V Qəbələ Beynəlxalq
Musiqi Festivalı çərçivəsində
növbəti kamera musiqisi
axşamı olmuşdur
Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə böyük uğurla
reallaşdırılan V Qəbələ Beynəlxalq Musiqi Festivalı sona çatmaq üzrədir.
AzərTAc xəbər verir ki, avqustun
3-də festival çərçivəsində
daha bir yaddaqalan konsert proqramı
təqdim edilmişdir.
Kamera musiqisi axşamında müxtəlif nüfuzlu festivalların
iştirakçısı və beynəlxalq müsabiqələrin
laureatı, tanınmış Litva pianoçusu xanım Muza Rubaskite tamaşaçılara klassik
Avropa bəstəkarlarının, o cümlədən Lüdviq
Van Bethovenin "Sonata", Ferents Listin "Venesiya və Neapol", "Danteni
oxuyarkən"
əsərlərini təqdim etmişdir.
Məşhur pianoçunun çıxışı
alqışlarla qarşılanmışdır.
Sankt-Peterburqda
pianoçuların Beynəlxalq müsabiqəsinin qalibi olmuş Muza Rubaskite Avropa, ABŞ, Cənubi Amerika,
Asiyanın bir çox
şəhərlərində geniş konsert proqramları ilə
çıxış etmişdir.
İfaçılıqla yanaşı, Fransanın paytaxtı
Paris şəhərində pedaqoji fəaliyyətlə də məşğul
olan tanınmış pianoçunun
bir sıra məşhur səsyazma şirkətlərində
musiqi albomları işıq üzü görmüşdür.
Muza Rubaskite
ötən əsrin 90-cı illərinin sonlarından
tanınmağa başlamış və hazırda Litvada müasir caz, piano
ifaçılığının ən parlaq
simalarından biridir.
Dünya şöhrətli pianoçu indiyədək bir
sıra mükafatların laureatı olmuş
və çoxsaylı uğurlara imza atmışdır.
Azərbaycan. - 2013.- 4 avqust.- S. 7.