Gədəbəy
işıqlı yol üstədir
Gədəbəyin öz iş üslubu var. Otaqlarda, bağlı qapılar arxasında
oturmağı xoşlamırlar. Xüsusən də yay aylarında... Hamı çöldə-çəməndə,
iş başında olur,
hər kəsin konkret
tapşırığı, iş yeri var. Kimi
kartof sahələrinə gedir,
kimi örüşdə mal-qaraya
baş çəkir, kimi körpü, yol çəkilişində, kimi
də tikinti-təmir sahəsində olur. Bütün bu işlər
rayon icra hakimiyyəti
başçısının sərəncamı ilə
yaradılmış operativ qərargah tərəfindən
tənzimlənir.
İcra hakimiyyətinin
başçısı Ramiz Yediyarovla Söyüdlü
kəndinin yanında, Çolpan
çayı üzərində inşa
edilən körpüdə görüşdük.
Qaravəllər avtomobil yolunun
çəkilişindən qayıdıb, mütəxəssislərlə,
ustalarla söhbət edirdi.
Söyüdlü körpüsü Bakı-Şəmkir səmtindən
Gədəbəyə yeganə giriş yolu, bu dağlar
diyarının qapısıdır. Neçə
vaxtdır ki, yararsız hala
düşmüşdü. Dövlət
başçısının göstərişi ilə kifayət
qədər vəsait ayrıldı. İndi
Gəncə 2 saylı körpü tikinti idarəsinin mütəxəssisləri
tərəfindən yenidən qurulur.
Böyük obyektdir.
84 metr uzunluğunda beş aşırımlıdır. İşin xeyli hissəsi
başa çatıb. Son
tamamlama işləri görülür.
Ətrafda genişmiqyaslı abadlıq, quruculuq
işləri aparılır. Ramiz Yediyarov obyektin rayon üçün vacibliyini xüsusi
vurğuladı. İşlərin vaxtında və keyfiyyətlə
başa çatdırılması üçün elə burada
- iş başında, ayaqüstü
operativ yığıncaq keçirilir.
Gədəbəy bir işıqlı yol
üstədir. Prezidentin
tapşırıqları, Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramı sistemli
surətdə yerinə yetirilir.
Baxırsan, hər yanda qızğın iş gedir. Dağlar diyarı əsl tikinti
meydanına bənzəyir. Müxtəlif obyektlər tikilir, içtimai binalar, fərdi evlər, ticarət mərkəzləri...
hərəsi bir-birindən gözəl. Təzəlikcə statistika idarəsi binasının
açılışı oldu. Fövqəladə Hallar Nazirliyi rayon şöbəsi
və Baytarlıq idarəsi üçün
tikilən inzibati binalarda
və onlarca irili-xırdalı obyektlərdə
son tamamlama işləri
gedir. Ölkədə analoqu
olmayan "Aşıq musiqi
məktəbi", kartofsaxlama və
çeşidləmə mərkəzi, süd
emalı sexi, mineral sudoldurma zavodu, Samanlıq
və Arıqıran kəndlərində məktəb
binaları, ən ucqar kəndləri
bürüyən yollar, körpülər,
sərhəd bölgəsinə doğru uzanan qaz xətləri...
Bunların hər biri dağlar
diyarı üçün çox
dəyərli obyektlər sayılır.
Ramiz Yediyarov
deyir ki, körpülərin,
keçidlərin və yolların təmiri bu
yerlərin ən əsas problemidir.
Dövlət başçısı İlham
Əliyevə ürəkdən minnətdarıq ki, hər sahədə olduğu
kimi, bu işdə də
bizə kömək və qayğı göstərir. Prezidentin sərəncamı ilə Gədəbəy-Novosaratovka-Qaravəllər
avtomobil yolu çəkilir.
Uzunluğu 56 kilometrdir,
87 yaşayış məntəqəsini birləşdirəcək.
Miskinli və Şınıx bölgəsində
də yolların təmiri üzrə xeyli
işlər görülüb. Düzyurd-Miskinli bölgəsində altı kilometr yola
qum-çınqıl döşənib. Digər kəndlərdə
də yollar sahmana
salınır. Novosaratovka
kəndindəki Findıqlı çayı üzərində 96 metr uzunluğunda beşaşırımlı körpü tikilib. Bu, onlarla kənd əhalisinin rahatlığı deməkdir.
Gədəbəyin daha önəmli bir problemi qazlaşma ilə
bağlıdır. Dövlət başçısı İlham Əliyev bu yerlərə
səfəri zamanı sərhəd bölgəsinin
qazlaşdırılması üçün
konkret tapşırıq vermişdi.
Prezidentin bu göstərişinə
də layiqincə əməl olunur.
