Seçicilərin
vaxtından əvvəl səsverməsi qaydalarına dair İZAH
Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının 18 iyun 2013-cü il tarixli 6/51 saylı Qərarı
ilə təsdiq edilmişdir.
Bu İzah Azərbaycan Respublikasında
keçirilən seçkilərdə
(referendumda) (bundan sonra - seçkilərdə)
seçicilərin vaxtından
əvvəl səsverməsinin
təşkili və keçirilməsi qaydalarını
müəyyən etmək
məqsədilə Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin (bundan
sonra - Seçki Məcəlləsi) 46-cı, 104-cü və 106-cı maddələrinə
əsasən hazırlanmışdır.
1. Ümumi
müddəalar
1.1. Seçki Məcəlləsinin
104.4-cü maddəsinə əsasən müvafiq
dairə seçki komissiyaları
seçkilər günü Azərbaycan
Respublikasının Dövlət bayrağı altında
üzən gəmilərdə, yolu
çətin və ya ucqar
yerlərdə səsvermə gününə ən çoxu 10 gün
qalmış səsvermənin keçirilməsinə
icazə verə bilərlər. Bunun üçün dairə seçki
komissiyası müvafiq qərar qəbul edir.
1.2. Azərbaycan
Respublikasının Dövlət bayrağı altında
üzən gəmilərdə vaxtından əvvəl səsvermə
yalnız Azərbaycan Respublikasının Prezidenti
seçkilərində və referendumda keçirilir.
2. Azərbaycan Respublikasının
Dövlət bayrağı altında üzən gəmilərdə,
yolu çətin və ya
ucqar yerlərdə vaxtından əvvəl
səsvermənin keçirilməsi qaydaları
2.1. Bu Təlimatın 1.1-ci bəndində
göstərilən yerlərdə səsvermə gününə
azı 50 gün qalmış, o cümlədən Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının (bundan sonra
- Mərkəzi Seçki Komissiyası)
müəyyənləşdirdiyi müstəsna hallarda səsvermə gününə azı 5 gün
qalmış yaradılmış seçki
məntəqələrində (əgər həmin məntəqələr
bu Təlimatın 1.1-ci bəndində nəzərdə
tutulmuş müddətdən gec yaradılmayıbsa) vaxtından əvvəl
səsvermə keçirilə bilər.
2.2. Səsvermə
günü Azərbaycan
Respublikasının Dövlət bayrağı altında
üzən gəmilərdə yaradılmış seçki məntəqələri üzrə
seçici siyahıları gəmi
kapitanının seçicilər haqqında təqdim etdiyi və məntəqə seçki
komissiyası tərəfindən yoxlanılmış məlumatlar
əsasında həmin komissiya tərəfindən
səsvermə gününə azı 5 gün
qalmış təsdiq edilir.
2.3. Yolu çətin və ya ucqar yerlərdə
yaradılan seçki məntəqələri
üzrə seçici siyahıları məntəqə
seçki komissiyaları tərəfindən
müvafiq icra hakimiyyəti
orqanı və bələdiyyə qurumu
başçılarının seçicilər haqqında
verdikləri məlumatlar əsasında səsvermə gününə
azı 25 gün qalmış, müstəsna
hallarda isə məntəqə seçki komissiyasının
yaradılmasından 2 gün sonra dəqiqləşdirilir.
2.4. Müvafiq dairə seçki komissiyaları səsvermə
gününə ən geci 20 gün qalmışadək Mərkəzi Seçki Komissiyasına müraciət edərək,
yuxarıda göstərilən yerlərdə vaxtından əvvəl
səsvermə keçirilməsi zəruriyyəti barədə
əsaslandırılmış məlumat verməlidir.
2.5. Dairə
seçki komissiyalarının təqdim etdiyi məlumatda vaxtından əvvəl səsvermənin
keçirilməsi nəzərdə tutulan
seçki məntəqələrinin, həmin
məntəqələr üzrə tərtib olunmuş
seçici siyahılarındakı
seçicilərin və səsvermə üçün
zəruri olan seçki
bülletenlərinin sayı göstərilməlidir.
2.6. Dairə seçki komissiyalarnın müraciətinə
Mərkəzi Seçki Komissiyasında
baxılaraq müvafiq qərar qəbul edilir. Göstərilən yerlərdə
vaxtından əvvəl səsvermənin keçirilməsi məqbul
sayıldığı halda, səsvermə
gününə ən geci 12 gün qalmış müvafiq
dairə seçki komissiyasına dairə
seçki komissiyası sədrinin və
katiblərinin iştirakı ilə tərtib olunmuş
akt əsasında lazımi sayda seçki bülleteni verilir. Müstəsna hallarda seçki bülletenlərinin, eləcə də
səsvermənin nəticələri haqqında məntəqə
seçki komissiyası protokolunun
mətni başqa texniki
vasitələrdən istifadə etməklə (radioqram, radioötürücü
və s.) çatdırıla bilər.
2.7. Göstərilən
yerlərdə səsvermə saat 8.00-dan
19.00-a kimi Seçki Məcəlləsinin
104-cü maddəsində nəzərdə tutulmuş
qaydada keçirilir.
2.8. Səsvermə
keçirilmiş seçki
məntəqələrində səsvermə başa
çatdıqdan sonra müvafiq
məntəqə seçki komissiyası
24 saatdan gec olmayaraq səsvermənin nəticələri
haqqında protokolu dairə seçki komissiyasına təqdim edir (çatdırır). Səsvermənin
nəticələri haqqında məlumatların
çatdırılması başqa üsullarla mümkün
olmadıqda, həmin məlumatlar bu Təlimatın
2.6-cı bəndində göstərilən qaydada
ötürülə bilər.
2.9. Seçici
siyahılarına daxil edilmiş
bütün seçicilər səsvermədə
iştirak etdikdə, məntəqə seçki komissiyaları səsvermənin
vaxtından əvvəl qurtarması haqqında məlumat verə
bilərlər.
2.10. Səsvermənin
vaxtından əvvəl keçirildiyi seçki məntəqələri üzrə
müəyyən edilmiş səsvermənin
nəticələrinə dair məlumatlar
müvafiq dairə seçki
komissiyası tərəfindən sonradan ümumi qaydada təşkil
edilmiş səsvermənin nəticələrinə
əlavə edilərək yekun protokola daxil edilir.
3. Yekun
müddəalar
3.1. Bu İzah
qüvvəyə mindiyi gündən Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının 12 iyul 2003-cü il tarixli 11/67 saylı Qərarı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
seçicilərin vaxtından əvvəl səsverməsi
qaydaları haqqında" İzah, 8 yanvar 2009-cu il tarixli 1/4-6 saylı Qərarı ilə təsdiq
edilmiş "Referendumda
seçicilərin vaxtından əvvəl səsverməsi
qaydaları haqqında" İzah
qüvvədən düşmüş hesab edilir.
Azərbaycan. - 2013.- 4 avqust.- S. 3.