Ölkədə gülə
tələbat artır, bəs istehsalı necədir?
El şənliklərinin,
bayramların, nişan və toy mərasimlərinin
bəzəyi olan güllərdən həm
də dekorativ işlərdə geniş istifadə olunur. Paytaxtda bağ-bağçaların, istirahət
yerlərinin, turizm mərkəzlərinin
və yol kənarlarının ətrafına
naxış kimi düzülən
çiçəklər insanların zövqünü
oxşayır, şəhəri daha da gözəlləşdirir.
Müşahidələr
göstərir ki, uzun
illər Bakı kəndlərində əsas məşğuliyyət
və gəlir sahələrindən olan gülçülüyün inkişafı bu gün qənaətbəxş
deyil. Müstəqilliyimizin bərpasının
ilk illərində tənəzzülə
məruz qalmış gülçülük
təsərrüfatlarını yenidən bərpa etmək və
onun şöhrətini qaytarmaq
gülçülərin ən böyük
arzusudur. Sovet
dövründə daxili tələbatla bərabər,
İttifaqa daxil olan respublikaları da təmin
edən Abşeron gülləri həm də
gözəl ətri ilə fərqlənib. Bu gün
isə ölkənin mağazalarında satılan güllərin
böyük bir qismi xaricdən gətirilir. Əsasən də,
Hollandiya, Fransa və
Türkiyədən gətirilən bəzək bitkiləri çoxluq təşkil edir
ki, bu da
yerli güllərin satılmasına mənfi
təsir göstərir. Əgər ölkədə gül becərmək üçün
hər cür şərait varsa, niyə kənardan gül
almalıyıq? Bu sahədən gələn
milyonlar niyə xaricə yönəlməlidir?
Şəhərin istənilən
yerində gül mağazalarına rast gəlmək olar və
hər birinin də özünə
görə müştərisi var. Hər
tərəfi gözəl çiçəklərlə bəzədilmiş
mağazaya yaxınlaşanda adam istər-istəməz ətirli dünyaya düşəcəyini düşünür. Lakin
bir azdan bu güllərin heç
də ətirli olmadığı məlum olur.
Çünki mağazalarda
satılan güllərin çoxu xaricdən
gətirilən bəzək bitkiləridir. Onların da tez ərsəyə gəlməsi
və yaxşı görünməsi üçün
istifadə olunan dərmanların qoxusu gülün ətrinə
qarışıb. Elə buna görədir ki, kənardan
gətirilən güllər ətri olmasa
da, gec solur,
uzun müddət rəngini saxlaya bilir.
Satıcı Ələkbər
Talıbzadə mağazasında çoxsaylı gül növü olsa da, əsasən, xarici güllərin
satıldığını deyir:
"Müştərilər daha çox zahiri
görünüşə aldanıb xaricdən gətirilən
gülləri almağa üstünlük
verirlər. Biz də işimizi
buna uyğun qururuq. Əgər gündə orta
hesabla 40 ədəd gül
satırıqsa, bunun 30-dan çoxu
xaricdən gətirilənlərdir". Diqqət çəkən
məqamlardan biri odur ki, 10 manata qədər dəyişən
qiymətlər arasında ən bahalısı xaricdən gətirilən
güllərdir.
Bakı kəndlərində
gülçülüyün zəifləməsinin
bir səbəbi istixanaların
qızdırılması üçün
lazım olan qazın baha
başa gəlməsidir. Bu
da maya dəyərinin
qalxmasına təsir edir. Sərf olunan əməyin müqabilində qazancın
azlığını görən gülçülər bu işdən kənarlaşıb başqa sahələrə üz
tuturlar. Bağçalarda
açıq havada becərilən güllər
isə yalnız ilin bir
fəslində olur. Bu
da gülə olan tələbatı
ödəməyə kifayət etmir və
xarici məhsulların gül
bazarında çoxalmasına şərait yaradır.
Sovet hakimiyyəti illərində
Maştağa, Mərdəkan, Nardaran, Şüvəlan, Bilgəh və Zabratda gülçülük
sovxozları yaradılmışdı. Həyətlərdə
istixanalar qurub gül yetişdirənlər də az deyildi. Odur
ki, həmin vaxtlarda İttifaqa daxil olan respublikalar arasında paytaxt Bakı gül şəhəri
kimi də məşhur idi.
Bu gün isə Abşeronda gülçülük yalnız şəxsi
təsərrüfatlarda, həyətyanı sahələrdədir.
Ötən əsrin 90-cı illərinin əvvəllərində
ölkədə siyasi sabitliyin
pozulması, hakimiyyət uğrunda
aparılan mübarizə gülçülüyə də təsir
göstərdi. Bununla belə, uzun müddət
gülçülüklə məşğul olan insanlar bu sahədən ayrıla bilmədilər və
pay torpaqlarında gülçülüyü
inkişaf etdirməyə
başladılar. Çörəyi güldən
çıxan kəndlilər bu gün də öz peşələrini
davam etdirirlər.
Nardaran kənd sakini
Ağamövsüm Cəlilov kəndlərindəki
gül istixanalarının azalmasından
narahatdır: "Əvvəllər Nardaranda
və digər qonşu kəndlərdə
gülçülük sovxozları var idi. Biz
həm sovxozlarda, həm də öz həyətlərimizdə gül becərməklə dolanırdıq.
