Havada, quruda, dənizdə...

 

5 avqust Azərbaycan Hərbi Dəniz Qüvvələrinin yarandığı gündür. Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında  qanunda qeyd olunur ki, o, müstəqil ölkə və beynəlxalq hüququn subyekti kimi dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına müvafiq olaraq öz silahlı qüvvələrinə malikdir  Azərbaycan Respublikasının Silahlı Qüvvələri onun suverenliyinə, ərazi bütövlüyünə, toxunulmazlıq və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alınmasına, təcavüz olarsa onun dəf edilməsinə xidmət edir. Qanunda o da qeyd olunur ki,  Azərbaycan Respublikasının Silahlı Qüvvələri quru qoşunlarından, hava hücumundan müdafiə və hərbi-hava, hərbi-dəniz qüvvələrindən ibarətdir.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin təşəkkül tarixi milli ordumuzun inkişafının ayrılmaz bir hissəsidir. 26 iyun Silahlı Qüvvələr Günündə bunun bir daha şahidi olduq. O gün Xəzər dənizinin sahilində, paradın keçirildiyi Azadlıq meydanının yaxınlığında Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinə məxsus 40-dək gəmisi hərbi reyddə sıralanmışdı.

Digər qoşun növləri kimi, Hərbi Dəniz Qüvvələri də məhz ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində  müasir nizami qüvvəyə çevrildi. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin qarşısında Xəzər dənizinin Azərbaycana aid hissəsində  dövlətimizin maraqlarını qorumaq vəzifəsi durur. Hərbi Dəniz Qüvvələri Xəzər dənizinin Azərbaycan sektorunda əlverişli əməliyyat rejiminin saxlanılması üzrə əməliyyat planlarını mütəmadi olaraq təkmilləşdirir, döyüş hazırlığının keyfiyyətini yüksəldir və o,  istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.

Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyinə həsr olunan hərbi parad bir daha göstərdi ki, ordumuz torpaqları işğaldan azad etməyə hazırdır. Bu günə gələn yol isə çox uzaqlardan başlamışdır.

XIX əsrin əvvəllərində itirilən Azərbaycan dövlətçiliyi 1918-ci il 28 mayda Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə yenidən meydana gəldi. O vaxt elan olunan "Azərbaycanın İstiqlal bəyannaməsi"ndə qeyd edilirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti xarici siyasət sahəsində "...beynəlxalq birliyin bütün üzvləri ilə, xüsusilə, həmsərhəd xalqlar və dövlətlərlə dostluq münasibətləri yaratmağa səy göstərəcək", daxili siyasət sahəsində isə "öz sərhədləri hüdudunda bütün vətəndaşlara millətindən, dini etiqadından, ictimai-sosial vəziyyətindən və cinsindən asılı olmayaraq, tam vətəndaşlıq və siyasi hüquqlar verməyi öhdəsinə götürür".

Çox qısa bir dövr ərzində mühüm addımlar atıldı, milli dövlətçilik ənənələrinin qurulması, təhsil, səhiyyə, Azərbaycanın müstəqilliyinin dünyanın aparıcı ölkələri tərəfindən tanınması istiqamətində bir sıra tarixi qərarlar qəbul edildi. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti çox mühüm bir istiqamətə - Milli Silahlı Qüvvələrin yaradılmasına yönəldilmişdi. Bu dövrdə Azərbaycan üçün əsas təhlükə şimaldan - əvvəlki imperiya sərhədlərində "vahid bölünməz Rusiya" ideyası ilə yaşayan müstəmləkəçi general A.İ.Denikinin komandanlıq etdiyi " qvardiyaçılar"dan, cənub-qərbdə isə torpaq iddiasında olan Ermənistandan gəlirdi.

1918-ci il oktyabrın 23-də Müdafiə Nazirliyinin yaradılması haqqında qərar qəbul edilir. İlk dövrdə ona baş nazir F.Xoyski özü rəhbərlik edirdi. 1918-ci ilin 25 dekabrında artilleriya generalı S.Mehmandarov hərb naziri, 29 dekabrda isə general-leytenant Ə.Şıxlinski nazir köməkçisi (müavini) təyin olunur.

Azərbaycan hökumətinin gərgin əməyi nəticəsində artıq 1919-cu ilin sonlarında Azərbaycan Silahlı Qüvvələrinin tərkibində iki piyadabir süvari diviziya yaradıldı, artilleriya briqadası və divizyonu, ehtiyat alayı və batalyonu, digər xüsusi birləşmələr təşkil olundu. İşğalçı XI Qızıl Ordunun kəşfiyyat məlumatına görə o dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin quru silahlı qüvvələrinin ümumi sayı 30 min süngüsilahdan ibarət idi.

