Dövlət dəstəyi
səmərəli fəaliyyətə daha
yaxşı şərait yaradır
Ölkəmizdə
sahibkarlığın inkişafına ayrılan vəsait, kredit və subsidiyalar, həmçinin
digər güzəştlər sahibkarların gələcək
uğurlarını şərtləndirməklə
yanaşı, bu işə həvəs və
bağlılığı daha da artırır.
Regionlarda dövlətin maliyyə
dəstəyindən əlavə, sahibkarlığın
inkişafı üçün
yaradılan şərait, işgüzar mühitin formalaşması da
mühüm əhəmiyyət kəsb edir. Zaqatala Rayon İcra
Hakimiyyətinin başçısı Mübariz
Əhmədzadə söhbət zamanı bildirdi
ki, sahibkarlıq fəaliyyətində məqsəd
təkcə gəlir əldə etmək, mənfəət qazanmaq olmamalıdır, sahibkar
milli mənafeni, xalqa
və Vətənə xidməti işinin
prioritet istiqaməti hesab
etməlidir. Belə olan halda sahibkar üçün daha geniş perspektivlər və imkanlar
yaranır.
Zaqatalada üç
sahibkarla - Abdurəhman Soltanov,
Telman Həsrətov və Gülüzar
Məmmədova ilə tanış olduq,
işləri, fəaliyyətləri ilə maraqlandıq. Hər
üçü zəhmətin nə olduğunu yaxşı bilən, öz sahibkarlıq fəaliyyətləri ilə
Zaqatalaya, zaqatalalılara yararlı olmağa çalışan insanlardır.
Abdurəhman Soltanov 1960-cı ildə rayonun
Suvagil kəndində doğulub.
1982-ci ildə Gəncə Dövlət Pedaqoji
İnstitutunun riyaziyyat
fakültəsini bitirib. Qardaşlarının
kənd təsərrüfatı işlərinə
bağlılıqları, evlərində zəhmətin, torpaqda çalışmağın nə olduğunu yaxşı bilmələri Abdurəhmanın
da həyatında, əmək fəaliyyətində
dönüş yaradıb - 1999-cu ildən
qoyunçuluqla məşğul olmağa başlayıb. Vaxtilə kolxozda birlikdə
çalışdıqları 5-6 nəfərlə
yığışıb qoyunçuluq
üzrə kəndli-fermer təsərrüfatı
yaradıblar. Kolxoz ləğv olunanda paylarına 380 baş
davar düşüb.
Hazırda isə 3100 başdan ibarət
sürüləri var.
A.Soltanov işini
və zəhməti sevən, söhbətcil insandır. Deyir ki, qoyunçuluq
çətin olsa da,
maraqlıdır, həm də xeyir-bərəkəti, mənfəəti
olan sahədir. Hacınohur adlanan
ərazidə qışlaqları var, yayda isə Zaqatala
dağlarına qalxırlar. Təsərrüfatlarında 9 nəfər
çalışır. Satış üçün
əti bazarlara çıxarırlar, südü yalnız pendir
halında satır, yunu Zaqataladan
əlavə, Bakıya, Sumqayıta göndərirlər. Ancaq dediyinə görə, ət
satışından gələn gəlir digər sahələri
üstələyir.
Maraqlıdır ki, bu il
son 30 ildə birinci dəfə
qoyunlar yunu
qırxılmamış dağlara
qalxmalı olublar. Havaların kəskin dəyişməsi
lazımi işi vaxtında görməyə
imkan verməyib. Az qala yazla yay
üst-üstə düşüb.
Dövlətin yüksək
dəstəyindən, rayonda onlar üçün
yaradılan şəraitdən razılıq edən A.Soltanov dedi ki, qoyunçuluqla məşğul
olan fermerlər müəyyən miqdarda arpa da
əkə bilərlər. Dövlət qayğısı olmasa, qoyunları qışdan
çıxarmaq çox çətin olar. Normal fəaliyyət üçün ölkədəki əmin-amanlığı
yüksək qiymətləndirən Abdurəhman gələcəkdə
təsərrüfatı genişləndirmək, əti, südü, yunu ilkin emal edib
satmaq fikrindədir.
Telman Həsrətov keçmiş hərbçidir. Torpağa bağlılığı onu kənd təsərrüfatı sahəsinə
gətirib. Zabit kimi ehtiyata buraxılandan sonra
taxıl toxumçuluğu ilə məşğul
olmağa başlayıb. Hərbçilikdən
gələn dəqiqliyi, işə çevik
münasibəti, eləcə də sadəliyi və səmimiliyi,
işgüzarlığı ilə böyük
hörmət qazanıb. Bunun nəticəsidir
ki, müəyyən bir
çətinliklə bağlı hansısa qapını
döysə, heç vaxt
ümidsiz qayıtmır.