Bakı ilə yanaşı, Rusiyanın şəhərlərinə
və digər ölkələrə gül
satmaqla çoxlu gəlir
əldə edirdik. Lakin torpaqlar
insanlar arasında bölünəndən
sonra təəssüf ki,
gülçülük xeyli
gerilədi və insanların bu sahəyə
marağı ildən-ilə azaldı. Müştəriləri
itirdik və xaricdən ölkəyə gətirilən
güllər bazarı "əlimizdən almağa"
başladı".
A.Cəlilov
çıxış yolunu istixanaların
qızdırılması üçün
normal qazın olması və kənd
sakinlərinə güzəştli kreditlərin verilməsində
görür: "Şükürlər olsun ki, son
illər bu istiqamətdə canlanma müşahidə olunur.
Ancaq əlimizdə olan
imkanlara baxanda bu bizim üçün
azdır. Gülçülük təsərrüfatlarını müasir
texnologiya ilə təchiz etmək,
dövlətin dəstəyi ilə kənd təsərrüfatının
digər sahələri kimi, bu sahəni də dirçəltmək mümkündür. Ən azından gülə
olan tələbatımızı özümüz ödəyə bilərik".
Digər gülçü
Mərdəkan sakini Oktay
Quliyev isə gül
becərməyi hər şeydən əvvəl, gözəl zövq işi sayır. O,
bağında onlarca gül
növü yetişdirir:
"Gül becərmək yüksək qulluq, böyük zəhmət
tələb etsə də, insanı heç
vaxt yormur. Hansı
şəraitdə və necə becərilməsindən
asılı olmayaraq, adamın səhhətinə
müsbət təsir edir və onu gördüyü
işdən zövq almağa
səsləyir". O.Quliyev açıq
səma altında çiçək yetişdirməyə üstünlük verir.
Becərdiyi gülləri satış məqsədi ilə
istifadə etməsə də, öz məhsullarından
toylarda, ad günlərində
və şənliklər zamanı dosta-tanışa hədiyyə
edir. Onu da xatırladaq ki, təkcə
Abşeronda yox,
bölgələrdə də gülçülüyün
inkişafı üçün
əlverişli şərait var. Hələ
1970-ci ildə Zaqatala rayonunda
tikilən efir yağları istehsalı zavodu gülçülük
sənayesi üzrə ixtisaslaşmışdı. Burada qızılgülün çiçəklərindən
alınan ətirli efir yağı öz keyfiyyəti ilə məşhur idi. Hazırda rayonun Qazangül qəsəbəsində
yerləşən zavodda tədarük olunan yağın və gül
suyunun istehsalı çox
az miqdarda qalsa da, bu
sahəyə marağı azaltmır. Gülçülər
yeni, müasir,
avtomatlaşdırılmış və kompyuterləşdirilmiş
gül yağı və gül
suyu istehsalı zavodu
tikilməsini istəyirlər.
Qeyd edək ki,
dünyanın bir sıra ölkələrində
gülçülük sektoru
iqtisadiyyatın aparıcı sahələrindən biridir. Gülçülüyün
inkişaf etdiyi Hollandiya, Fransa, İspaniya, İsrail, Belçika və başqa
ölkələr gül məhsullarından
milyardlarla dollar gəlir
əldə edirlər. Bu ölkələrdə
gülçülük perspektivli
sahə sayılır və sənayenin qollarından birini təşkil edir. Dünya bazarında gül
yağının bir kiloqramı 5 min dollardan yuxarı qiymətlə
dəyərləndirilir. Təsadüfi deyil
ki, gülçülüyün
inkişaf etdiyi
Fransız ətirləri bütün dünyada məşhurdur. Eyni
zamanda, bəzək bitkilərinin də
ayrıca sahə kimi ixtisaslaşmasına
xüsusi diqqət yetirilir.
Satıcıların dediklərinə
görə, ölkədə gülə olan
tələbat ildən-ilə artır. Gülçülər
qızılgül, zanbaq, kalivoy,
kala, səhləb çiçəyi, nərgiz
gülü, xrizantema
və digər gül sortları
yetişdirirlər və bu sortların
sayını artırmaqda maraqlıdırlar. Yerli
güllərlə bərabər, alınma güllərin də
ölkəmizdə becərilməsi mümkündür.
Bəzək gülçülüyü
ilə yanaşı, sənaye gülçülüyünü
də inkişaf etdirmək, ölkədə
gül bazarını yerli
məhsullarla təmin etmək qeyri-neft sektorunun inkişafı fonunda olduqca vacibdir. Xatırladaq ki,
ölkədə son 20 ildə neft sektoru ilə
yanaşı, iqtisadiyyatın, kənd təsərrüfatının
hər bir sahəsində əsaslı dəyişiklik,
sürətli inkişaf müşahidə
olunur. Təkcə 2013-cü ilin birinci rübündə
qeyri-neft sektorunun
inkişafı 11,4 faiz təşkil edib. Sahibkarlığa dövlət dəstəyi,
güzəştli kreditlərin verilməsi artıq öz müsbət nəticəsini göstərir.
Respublikada hər il
qeyd olunan Gül bayramı bu bəzək
bitkisinə olan marağı daha da artırır. Abşerondan başqa, Azərbaycanın
digər bölgələrində də gül
yetişdirilməsi üçün şərait
var. Ən azından iqlim
buna imkan verir. Bu sahəyə
sahibkarların marağını artırmaq, onlara
dəstək olmaq, yeni
texnologiyalar tətbiq etməklə gülçülüyün şöhrətini
özünə qaytarmaq mümkündür.
Elnur HADIYEV
Azərbaycan. - 2013.- 4 avqust.- S. 7.