İndiyə kimi Novosaratovka-Böyük
Qaramurad- Şınıx bölgəsində
onlarca yaşayış məntəqəsinə
mavi yanacaq verilib. Sərhəd zonasında
qazlaşdırma işi davam
edir. Hazırda rayonun üç müxtəlif istiqamətində on bir yaşayış məntəqəsinin
- Söyüdlü, Moruqlu,
Çanaqçı, Nərimankənd, Qoşabulaq,
Samanlıq, Pərizamanlı, Totuğlu, Miskinli və Çalburun
kəndlərinin qazlaşdırılması üçün
tədbir görülür.
Rayonun hər sahəsində sistemli surətdə iş
gedir. İqtisadiyyat
yüksəlir, məhsul istehsalı artır, sosial
problemlər ardıcıl həll olunur. Cari ilin altı ayının yekunları və
qarşıda duran vəzifələr
müzakirə olunarkən bu barədə
geniş söhbət getdi.
İcra hakimiyyətinin
başçısı Ramiz Yediyarov Nazirlər Kabinetinin
2013-cü ilin birinci
yarısının yekunlarına həsr olunmuş
iclasda Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr
baxımından rayonun göstəricilərini
ətraflı təhlil etdi, sonra ayrı-ayrı idarə və müəssisə
nümayəndələrinin məlumatları dinlənildi. Yekdilliklə qeyd olundu
ki, gədəbəylilər cari ilin altı
ayını uğurla başa
vurub. Ümumi məhsul
istehsalının həcmi 115 milyon manat olmuşdur ki, bu da
ötən ilin müvafiq
dövründəkinə nisbətən 47 milyon
manat çoxdur.
Bir zaman rentabelsiz sayılan aqrar
sahədə altı ay ərzində 2,2 dəfə
artım qeydə alınmışdır. Bu
il əvvəllər olduğundan
xeyli çox kartof və taxıl gözlənilir.
Maldarlıq sahəsində də uğurlar
göz qabağındadır.
Gəlir, qazanc
artdıqca Gədəbəy əsl tikinti
meydanına bənzəyir. Rayonun mərkəzində
qəsəbə və kəndlərində
genişmiqyaslı abadlıq-quruculuq işləri görülür.
"Yeniləşən Azərbaycana yeni
məktəb" proqramına uyğun olaraq, tədris ocaqlarının böyük əksəriyyəti müasir binalarla təmin olunub. Qoşabulaq, Slavyanka, Novosaratovka kəndlərində
və başqa yerlərdə təzə binalar istifadəyə
verilib.
Hazırda daha bir
neçə kənddə məktəb binalarının
inşası davam edir.
Müasir görkəmli binaların
inşası ilə əlaqədar olaraq
gözəl bir ənənə
yaranmışdır. Hər yerdə məktəb
binalarının səliqəli saxlanılması və tədrisin
keyfiyyətinin yüksəlməsi üçün
baxış-müsabiqələr keçirilir.
Ümumən səliqə-sahmana
və abadlığa Gədəbəy rayonunun
hər yerində xüsusi diqqət yetirilir. Küçə və yolları bəzəyən
istinad divarları gözoxşayan üzlük
materialları ilə bəzədilir. Onlarca
binanın fasadlarına milli memarlıq üslubunda naxışlar çəkilir.
Küçələrə, yollara asfalt döşənir. Hər yerdə
işıq sistemi təzələnir.
Rayonun mərkəzi bazarı
darısqal bir sahədə yerləşir,
antisanitariya hökm sürürdü. Hazırda səfalı bir guşədə yeni bazar kompleksinin
inşası aparılır. Bundan əlavə,
Heydər Əliyev parkında giriş hissəsi
və "Ana" abidə kompleksi yenidən qurulur.
Bir sözlə, Gədəbəydə
qızğın iş gedir.
Dağlar diyarında bir-birindən gərəkli,
bir-birindən yaraşıqlı binalar tikilir. Bu, hələ böyük işlərin
başlanğıcıdır. Yaxın vaxtlarda
Heydər Əliyev Mərkəzinin, Bayraq
meydanının, gənclər evinin və
digər obyektlərin inşası nəzərdə tutulub. Gədəbəydə böyükdən
kiçiyə kimi hamı çox
yaxşı bilir ki, bütün bunlar hər bir regionun inkişafına
xüsusi önəm verən cənab İlham Əliyevin qayğı və diqqətinin
bəhrəsidir. Elə buna görə də
gədəbəylilər ulu öndər
Heydər Əliyevin layiqli
davamçısı olan Prezident
İlham Əliyevin daxili
və xarici siyasətini ürəkdən
bəyənir və onu yekdilliklə dəstəkləyirlər.
Bəli, Gədəbəy
işıqlı yol üstədir. Bu quruculuq yolu,
yüksəliş yolu, Vətənə, torpağa məhəbbət yolu,
dövlətə, dövlətçiliyə sədaqət yoludur.
Əhməd
İSAYEV
Azərbaycan. - 2013.- 4 avqust.- S. 5.