Azərbaycan Xalq Cümhuriyyətinin təşkilatçılıq işləri sayəsində Azərbaycanda avqust ayında Hərbi-Dəniz Qüvvələri yaradıldı. Azərbaycan Xəzər Hərbi Donanmasının tərkibinə 75 mm, 100 mm və 120 mm kalibrli toplarla silahlanmış iki kononer gəmisi - "Ərdahan" və "Kars", maddi-təminat və yardımçı "Astrabad", "Göytəpə", "Araz", "Nargin", "Oryol" ticarət, "Puşkin" silahlı gəmiləri, həmçinin çox da böyük olmayan miqdarda katerlər daxil idi. Onu da qeyd etmək lazımdır ki, 1917-ci ildə rus hərbi dəniz donanması texniki cəhətdən ən yaxşı silahlı qüvvələr hesab olunurdu. O vaxt təkcə Xəzər Hərbi Donanmasının 1170 nəfərlik şəxsi heyəti vardı.

Hələ 1918-ci ilin 15 sentyabrında Qafqaz İslam Ordusu Bakını azad edən zaman "sentrokaspi diktaturası" tərəfindən donanmanın əsas gəmiləri - "Kars", "Ərdahan" və "Astrabad" Port-Petrovskiyə (indiki Mahaçqala şəhəri) aparılmış və yalnız noyabr ayının ortalarında ingilislər Bakıya gələndən sonra geri qaytarılmışdır. Britaniya ordusunun komandanı general D.Milin öz məruzəsində qeyd edirdi ki, "...donanmaya gəldikdə isə, onun şəxsi heyəti bolşeviklərə böyük meyil göstərdi, biz onları ələ keçirməyə müvəffəq olduq, gəmilərin ekipajları isə 1919-cu il martın 1-nə kimi buraxıldı. Bu, bütövlükdə çətin və incə əməliyyatı general Tomson Kral Donanmasının sahili qoruma katerlərinin köməyi ilə yerinə yetirdi".

Xəzər dənizində denikinçilərin də güclü hərbi donanması var idi. Denikin şəxsən özü Xəzər dənizində Azərbaycan donanmasının milli bayraqla üzməsinə imkan vermək istəmir,  deyirdi ki, 1828-ci il Türkmənçay müqaviləsinin 7-ci maddəsinə görə Xəzər dənizində yalnız Rusiyanın hərbi donanma saxlamaq hüququ var. Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri M.Y.Cəfərov Denikinin heç bir hüquqi əsasa malik olmayan bu fikirlərini təkzib edərək bildirdi ki, "Rusiyaİran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsinin Azərbaycan üçün hüquqi gücü yoxdur, bunun nəticəsi olaraq Azərbaycan Respublikası öz milli donanmasının yad bayraq altında üzməsinə imkan verə bilməz. Göstərilən tələbə etiraz əlaməti olaraq Sizin nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan donanması öz milli bayrağı altında üzür və üzəcəkdir".

Azərbaycan sularında həmin gəmilər yenə üzür və üzəcəkdir. Artıq Azərbaycanda Hərbi Dəniz Qüvvələri  Silahlı Qüvvələrin xüsusi qoşun növü kimi fəaliyyət göstərir. Azərbaycanın HDQ-nin şəxsi heyətinin sayı 3000 nəfər göstərilir. HDQ tərkibinə su rayonunun mühafizəsi divizionu, desant gəmiləri divizionu, tral divizionu, axtarış-xilasetmə gəmiləri divizionu, təlim gəmiləri divizonu daxil olan əsasən suüstü gəmilər briqadasından ibarətdir. Bundan başqa, yardımçı gəmilər dəstəsi mövcuddur. HDQ tərkibinə həmçinin Bakı ətrafındakı Zığ rayonunda yerləşən dəniz piyada taburuxüsusi təyinatlı diversiya - kəşfiyyat mərkəzi daxildir.

HDQ-nin ən nəhəng gəmisi 1040 tonluq 159A layihəli "Bakılı" keşikçi gəmisidir. Bundan başqa, HDQ-nin balansında 10410 layihəsi əsasında inşa olunmuş qayıq əleyhinə artilleriya kateri, qayıq əleyhinə "Araz" kateri , 205U layihəli raket kateri, 205P tipli 3 kater, 1388R (KRX-1) layihəli keşikçi gəmiləri, 1400M "sərhədçi" layihəli kater, 3 ədəd 12650 layihəli əsas tral (keçmiş BT-16, BT-103, BT-155) və 2 ədəd 1258 layihəli reyd gəmiləri , amfibiya qüvvələri qrupuna 3 ədəd Polşa istehsalı və 2 ədəd 106 və 106L layihəli gəmi, 1785 layihəli desant kateri daxildir. Azərbaycan HDQ-nin yardımçı donanması 20-dən artıq müxtəlif gəmilərdən ibarətdir. Bundan başqa, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə briqadası da mövcuddur. Bu briqadaya ABŞ-ın Sərhəd Mühafizəsi 2001-ci ildə S-201 patrul kateri ("S" seriyalı "Point Brower"), 48 futluq "Silver Shir" tipli 3 patrul kateri bağışlayıb.

