«ASAN xidmət» Qəbələdə

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, "ASAN xidmət" mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməkdə davam edirlər.

Artıq Quba şəhərində Quba, QusarXaçmaz, Şirvan şəhərində Şirvan və Hacıqabul, Sabirabad rayonunda Sabirabad və Saatlı, Şamaxı şəhərində Şamaxı, QobustanAğsu, Salyan rayonunda SalyanNeftçala, İsmayıllı rayonunda İsmayıllı, Astara rayonunda isə Astara rayonunun sakinlərinə "ASAN Səyyar xidmət" göstərilmişdir.

Azərbaycan Respublikasının  Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzərTAc-a bildirmişlər ki,  avqustun  1-dən Qəbələ rayonunun ümumi sayı 100000-dən çox olan sakini "ASAN Səyyar xidmət"dən yararlanmağa başlamışdır.

Avqustun 15-dək davam edəcək səyyar xidmətlər Azərbaycan Respublikasının Ədliyyə və Daxili İşlər nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

"ASAN Səyyar xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeniinnovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

 

Azərbaycan. - 2013.- 3 avqust.- S. 4.