T.Həsrətov 2013-cü
ilin məhsulu üçün
295 hektar sahədə
toxumluq buğda, 56 hektar sahədə arpa əkib.
Səpin üçün Rusiyadan
gətirilmiş "Krasnodar-99", "Tanya",
"Nota" və Azərbaycanın
"Aran", "Şəki-1"
sortlarından istifadə edir. Ümumilikdə
600 hektara yaxın taxıl əkən Telman 20 hektar sahədə
qarğıdalı da becərib.
Taxılın hər hektardan orta məhsuldarlığı 25 sentnerdən
yuxarı olub. Qarğıdalı isə
40 hektardan sentner
gözlənilir.
Ötənilki zəlzələ
zamanı T.Həsrətovun həm evinə, həm də
taxıl anbarlarına ziyan dəymişdi.
Dövlət tərəfindən yeni ev tikilərək təhvil verilib,
anbarların təmirinə tikinti
materialları ilə kömək göstərilib. 500 və
1000 tonluq anbarlar təsərrüfat
üçün çox
əhəmiyyətlidir.
Telman mövsümə uyğun 30 nəfərlə
çiyin-çiyinə çalışır. İlyas Bəkirov, Fikrət Məmmədov, İdris Səfərov, İdris
Əlixanov, İlham Bəkirov
işgüzarlıqları ilə seçilirlər. Bütün kollektiv
çalışır ki, ilbəil
uğurları artırsınlar. Bunun nəticəsidir ki,
satış üçün 1000 tona yaxın yüksək kondisiyalı toxum tədarük görüblər. Əsas
məqsədləri gələn ilin əkin
sahələrini 1000 hektara
çatdırmaq və əkin zamanı növbəlilik
prinsipinə ciddi əməl etməkdir.
Məhsuldarlığa, keyfiyyətə təsir edən amillərdən
biri də məhz budur.
Fermer Gülüzar
Məmmədova "Maqov" özəl toxumçuluq təsərrüfatını
2010-cu ildə yaradıb. Təsərrüfatda 15
nəfərə yaxın işçi
çalışır. Əkin traktoru, kombayn, toxumtəmizləyən və digər texnikalar imkan verir ki, ehtiyac
üçün kiminsə
qapısını döyməsinlər. 500 tonluq
tutumu olan anbar da hələlik yetərli
sayılır.
2012-ci ilin
göstəriciləri ilə maraqlandıq. Öyrəndik ki, 114 hektar buğda sahəsindən 200 ton
məhsul götürülüb. Bu məhsuldan 117 ton II
reproduksiyalı toxum alıblar. 2013-cü ilin məhsulu üçün
isə 174 hektar - əvvəlki ildəkindən
60 hektar çox
taxıl əkilib. Onun da
42 hektarı arpa, qalanı buğdadır.
Müəyyən iqlim çətinliklərinə,
əlverişsiz hava şəraitinə baxmayaraq, 350 ton məhsul
götürüblər - 270 ton buğda, 80 ton arpa. Bu məhsuldan isə
ümumilikdə 300 ton toxum
alacaqları gözlənilir.
G.Məmmədova bildirdi ki, biçindən
sonra yay şumuna hazırlıq görürlər. Gülüzar xanım onu da əlavə etdi ki, oğlu Şamil
Moskvada kənd təsərrüfatı
üzrə ali təhsil alır, ikinci kursdadır. O, qayıdıb gələndən
sonra təsərrüfat işlərinə
yəqin ki, köməyi çox
dəyəcək.
Dövlət dəstəyindən
G.Məmmədova ürəklə danışdı,
razılığını bildirib dedi ki, bu qayğıya görə
fəaliyyətlərini daha da genişləndirməyi
düşünürlər.
Bəli, dövlətin və
Prezident İlham
Əliyevin sahibkarlara, kənd təsərrüfatı
məhsulları istehsalçılarına diqqəti və
qayğısı insanları daha da ruhlandırır, torpaq
və zəhmət adamlarının qarşısında geniş perspektivlər açır. Zaqatalada görüşdüyümüz
fermerlər söhbət əsnasında onu
da vurğuladılar ki,
qarşıdan gələn prezident
seçkilərində yenə İlham
Əliyevə səs verəcəklər:
- Çünki
həm özümüzün, həm də
ölkəmizin daha uğurlu
gələcəyi üçün başqa seçim ola bilməz.
T.NƏZƏRLİ
Azərbaycan. - 2013.- 4 avqust.- S. 5.