Respublika Prokurorluğu
ölkədə ictimai-siyasi sabitliyin qorunması və cinayətkarlığa
qarşı mübarizənin gücləndirilməsi sahəsində
zəruri tədbirlər görmüşdür
Avqustun 2-də Azərbaycan
Respublikası Baş Prokurorluğunda
prokurorluq orqanları tərəfindən
2013-cü ilin birinci
yarısında "Prokurorluq
haqqında" Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri
üzrə görülmüş işlərin
vəziyyətinə və bu məsələnin
bölgə müşavirələrində müzakirələrinin nəticələrinə
həsr olunmuş geniş
əməliyyat müşavirəsi keçirilmişdir.
AzərTAc xəbər
verir ki, məruzə
ilə çıxış edən baş
prokuror Zakir Qaralov bildirmişdir ki, cari ilin
birinci yarısında ölkə həyatının
bütün sahələrində dinamik inkişaf yüksək
templərlə davam etmiş,
respublikamızın iqtisadi qüdrətinin
daha da möhkəmləndirilməsinə,
bütövlükdə Azərbaycanın və onun hər bir regionunun hərtərəfli sosial-iqtisadi
inkişafına, əhalinin layiqli həyat
səviyyəsinin təmin edilməsinə istiqamətləndirilmiş
siyasət öz müsbət nəticələrini
vermişdir. Əldə edilən nailiyyətlərin
əsasını xalqımızın ümummilli
lideri Heydər Əliyevin müəyyənləşdirdiyi
strateji xəttə uyğun
olaraq, müasir şəraitdə
Prezident İlham
Əliyevin rəhbərliyi altında həyata keçirilən
daxili və xarici siyasət
tədbirləri təşkil etmişdir.
Dövlət
başçısının iyulun 18-də
Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının
sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş
iclasında toxunduğu məsələləri
diqqətə çatdıran baş prokuror dünyanın əksər ölkələrində
ciddi iqtisadi problemlərin
yaşandığı bir şəraitdə Azərbaycan
iqtisadiyyatının çoxşaxəli inkişaf
etdiyini, qarşıya qoyulmuş
vəzifələrin müvəffəqiyyətlə icra olunduğunu, gələcəkdə
iqtisadiyyatın neft amilindən
asılılığının azaldılmasını təmin
edəcək sahələrin artan templə
inkişaf etdiyini xüsusi vurğulamışdır.
Qeyd edilmişdir ki, Azərbaycan
Respublikasının BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi, Dünya
İqtisadi Forumuna (Davos Forumu), İkinci Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumuna və digər
əhəmiyyətli tədbirlərə ev
sahibliyi etməsi, Azərbaycanın süni peyki olan ölkələr sırasına
daxil olması, həmçinin ölkədə
aparılan islahatların nüfuzlu beynəlxalq
maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilməsi
Azərbaycanda həyata keçirilən sürətli sosial-iqtisadi inkişafın, vətəndaşların
sosial rifahının ilbəil daha da
yaxşılaşmasının, dünya standartlarına uyğun
müasir dövlətin və vətəndaş
cəmiyyətinin qurulması zəminində
reallaşdırılan, beynəlxalq sülhün
və təhlükəsizliyin saxlanmasına və möhkəmlənməsinə
nail olmağa yönəlmiş
xarici siyasətin nəticəsində mümkün olmuşdur.
Bildirilmişdir ki, hesabat dövründə
Azərbaycan Respublikası Prokurorluğu tərəfindən
digər hüquq-mühafizə orqanları, ilk
növbədə Daxili İşlər Nazirliyi ilə əlaqəli şəkildə
ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa
qarşı mübarizənin daha da gücləndirilməsi, dövlət
müstəqilliyinin, insan və vətəndaş
hüquq və azadlıqlarının
müdafiəsi sahəsində zəruri tədbirlər görülmüşdür. 2000-ci ilin aprelindən başlayan
hərtərəfli islahatlar prosesi yeni müstəvidə
davam etdirilmiş, fəaliyyət
istiqamətləri üzrə işin səmərəliliyinin
artırılması, çatışmazlıqların aradan qaldırılması üçün
məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Hesabat
dövründə prokurorluq
orqanlarının bütün səyləri
"Azərbaycan Respublikası Prokurorluğunun
fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün
Dövlət Proqramı"nın icrasına istiqamətləndirilmişdir.
