Şəkinin kəndləri sürətlə abadlaşır

 

Dövlət dəstəyi sayəsində bölgələrdə həyata keçirilən abadlıq-quruculuq, yenidənqurma işlərinin miqyası getdikcə genişlənir. İndi təkcə rayon mərkəzlərinin deyil, kəndlərin də siması dəyişir. Müasir dövrün tələblərinə uyğun infrastruktur yaradılır, yollar çəkilir, körpülər salınır. Əhalinin qaz, su, işıqla təminatının yaxşılaşdırılması ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

Şəki və onun kəndlərində də əsaslı işlər görülür. İndi Şəkinin mərkəzindən istənilən kəndə rahat gedə bilərsən - yollar abadlaşdırılıb, körpülər salınıb. Onu da qeyd etmək lazımdır ki, kənd yollarının asfaltlaşdırılması yerli sakinlərin həyat şəraitinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayır.

İbrahimkənd Kənd İcra Nümayəndəliyi Fazıl və İbrahimkənd kəndlərini əhatə edir. Fazıl kəndinin 386 nəfər əhalisi, 115 təsərrüfatı var. 186 təsərrüfatı olan İbrahimkənddə isə 716 nəfər yaşayır. Kənd sakinləri əsasən taxılçılıq və heyvandarlıqla məşğul olurlar. Verilən subsidiyalar əhalinin əkinçiliyə olan marağını daha da artırır. Hər kəs çalışır ki, pay torpaqları ilə kifayətlənməsin, əlavə sahələr əksin. Söhbət etdiyimiz kənd sakinlərindən Fərman Məmmədov, Nurməmməd Orucov, İsmayıl Rüstəmov və digərləri dolanışıqlarından razılıqlarını bildirərək vurğuladılar ki, dövlətin dəstəyi əvəzində daha çox çalışmalıdırlar.

Bu, bir həqiqətdir ki, aparılan abadlıq-quruculuq işləri sakinlərin həyatına xeyli rahatlıq gətirib. İcra nümayəndəsi İlqar Məmmədov bildirdi ki, təbii qazın verilməsində uzunmüddətli fasilə yaranmışdı. 2011-ci ilin sentyabr ayından isə fasilələr aradan qaldırılıb və nümayəndəliyin hər iki kəndinə təbii qazın verilməsi bərpa edilib. Həm Fazılın, həm də İbrahimkəndin mərkəzi yollarının asfaltlaşdırılması əhalinin gediş-gəlişini rahatlaşdırıb.

Nümayəndəlikdə tam (İbrahimkənd) və ümumi (Fazıl) orta məktəblər, klub, kitabxanalar, feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Əvvəllər çay sularının uçurtduğu 3 körpü də yenidən qurulub və nəqliyyatın hərəkəti ilə bağlı heç bir çətinlik qalmayıb. Sakinlər əminliklə bildirdilər ki, Fazıl kəndində yeni artezian quyularının qazılması da tezləşdiriləcək. Eyni zamanda, İbrahimkənd tam orta məktəbi üçün yeni binanın tikintisi də planlaşdırılacaq.

Kənddə olarkən Şəki Şəhər İcra Hakimiyyəti ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə şöbəsinin müdiri Rəfael Mənəfovla rastlaşdıq. O bildirdi ki, səyyar qəbullardan əlavə ayrı-ayrı vaxtlarda da kənd sakinləri ilə görüşüb mövcud çətinlikləri və təklifləri ilə maraqlanırlar. Onu da qeyd etdi ki, bu yerlər qədim yaşayış məskənləri olub. Arxeoloji qazıntılar nəticəsində bir çox tarixi faktlar üzə çıxıb və ərazidə "Təpəbaşı Nekropolu" yaradılıb. Bu isə Şəkinin turizm potensialının genişləndirilməsi və gələcəkdə yeni turist marşrutunun açılması deməkdir.

Şəkinin ən qədim kəndlərindən biri də Aşağı Küngüt kəndidir. Sovetlər dönəmində 4 kənd - Aşağı Küngüt, Çapağan, İbrahimkənd və Fazıl kəndləri "Orconikidze" adına kolxozda birləşmişdi.

Alazan-Həftəran vadisində yerləşən Aşağı Küngüt icra nümayəndəliyinə 82 təsərrüfatı, 342 nəfər əhalisi olan Çapağan kəndi də daxildir. Aşağı Küngütün isə əhalisi 1369 nəfər, təsərrüfatının sayı 388-dir. Kənd camaatı taxılçılıq və maldarlıqdan əlavə, tərəvəzçiliklə məşğuldur. Nümayəndəlikdə tamümumi orta məktəblər, mədəniyyət evi, klub, kitabxana, poçt şöbəsi, elektron ATS, uşaq bağçası, həkim məntəqəsi və şadlıq evi fəaliyyət göstərir.

2011-ci ildə Aşağı Küngüt kəndinə təbii qaz verilib və hazırda 224 abonent qazdan istifadə edir. İlin sonuna qədər Çapağan kəndinin də qazlaşdırılması nəzərdə tutulub.

Şəki Şəhər İcra Hakimiyyəti başçısının Aşağı Küngüt üzrə nümayəndəsi Eysan Səfərov bildirdi ki, suvarma və içməli su ilə əlaqədar əvvəlki çətinliklər aradan qaldırılıb. Həmçinin əlavə artezianların qazılması planlaşdırılıb. Son illər Küngüt çayının suyunun azalması bir daha bu sahəyə diqqətin vacibliyini zəruri edir.

Aşağı Küngüt tam orta məktəbin binası ötən əsrin 70-ci illərində tikildiyindən yenidənqurmaya ehtiyacı var. Öyrəndik ki, həm bu məktəbin əsaslı təmiri, həm də Çapağanda ümumi orta məktəb üçün yeni binanın tikintisi regional Dövlət Proqramında nəzərdə tutulub.

 

Söhbət etdiyimiz sakinlər də rahat yolu həm yaşamaq, həm də çalışmaq üçün çox vacib amil saydıqlarını vurğuladılar. Bu sarıdan problemə 2012-ci ildə son qoyulub. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, ayrılan vəsaitlə Şəki-Oğuz magistralından Aşağı Küngüt-Fazıl-İbrahimkənd-Aydınbulaq yolunadək  olan 14 və Aşağı Küngüt-Çapağan-Şəki-Yevlax magistralına qədər olan 11 km-lik yollar yenidən qurulub, Aşağı Küngüt kəndinin 2 km-lik mərkəzi yoluna asfalt döşənib.

Kənddən ayrılarkən küngütlülər bir arzularını da çatdırdılar. Dedilər ki, taxılın, maldarlıq və bağçılıq məhsullarının satışında müəyyən çətinliklər var və kooperativləşməyə keçid məsələlərinə daha çevik baxılması yaxşı olardı. Çünki bu səbəbdən başqa çətinliklər yaranır. Xırda təsərrüfatlar həm əkin-səpində, həm də məhsulun bazara çıxarılmasında əziyyət çəkirlər.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan. - 2013.- 4 avqust.- S. 5.