2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Mərkəzi Seçki Komissiyasının nəzdində işçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 8/67

 

 

2013-cü il okyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə namizədlərin qeydə alınması üçün imza vərəqələri onlara əlavə edilmiş lazımi sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən sonra, qanunvericiliklə müəyyən olunmuş qaydada müddətdə araşdırma aparıldıqdan sonra, komissiyanın nəzdində fəaliyyət göstərən xüsusi biliklərə malik mütəxəssislərdən ibarət tərkibdə yaradılmış işçi qrupunun rəyi nəzərə alınmaqla namizədliyin qeydə alınıb-alınmaması məsələsi həll olunmalıdır.

Ona görə imza vərəqələrindəki imzaların düzgünlüyünü müvafiq məlumatları yoxlamaq məqsədilə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının nəzdində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Azərbaycan Respublikası Hesablama Palatasının mütəxəssisləri sırasından ekspertlər daxil edilməklə müvafiq işçi qrupu yaradılmalı, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının həlledici səs hüquqlu üzvlərindən biri qrupa rəhbər təyin edilməlidir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2,  28.4 və 59.2-ci maddələrinə əsasən qərara alır:

 

1. 2013-cü il okyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə namizədin qeydə alınması üçün təqdim edilmiş imza vərəqələrində olan imzaların və digər məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Hesablama Palatasının mütəxəssisləri sırasından ekspertərdən ibarət işçi qrupu yaradılsın.

 

2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü İlham Sabir oğlu Məmmədov İşçi qrupunun rəhbəri təyin edilsin.

 

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

 

Sədr        Məzahir Pənahov

 

Katib       Arifə Muxtarova

 

Katib       Mikayıl Rəhimov

 

 

 

02.08.2013-cü il

 

Azərbaycan. - 2013.- 3 avqust.- S. 3.