Dövlət Proqramında nəzərdə tutulan
tədbirlərin müəyyən edilmiş
müddətlərdə və keyfiyyətli icrası məqsədi
ilə konkret tapşırıqlar verilmişdir.
Cari ilin birinci yarısında daxili işlər orqanları ilə
qarşılıqlı əlaqəli birgə fəaliyyət
nəticəsində kriminogen durumun daha da
sabitləşməsinə, cinayətkarlığa
qarşı mübarizənin səmərəliliyinə təsir
edən mənfi təzahürlərin aradan
qaldırılması istiqamətində məqsədyönlü işlər
görülmüşdür. Hesabat dövründə respublikada
qeydə alınmış 10 min 929 cinayətin
86,9 faizinin açılması təmin edilmişdir.
Cinayətkarlıqla
mübarizə sahəsində əsas diqqətin artım meyli müşahidə olunan
cinayətlərin profilaktikası istiqamətində həyata
keçirilən qabaqlayıcı tədbirlərin səmərəliliyinin
yüksəldilməsinə yönəldilməsi, Daxili İşlər Nazirliyinin
müvafiq qurumları ilə əlaqəli
şəkildə hər bir ərazi vahidi
üzrə bu istiqamətdə
zəruri tədbirlərin görülməsi, 2013-cü ilin birinci
yarısının yekunlarına görə və əvvəlki
illərdən bağlı qalmış bütün
cinayətlər üzrə istintaq və əməliyyat-axtarış
tədbirlərinin intensivliyinin
artırılması, cəzanın labüdlüyü
prinsipinin təmin olunması,
o cümlədən qəsdən
adamöldürmə hadisələri ilə əlaqədar
Bakı şəhərinin Nərimanov, Yasamal,
Binəqədi, həmçinin Yevlax və
Neftçala rayonlarının hər
birində bir bağlı cinayətin
açılması üçün bütün imkanlardan
istifadə olunması barədə tapşırıqlar verilmişdir.
Baş prokuror hesabat
dövründə mütəşəkkil cinayətkarlığın
təhlükəli təzahürü kimi
korrupsiyaya qarşı kəsərli və
yüksələn xətlə mütəmadi mübarizənin
təşkili məsələsinin Azərbaycan Respublikası Prokurorluğunun qarşısında duran mühüm vəzifələrdən biri
olduğunu xüsusi
vurğulamışdır. Dövlət
başçısı İlham
Əliyevin siyasi iradəsinə müvafiq olaraq, ölkə
səviyyəsində həyata keçirilən tədbirlər
nəticəsində fəaliyyəti daha da müasirləşdirilən,
ixtisaslaşmış cinayət təqibi orqanı kimi səlahiyyətləri, ştat
tərkibi artırılmaqla strukturu təkmilləşdirilən,
işçilərinin sosial müdafiəsi
əhəmiyyətli dərəcədə gücləndirilən
Baş Prokuror
yanında Korrupsiyaya Qarşı Mübarizə
İdarəsinin fəaliyyəti daha səmərəli
və çevik olmuşdur.
Korrupsiyaya qarşı mübarizənin
gücləndirilməsi istiqamətində idarə tərəfindən
konkret zəruri tədbirlər həyata keçirilmişdir. Baş Prokuror
yanında Korrupsiyaya Qarşı
Mübarizə İdarəsi tərəfindən cari ilin birinci
yarımilində 200 şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq
baxılması üçün aidiyyəti
məhkəmələrə göndərilmişdir. "161 -
Qaynar xətt" əlaqə mərkəzinə
daxil olmuş 3237
müraciətin 14-ü üzrə Cinayət Məcəlləsinin
müxtəlif maddələri ilə cinayət işləri başlanmaqla istintaq
aparılmış, onlardan 4-ü üzrə
ibtidai istintaq
yekunlaşdırılaraq baxılması üçün
aidiyyəti məhkəmələrə göndərilmişdir.
Baş Prokurorluğun əlaqədar struktur
qurumları və bütün tabe prokurorluqlar, ilk növbədə, Baş
Prokuror yanında Korrupsiyaya
Qarşı Mübarizə İdarəsi tərəfindən korrupsiya hallarına qarşı mübarizənin
gücləndirilməsi, bu mənfi təzahürlərin
qarşısının alınması və onları doğuran səbəblərin
aradan qaldırılması istiqamətində
zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar
verilmişdir.
