Robert Buşkov: «Azərbaycan xalqının musiqi duyumu və qonaqpərvərliyi çox yüksəkdir»

 

"Azərbaycan xalqının musiqi duyumu və qonaqpərvərliyi çox yüksəkdir. Əminəm ki, növbəti illərdə Qəbələ festivalını izləmək üçün dünyanın hər yerindən daha çox turist bu ecazkar məkana axışacaqdır".

Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, "Yeni Rusiya" Dövlət Simfonik Orkestrinin direktoru Robert Buşkov AzərTAc-a müsahibəsində demişdir.

O, bildirmişdir ki, festivalın ərsəyə gəlməsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Bu möhtəşəm incəsənət bayramında klassik Azərbaycan və Avropanın bəstəkarlarının əsərləri istər Yerusəlim, istərsə də "Yeni Rusiya" simfonik orkestrləri tərəfindən məharətlə səsləndirilmişdir.

Beynəlxalq festivalın paytaxtdan kənarda, əyalətdə keçirilməsini yüksək qiymətləndirən Robert Buşkov bu möhtəşəm incəsənət bayramında müxtəlif mədəniyyətlərin yüksək səviyyədə təmsil olunduğunu xüsusilə vurğulayaraq demişdir: "Qəbələdə artıq beşinci ildir ki, beynəlxalq musiqi festivalı keçirilir. Dörd tərəfi sıx meşəliklə əhatə olunan gözəl dağların ətəyindəki səssizliklə musiqi ritmləri maraqlı bir harmoniya yaradır. Festivala ustad sənətkarlarla yanaşı, yerlixarici gənc musiqiçilərin də cəlb olunması onların gələcək karyerası üçün çox vacibdir".

 

Azərbaycan. - 2013.- 4 avqust.- S. 7.