9 oktyabr
2013-cü ilin Azərbaycan Respublikası Prezidentinin seçkiləri günü
elan olunması barədə Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar
№ 8/64
Azərbaycan
Respublikasının Prezidenti
seçkilərinin əsasları
Azərbaycan Respublikası
Konstitusiyasının 100-102-ci maddələri ilə, seçkilərin təyin
edilməsi qaydası və müddəti Azərbaycan Respublikasının
Seçki Məcəlləsi
ilə müəyyən
edilmişdir.
Konstitusiyanın 101.1-ci
maddəsinə əsasən,
Azərbaycan Respublikası
Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi
və gizli səsvermə yolu ilə 5 il
müddətinə seçilir.
Azərbaycan
Respublikası Seçki Məcəlləsinin
178.1-ci maddəsinə görə Prezidentin
Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddətinin başa çatdığı son
ilin oktyabr
ayının üçüncü həftəsinin
çərşənbə günü seçki günü hesab olunur.
Azərbaycan Respublikasında sonuncu prezident seçkiləri
2008-ci il oktyabrın
15-də keçirildiyindən və fəaliyyətdə
olan Azərbaycan Respublikası Prezidentinin
5 illik səlahiyyət
müddəti başa
çatmaqda olduğundan,
növbəti prezident
seçkiləri 2013-cü il oktyabrın 16-na təsadüf edir.
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 8.2-ci maddəsinə
əsasən səsvermə günü seçki (referendum)
keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü Azərbaycan Respublikasının
Əmək Məcəlləsinə görə ümumxalq hüzn və ya iş günü
hesab edilməyən bayram
gününə düşərsə (Azərbaycan
Respublikası Konstitusiyasının 84-cü maddəsinin II
hissəsində nəzərdə tutulan hal istisna olmaqla),
səsvermə, səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir.
Azərbaycan
Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin
1-ci, 2-ci və 4-cü bəndlərinə əsasən, Qurban bayramı iş günü hesab edilməyən
bayramdır və həmin bayramın keçiriləcəyi
günlər növbəti il üçün dekabr
ayının sonunadək Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən elan
olunur.
Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin
12 dekabr 2012-ci li tarixli, 309 saylı qərarına əsasən,
2013-cü ildə 15 və 16 oktyabr Qurban bayramıdır.
Ona görə
də yuxarıda göstərilənlər əsas
götürülərək Azərbaycan Pespublikasında
növbəti prezident seçkiləri günü cari ilin oktyabr ayının iş günü hesab edilən digər gününə
keçirilməklə qanunvericiliklə müəyyən olunmuş qaydada elan edilməlidir. Mərkəzi Seçki
Komissiyası 2013-cü ilin oktyabr ayının 9-unu növbəti prezident seçkiləri günü
elan etməyi məqsədə müvafiq sayır.
Azərbaycan
Respublikası Seçki Məcəlləsinin
178.2-ci və 178.3-cü maddələrinə əsasən, Azərbaycan
Respublikasının Prezidenti seçkilərinin
keçirilməsi günü Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının qərarı ilə elan
edilərək ən geci 2 gün
müddətində dərc
edilməlidir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası yuxarıda qeyd edilənləri
əsas götürərək, Azərbaycan Respublikası
Konstitusiyasının 100-102-ci və Azərbaycan
Respublikası Seçki Məcəlləsinin
8-ci, 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 177-ci və 178-ci maddələrinə uyğun olaraq qərara alır:
1. 9 oktyabr
2013-cü il Azərbaycan Respublikası Prezidentinin seçkiləri günü
elan edilsin.
2. Qərar qəbul edildiyi gündən ən geci
2 gün müddətində dərc edilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
02.08.2013-cü
il
Azərbaycan. - 2013.- 3 avqust.- S. 3.