"Dövlət
və bələdiyyə əmlakının və vəsaitlərinin
idarə olunması sahəsində korrupsiya
ilə əlaqədar hüquqpozmalara
qarşı mübarizənin gücləndirilməsi
haqqında" Azərbaycan Prezidentinin
2009-cu il 22 iyun tarixli fərmanının icrası ilə əlaqədar
prokurorluq orqanlarının vəzifələrini
müəyyənləşdirən
Respublika Prokurorluğu
üzrə müvafiq əmrin icrası
istiqamətində bir sıra tədbirlər
həyata keçirilmişdir. Daxil olmuş bütün müraciətlər üzrə
mütəxəssislər cəlb edilmiş,
onların iştirakı barədə qərarlar qəbul olunmaqla yoxlamalar
aparılmış və 2 cinayət işi
başlanmışdır. Dövlət və bələdiyyə
əmlakının və vəsaitlərinin idarə
olunması sahəsində korrupsiya
hüquqpozmalarına qarşı mübarizənin gücləndirilməsi,
keçirilən yoxlamaların ciddi nəzarətə
götürülməklə şəffaflığın təmin
edilməsi barədə əlaqədar qurumlara
və tabe prokurorlara konkret tapşırıqlar verilmişdir.
Əməliyyat
müşavirəsində qeyd edilmişdir ki, 2013-cü ilin birinci yarımilində
istintaq işi və ibtidai araşdırmaya prosessual
rəhbərliyin səmərəliliyinin
artırılması, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində
görülən tədbirlər də müsbət nəticələrini
vermiş, istintaq fəaliyyətini
həyata keçirən prokurorluq
orqanlarının, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə,
Vergilər və Fövqəladə Hallar
nazirlikləri, Dövlət Gömrük
Komitəsi və Dövlət Sərhəd Xidmətinin müvafiq qurumlarının fəaliyyəti
daha da səmərəli
olmuşdur. Həmin qurumlar
tərəfindən 4 min 647 cinayət işinin istintaqı yekunlaşdırılaraq
baxılması üçün aidiyyəti
məhkəmələrə göndərilmişdir. Peşəkar
istintaq və əməliyyat-axtarış
tədbirləri nəticəsində keçmiş
illərdə törədilməklə uzun
müddət ərzində bağlı qalan
bir sıra ağır və xüsusilə
ağır cinayətlərin açılması təmin edilmişdir.
Hesabat
dövründə Baş Prokurorluğun
Elm-Tədris Mərkəzinin səmərəli fəaliyyəti
nəticəsində "İmtahan" informasiya sisteminin
yaradılması və onun vasitəsilə
prokurorluq əməkdaşlarının nəzəri
bilik və peşə
hazırlığı səviyyəsinin test
üsulu ilə yoxlanılmasının əhəmiyyəti
xüsusi vurğulanmışdır. Yeni informasiya texnologiyalarının hərtərəfli
tətbiqi və "Elektron hökumət"
layihəsi çərçivəsində prokurorluq
orqanlarında elektron sənəd
dövriyyəsi sisteminin tam
fəaliyyət göstərməsi istiqamətində həyata
keçirilən işlər barədə məlumat verilmişdir.
Bildirilmişdir ki, respublikamızda uğurla
reallaşdırılan dövlət gənclər siyasətinə
və ölkə həyatının bütün
sahələrində gənclərin əməyindən hərtərəfli
istifadə olunması barədə dövlət
başçısının verdiyi
tapşırıqlara müvafiq olaraq Azərbaycan Prezidentinin 2001-ci il 19 iyul tarixli
fərmanı ilə təsdiq edilmiş
"Prokurorluğa işə qəbul olunmaq üçün
namizədlərlə müsabiqə keçirilməsi
qaydaları haqqında" Əsasnaməyə uyğun prokurorluq
orqanlarında müsabiqə yolu ilə
işə qəbulun həyata keçirilməsi kadr korpusunun şəffaf prosedurlar əsasında
formalaşmasının ən demokratik yolu kimi müsbət nəticələrini vermişdir. 2002-ci ildən başlayaraq
keçirilən müsabiqələr nəticəsində
işə qəbul edilmiş 546 gənc
mütəxəssis hazırda prokurorluq
işçilərinin ümumi
sayının 52 faizdən çoxunu təşkil
edir. Müsbət hal kimi qeyd
edilmişdir ki,
müsabiqə yolu ilə ilkin
qəbulların nəticələrinə görə prokurorluqda qulluğa qəbul
olunmaqla fəaliyyətləri
dövründə xidməti vəzifələrinə
vicdanlı münasibətləri və peşə
hazırlığı səviyyəsinə görə
seçilən bir çox
gənc mütəxəssis vəzifədə irəli çəkilərək
Baş Prokurorluğun
şöbə rəisi, rayon prokuroru və digər vəzifələrə
təyinatlar almışdır.
