«Yeni Rusiya» Dövlət Simfonik Orkestri V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramını təqdim etmişdir

 

Heydər Əliyev Fondunun ən uğurlu layihələrindən biri kimi bütün dünyaya səs salan V Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla davam edir.

AzərTAc xəbər verir ki, avqustun 2-də festivalın proqramına uyğun olaraq "Yeni Rusiya" Dövlət Simfonik Orkestrinin növbəti konserti olmuşdur.

Xalq artisti, "Şöhrət" ordenli, Prezident təqaüdçüsü Rauf Abdullayevin dirijorluğu ilə baş tutan konsertdə "Yeni Rusiya" Dövlət Simfonik Orkestri klassik rusAvropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirilmişdir.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, xalq artisti, tanınmış pianoçu Murad Adıgözəlzadə orkestrin müşayiəti ilə Ludviq Van Bethovenin "Eqmont" uvertürasını, eləcə də "Yeddinci simfoniya" və digər əsərlərindən parçaları təqdim etmiş, gözəl çıxışı ilə dinləyicilərin qəlbinə yol tapmışdır.

Öz mükəmməl ifası ilə dünyada tanınan "Yeni Rusiya" Dövlət Simfonik Orkestri Azərbaycan tamaşaçılarına və xarici ölkələrdən Qəbələyə gəlmiş turistlərə unudulmaz gecə bəxş etmişdir.

 "Yeni Rusiya Dövlət  Simfonik Orkestri 1990-cı ildə yaradılmışdır. 2010-cu ildə Rusiya Federasiyası Prezidentinin xüsusi mükafatına layiq görülmüş orkestrin bədii rəhbəri Yuri Başmetdir. Y.Başmetin rəhbərliyi dövründə orkestrin fəaliyyətində yeni səhifə açılmış, onun qastrol coğrafiyası və repertuarı genişlənmişdir. Dünyanın bir çox ölkələrində geniş konsert proqramları ilə çıxış edən "Yeni Rusiya" Dövlət Simfonik Orkestri dünya şöhrətli musiqiçilərlə əməkdaşlıq edir.

 

Azərbaycan. - 2013.- 3 avqust.- S. 6.