Bu gün Azərbaycan HDQ-nin kadr təminatını Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi həyata keçirir. Bu sahədə Azərbaycana Türkiyənin HDQ və onun hərbi mütəxəssisləri kömək göstərirlər. Hazırda AAHDM Amerikanın Sahil Mühafizəsi Akademiyası ilə əməkdaşlıq edir.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev  Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin 5 min nəfərlik şəxsi heyəti, 300-dək hərbi texnikasilah sistemləri, 100-dən çox döyüş təyyarəsi və vertolyot, 40-dək gəminin iştirak etdiyi hərbi paradda çıxışında qeyd etdi ki, ordu quruculuğu bizim üçün ən başlıca, ən prioritet məsələdir. Bu, hər bir ölkə üçün belə olmalıdır. Çünki hər bir ölkə özünü müdafiə etməlidir. Xüsusilə, müharibə şəraitində yaşayan ölkələr üçün bu, çox böyük əhəmiyyətə malik olan məsələdir: "Azərbaycan son illər ərzində hərbi məqsədlər üçün çox böyük vəsait xərcləmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2003-cü ildə bizim hərbi büdcəmiz 163 milyon dollar idi, keçən il bu rəqəm 3,6 milyarda, bu il isə 3,7 milyard dollara çatmışdır. Yəni, bu, özlüyündə onu göstərir ki, ordu quruculuğu prioritet məsələdir. Büdcəmizin ən böyük xərcləri orduya sərf olunur... Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Son 10 il ərzində dünyada iqtisadi inkişaf baxımından Azərbaycan kimi inkişaf edən ikinci ölkə yoxdur. Bu amillər - bir daha demək istəyirəm, tarixi amillər, beynəlxalq hüquq normaları, siyasi amillər və iqtisadi-hərbi gücümüz, - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində, ədalətli həll edilməsində öz sözünü deyəcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Dağlıq Qarabağda, digər işğal edilmiş torpaqlarda, Xankəndidə, Şuşada Azərbaycan bayrağı dalğalanacaqdır".

PS. Britaniyada yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutu "Hərbi Balans 2012" adlı növbəti hesabatını yayıb. Sənəddə qeyd edilir ki, son illər ilk dəfədir ki, Asiya ölkələrinin keçən ilki müdafiə xərcləri Avropa dövlətlərini keçir. Sənədə görə Asiya ölkələri keçən il hərbi sahəyə xərclərini 3,15 faiz artırıblar. Çin, Yaponiya, Hindistan, Cənubi Koreya və Avstraliyanın hərbi xərcləri ümumilikdə regionun bütün müdafiə xərclərinin 80 faizini təşkil edib.

Qeyd olunur ki, Azərbaycanda ordunu şəxsi heyəti 66 940 (quru qoşunları 56 840, hərbi dəniz qüvvələri 2 200, hərbi-hava qüvvələri 7 900), Ermənistanda isə 48 834 nəfərdir (quru qoşunları 45 846, hərbi-hava qüvvələri 2 988). Yarımhərbi qüvvələr ölkələr üzrə müvafiq olaraq 15 000 və 6 694 nəfərdir. Ehtiyat qüvvələri Azərbaycanda bəzi məlumatlara görə 300 min nəfərdir və onlar 15 il ərzində hərbi xidmətə yararlıdırlar. Ermənistanda isə belə qüvvələrin sayı 200 mindir. Azərbaycanda quru qoşunları 56 840 nəfərdir. Buraya 5 korpus baş qərargahı, mexanikləşdirilmiş 23 briqada və 1 təhlükəsizlik briqadası, rabitə, mühəndis, təlim də daxil olmaqla 6 artilleriya briqadası, 1 təchizat briqadası daxildir. Ermənistanda isə quru qoşunları 48 834 nəfərdir. Texnikaya gəlincə, Azərbaycanda əsas döyüş tankları 339, Ermənistanda 110, piyadaların döyüş maşını müvafiq olaraq 111 və 104, zirehli nəqliyyat vasitəsi müvafiq olaraq 357 və 136, artilleriya qurğusu 458 və 239-dur. Bundan başqa, Azərbaycan Ordusunun ixtiyarında antitank, raket, hava hücumundan müdafiə qurğuları, raketlər, radarlars. də var. Hərbi-dəniz qüvvələri Ermənistandan fərqli olaraq Azərbaycanda var.

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan. - 2013.- 4 avqust.- S.1.