Əldə edilmiş müsbət iş
göstəriciləri ilə yanaşı, məhkəmələr
tərəfindən bir sıra cinayət
işlərinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən
prokurorlara qaytarılması, müstəntiqlər
və prokurorlar barəsində xüsusi qərarların
çıxarılması
hallarının mövcudluğu
bu fəaliyyət istiqaməti üzrə
qüsur kimi dəyərləndirilməklə,
onların aradan qaldırılması,
cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar
insan hüquq və
azadlıqlarının real təmini üçün zəruri tədbirlərin
görülməsi, mövcud nəzarət
mexanizminin daha da təkmilləşdirilməsi barədə
tapşırıqlar verilmişdir.
Bildirilmişdir ki, hesabat dövründə
xidməti, icra və əmək
intizamının daha da
möhkəmləndirilməsi diqqət mərkəzində olmuşdur. 2013-cü ilin birinci yarısında 17 prokurorluq
işçisi
xidməti və icra intizamını
pozduğuna görə intizam
məsuliyyətinə cəlb edilmişdir. Bütün struktur
qurumların rəhbərlərinin, rayon və
şəhər prokurorlarından ilk
növbədə xidməti, icra və əmək
intizamının möhkəmləndirilməsi,
tapşırılan işə görə əməkdaşların
məsuliyyət hissinin və mənfi təzahürlərə
münasibətdə prinsipiallığın
artırılması üçün ən
qəti tədbirlər görülməsi tələb olunmuşdur.
Prezident İlham Əliyevin dövlət qurumları tərəfindən
vətəndaşların qəbulu, onların müraciətlərinə
qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin
olunması ilə bağlı tapşırıqlarının
prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanıldığı xüsusi vurğulanmışdır. Bu sahədə işlərin təkmilləşdirilməsi
məqsədi ilə bir sıra tədbirlərin
həyata keçirildiyi, Müraciətlərə
baxılması idarəsinin kadr tərkibinin
yeniləşdirildiyi diqqətə
çatdırılmışdır. Eyni zamanda,
müraciətlər üzrə natamam və
qeyri-obyektiv yoxlamalar
aparılması, süründürməçilik hallarına
yol verilməsi, əsassız qərarlar qəbul
edilməsi, vətəndaşların müraciətlərinə
formal və səthi cavabların verilməsi,
qəbulların keçirilməsi qaydalarının
pozulması kimi çatışmazlıqların hələ də mövcud
olduğu nəzərə alınaraq, bütün struktur
qurumların rəhbərlərindən və tabe
prokurorlardan bu sahədə
mənfi halların tezliklə aradan
qaldırılması, yeni informasiya
texnologiyalarının imkanlarından daha geniş istifadə edilməsi tələb olunmuşdur.
Diqqətə
çatdırılmışdır ki, prokurorluq orqanları tərəfindən
2013-cü ilin birinci
yarısında görülmüş
işlərin vəziyyəti bölgələr üzrə
keçirilən əməliyyat müşavirələrində
müzakirə edilmiş, baş
prokurorun müavinləri, kollegiya
üzvlərinin sədrliyi və tabe
şəhər
və rayon
prokurorluqlarının bütün əməkdaşlarının
iştirakı ilə Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində,
İsmayıllı, Tərtər və Masallı
rayonlarında keçirilmiş geniş əməliyyat müşavirələrində
hesabat dövründə görülmüş
işlərin real vəziyyəti, mövcud nöqsanlar və
çatışmazlıqları doğuran
səbəblər hərtərəfli və prinsipial
təhlil edilmişdir.
