Daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar namizədlərin sıra baxışı keçirilmişdir

 

Avqustun 2-də Çevik Polis Alayında daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) baş idarə, idarə və ərazi polis orqanlarından göndərilmiş namizədlərin sıra baxışı keçirilmişdir.

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirdə iştirak etmişdir.

DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir 643 nəfərin düzüldüyü ayrı-ayrı kalonları gəzmiş, namizədlərin zahiri görünüşü, fiziki hazırlığının vəziyyəti, bilik səviyyəsi ilə maraqlanmış, bəzi irad və tövsiyələrini bildirmişdir.

Ramil Usubov ümumən sıra baxışından, namizədlərin hazırlıq səviyyəsindən razı qaldığını demişdir. Tələb olunan parametrlərə uyğun gəlməyən 18 nəfər sıra baxışından kənarlaşdırılmışdır.

Xidmətə qəbul olunacaq namizədlərə gələcək çətin, eyni zamanda, şərəfli fəaliyyətlərində uğurlar arzulayan daxili işlər naziri əmin olduğunu bildirmişdir ki, onlar Azərbaycan polisinin ən yaxşı ənənələrini davam etdirərək qanunvericiliklə üzərlərinə düşən vəzifələri və Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün tapşırıqları yüksək məsuliyyətlə yerinə yetirəcək, Vətənə və xalqa sədaqətlə xidmət edəcək, sabitliyin etibarlı təminində, əmin-amanlığın nümunəvi qorunmasında səylərini əsirgəməyəcəklər.

 

Azərbaycan. - 2013.- 3 avqust.- S. 3.