir. Yolun 15 kilometrlik hissəsi istifadəyə tam hazırdır. Qalan 12 kilometrlik sahədə isə işlər yaxın vaxtlarda başa çatdırılacaqdır.

Prezidentin digər sərəncamı ilə ucaldılan mühüm obyektlərdən biri "Ədəbiyyat muzeyi"dir. Bəlli olduğu kimi, Qazax bölgəsi söz-sənət ustaları, ziyalılar, sərkərdələr, qəhrəmanlar diyarıdır. Bu yerlər ölkəmizin tarixinə neçə-neçə unudulmaz şəxsiyyət bəxş edib. Səməd Vurğun bir vaxt bu bölgəni "şairlər vətəni" adlandırmışdı. Ulu öndər Heydər Əliyev isə demişdi  ki, xalq şairi Səməd Vurğun millətimizin başını uca edən şəxsiyyətlərdəndir. Məhz Heydər Əliyevin təşəbbüsü ilə S.Vurğunun vətənində poeziya evi açıldı, ölməz şairin abidəsi ucaldıldı. Ulu öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əlyevin tövsiyə tapşırığı ilə poeziya evi yenidən quruldu, rayonun mərkəzində "Ədəbiyyat muzeyi" üçün çoxmərtəbəli bina inşa edildi.

Muzeyin qabağındakı geniş sahədə isə icra hakimiyyətinin təşəbbüsü ilə "Müdriklər parkı" yaradıldı. Yaşıllıqların qoynundakı fəvvarələrin ətrafında onların barelyefləri cərgələnib. Azərbaycanın ilk topoqraf generalı İbrahim-Ağa Vəkilov, artilleriya generalı Əliağa Şıxlinski, ilk hərbi təyyarəçi Fərrux Qayıbov, İtaliyanın Milli Qəhrəmanı partizan Tahir İsayev, ədəbiyyatımıza ölməz əsərlər bəxş etmiş yazıçı şairlərdən Mehdi Hüseyn, Osman Sarıvəlli, Mirvarid Dilbazi, Yusif Səmədoğlu... Başda da Molla Vəli Vidadi Molla Pənah Vaqif qoşa dayanıb. Bir qədər aralıdakı yaraşıqlı bağda böyük söz ustası, istiqlal carçısı İsmayıl Şıxlı mərmər postament üzərindən doğma diyara "boylanır". "Müdriklər parkı" bərpa olunarkən rayon icra hakimiyyətinin təşəbbüsü ilə genişmiqyaslı abadlıq quruculuq işləri görülmüşdür. Xiyabanın mərkəzində 4,5 metr hündürlüyündə şəlalə 4 ədəd fəvvarə qurulub. 11,2 min metrdən artıq əraziyə tamet daşları döşənmiş, 4 min metr uzunluğunda bardür düzülmüş 8 min metr sahədə yaşıllıq yaradılmış, dekorativ ağaclar gül kolları əkilmiş, istirahət guşələri düzəldilmiş, işıqlandırma suvarma sistemləri qurulmuşdur. Bu yaraşıqlı, fəvvarəli xiyabandakı abidələrin hər biri elimizin mənəvi çıraqlarından, xalqımızın önəmli tarixindən xəbər verir.

Qazaxlılar minnətdarlıq hissi ilə xatırlayırlar ki, ötən əsrin doxsanıncı illərinin burulğanında bu yerlər məhz ulu öndər Heydər Əliyevin səyi ilə mühafizə olunmuş, sonrakı illərdə isə genişmiqyaslı abadlıq quruculuq işlərinə geniş meydan açılmışdır. Elə buna görə səfalı bir guşədə ucaldılmış Heydər Əliyev mərkəzi rayon əhalisinin, ilk növbədə, isə gənclərin and yerinə çevrilmişdir. Ulu öndərin doxsan illlik yubileyi ilə əlaqədar Heydər Əliyev mərkəzində əsaslı təmir aparılmış, abadlıq işləri görülmüş, yaxınlıqda isə uşaq əyləncə mərkəzi tikilmiş, süni gölün ikinci pilləsi inşa edilmişdir.

Rayonun hər guşəsində  abadlıq quruculuq işləri yeni vüsət alır. Əhalinin həyat səviyyəsinin, məişətinin güzəranının daha da yaxşılaşdırılması üçün hər sahədə genişmiqyaslı tədbirlər həyata keçirilir. İcra hakimiyyətində fəaliyyət göstərən operativ qruplar işıq, qaz su problemlərinin fasiləsiz işinə nəzarət edir, səhiyyə, təhsil, mədəniyyət məsələlərinin sistemli həllinə qayğı kömək göstərirlər. Son vaxtlarda çoxmərtəbəli 9 binada təmir-bərpa işləri aparılıb. Bir neçə kənddə məktəb binaları ucaldılıb. Mədəniyyət mərkəzinin dam örtüyü təzələnib.

Səhiyyə sistemində daha böyük işlər görülür. Mərkəzi xəstəxananın baş həkimi Arzu Novruzov deyir ki, mövcud baza xidmətin mədəniyyəti aybaay, ilbəil yüksəlir. Son vaxtlarda  ayrı-ayrı kəndlərdə müasir üslublu tibb məntəqələri tikilib, yeni avadanlıq gətirilib. Hazırda rayonun mərkəzində üç hektar sahədə müasir quruluşlu müalicə mərkəzinin təməli qoyulub. Bu, geniş miqyaslı sağlamlıq kompleksi olacaqdır. Çalışırıq ki, bütün işləri vaxtında başa çatdıraq, hər yerdə, hər sahədə əhaliyə xidməti müasir tələblər səviyyəsinə yüksəldək. Qazaxbəyli kəndinin ərazisində üç yüz məcburi köçkün ailəsi üçün beşmərtəbəli yaşayış binasının inşası nəzərdə tutulmuşdur.

Toplantıda qeyd olundu  ki, qazaxlılar qədirbiləndirlər. Onlar həmişə dövlətin qayğısını diqqətini yüksək dəyərləndirirlər. Rayonda çox sağlam ab-hava hökm sürür. Prezident seçkilərinə həvəslə, ruh yüksəkliyi ilə hazırlıq görülür. Son vaxtlarda qəsəbə kəndlərdə keçirilən çoxsaylı görüşlər səyyar qəbullar zamanı bir daha bu ümumxalq məhəbbətinin şahidi olduq. Sakinlər deyirlər ki, biz həmişə, hər işdə dövlət başçısı İlham Əliyevi dəstəkləyir qarşıdakı seçkilərdə hamımız ona səs verəcəyik.

Bir sözlə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Qazax rayonu aybaay, ilbəil gözəlləşir, tanınmaz olur. Bu yaxınlarda qərb bölgəsinə səfəri zamanı Prezident İlham Əliyev bu yerlərdə görülən işlərə yüksək qiymət verərək demişdir: "Mən çox şadam ki, Qazax rayonunda işlər yaxşı gedir. Mən son 10 il ərzində dəfələrlə Qazaxda olmuşam. Keçən il olmuşam bundan sonra da olacağam. Çünki hələ görüləsi işlər çoxdur, hələ çoxlu müəssisələr, sosial obyetlər tikiləcək, kəndlərdə böyük quruculuq işləri aparılacaqdır. Bir sözlə, rayonun inkişafı müsbətdir, gələcək inkişafı şübhə doğurmur. Əminəm ki, rayon dinamik  şəkildə inkişaf edəcəkdir".

 

Əhməd İSAYEV

 

Azərbaycan. - 2013.- 3 avqust.- S. 4.