"Prokurorluq haqqında" Qanunda
nəzərdə tutulmuş fəaliyyət
istiqamətləri üzrə işin səmərəliliyinin
artırılması, tabe struktur
qurumların fəaliyyəti üzərində nəzarətin
daha da təkmilləşdirilməsi
üçün konkret
tədbirlər müəyyənləşdirilmişdir.
Əməliyyat müşavirələrində qaldırılan və
işin səmərəliliyinə mənfi
təsir göstərən problemlərin aradan
qaldırılması və həlli vacib
məsələlərin tənzimlənməsi istiqamətində
qarşıda duran konkret
vəzifələr müəyyənləşdirilmiş və
əlaqədar struktur qurumlarına müvafiq tapşırıqlar verilmişdir.
Əməliyyat
müşavirəsində cari ilin oktyabrında ölkəmizin həyatında
çox mühüm
hadisə olan Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi
ilə əlaqədar digər hüquq-
mühafizə orqanları ilə əlaqəli şəkildə
ölkə ərazisində qanunçuluğa
əməl olunması, ictimai-siyasi sabitliyin qorunması və kriminogen
durumun, xüsusilə dini
ekstremizm və separatçılıq
meyillərinin qarşısının alınmasına yönəldilmiş
qabaqlayıcı tədbirlərin görülməsi ilə
bağlı prokurorluq orqanlarının
qarşısında duran vəzifələr
geniş müzakirə edilmişdir.
Xüsusi qeyd edilmişdir ki, aparılmış rəy
sorğularının nəticələrinə görə, Azərbaycan
Prezidenti İlham
Əliyevin türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda "10 ilin dövlət
adamı", İslam Əməkdaşlığı
Təşkilatı coğrafiyasında "İlin
dövlət başçısı", Böyük Britaniyanın nüfuzlu
jurnalı tərəfindən "İlin
adamı" seçilməsi, ən nəhayət, prezident seçkiləri ilə bağlı ümumrespublika ictimai rəy
sorğusu
iştirakçılarının 81,2 faizinin
seçkilərdə məhz İlham
Əliyevə səs verəcəklərini bildirmələrini
xalqın öz rəhbərinə göstərdiyi
etimadın, inamın, məhəbbətin məntiqi nəticəsidir.
Əməliyyat
müşavirəsində 2013-cü ilin birinci yarısında prokurorluq
orqanları tərəfindən görülmüş
işlər və bu məsələnin
bölgə müşavirələrində müzakirəsinin
nəticələri barədə baş prokurorun birinci müavini Rüstəm Usubovun
məruzəsi dinlənilmişdir.
Müzakirələrdə
çıxış edən baş prokurorun müavini Namiq Əsgərov prokurorluq
işçilərinin nəzəri bilik və
peşə hazırlığı səviyyəsinin
avtomatlaşdırılmış elektron test imtahanı üsulu ilə
yoxlanılmasının nəticələri barədə,
Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi İlqar Cəfərov "Azərbaycan
xalqının ümummilli lideri
Heydər Əliyevin 90 illik yubileyi münasibətlə amnistiya
elan edilməsi haqqında" Milli Məclisin Qərarının icrası ilə
əlaqədar görülən işlər, baş
prokurorun köməkçisi Günay İsmayılova bölgələr
üzrə vətəndaşların müraciətlərinə
baxılması və onların qəbulu ilə əlaqədar
həyata keçirilən tədbirlər barədə
müşavirə iştirakçılarına ətraflı
məlumat vermişlər.
Əməliyyat
müşavirəsində belə bir inam ifadə olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata
keçirilən yeni məzmunlu dövlətçilik
siyasətini hərtərəfli dəstəkləyən prokurorluq orqanlarının kollektivi
müstəqil dövlətçiliyimizin maraqlarının və insan hüquq və
azadlıqlarının müdafiəsini, cinayətkarlığa
qarşı yeni müstəvidə qətiyyətli
mübarizə aparılmasını, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsini,
prokurorluğa dövlət səviyyəsində
göstərilən etimada layiq səviyyədə işin
təşkili üçün səlahiyyət
hədləri daxilində bütün zəruri
tədbirlərin görülməsini təmin edəcəkdir.
Azərbaycan. - 2013.- 3 avqust.- S. 6.