Azərbaycan nümayəndə heyəti Yunanıstanda başlayan Yay Olimpiya Məktəbində iştirak edir

 

Avqustun 2-də Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Gənclər və İdman Nazirliyinin və Beynəlxalq Olimpiya Akademiyasının birgə təşkilatçılığı ilə Yunanıstanda məşqçi-müəllimlər, fəal gənclər və könüllülər üçün təşkil olunmuş Yay Olimpiya Məktəbi başlamışdır.

AzərTAc xəbər verir ki, proqrama əsasən, tədbirin ilk günündə  məktəbin iştirakçıları Afinada antik dövrdən indiyədək mövcud olan "Akropolius" məbədində olmuşlar. Onlara tarixi tikili barədə ətraflı məlumat verilmişdir.

Sonra iştirakçılar "Yeni Akropolius" muzeyinə gəlmişlər. Ümumilikdə 140-dan artıq eksponatın sərgiləndiyi muzeydə antik Yunanıstan mədəniyyətini özündə əks etdirən tarixi nümunələrlə tanışlıq qonaqlarda xoş təəssürat yaratmışdır.

Yay Olimpiya Məktəbinin iştirakçıları iyulun 3-də Olimpiya şəhərinə yola düşəcəklər.

 

 

 

Səxavət QULİYEV,

AzərTAc-ın müxbiri

 

 

Afina

 

Azərbaycan. - 2013.- 3 avqust.- S. 6.