Azərbaycanın ixrac potensialı xeyli artıb

 

Son 10 il ərzində Azərbaycanın ixrac potensialı əhəmiyyətli şəkildə güclənib. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AzPROMO) prezidenti Rüfət Məmmədovun sözlərinə görə, son 10 il ərzində Azərbaycanın xarici ticarət tərəfdaşlarının sayı xeyli artıb və hazırda bu siyahı daha da genişlənir.

"Ölkədə yeni texnoloji infrastrukturun qurulması, standartlara uyğun məhsulların istehsalı, xarici bazarlara ölkə məhsullarının ixracının həcmi artıb. Son 10 ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 8,8, o cümlədən ixrac 11, qeyri-neft ixracı isə 6,5 dəfə artıb. İxracın coğrafiyasına baxsaq, 10 il bundan əvvəl Azərbaycan 80 ölkə ilə ticarət əməliyyatları aparırdısa, hazırda bu rəqəm 155-ə çatıb. Bu, bizim ixrac potensialımızın artmasının nəticəsidir. Artıq bu gün Azərbaycan məhsulları ənənəvi olan bazarlarla yanaşı ABŞ, Avstraliya, Yeni Zelandiyabir çox Şərqi Asiya ölkələrinə göndərilir" deyən R.Məmmədov həmçinin bildirib ki, ixrac potensialının artmasında maarifləndirmə daim vacib rol oynayıb. AzPROMO-nun 10 illik fəaliyyəti dövründə bu istiqamətdə müxtəlif tədbirlər, o cümlədən biznes forumları, sahibkarlar üçün seminar, treninq və təqdimatlar keçirilib: "Əgər 2000-ci illərin əvvəlində bizim sahibkarlar lazımi məlumatların əldə olunmasında çətinlik çəkirdilərsə, bu gün görürük ki, Azərbaycan sahibkarları müxtəlif üsullar vasitəsi ilə məlumatlar əldə edirlər. İxracda bu məlumatlara malik olmaq çox önəmlidir. Bu prosesdə AzPROMO mütəmadi olaraq dəstək göstərir. Bu illər ərzində müxtəlif tədbirlər və sərgilərlə yanaşı çoxsaylı maarifləndirmə tədbirləri həyata keçirilib. Ölkənin ixrac potensialı, investisiya qoyuluşu üzrə məsləhətlərin verilməsi, təlimlərin keçirilməsi, eyni zamanda xarici bazarlar haqqında araşdırmalar aparıb Azərbaycan sahibkarlarına məlumat veririk".

R.Məmmədov əlavə edib ki, hər il olduğu kimi, bu il də ixracatçılar üçün təlimlər keçirilib. Bu ilin sonuna kimi ixracatçılar üçün daha 2-3 təlimin keçirilməsi planlaşdırılır. Bu təlimlərə müxtəlif ölkələrin ekspertləri dəvət olunur ki, öz bilik və bacarıqlarını təlim iştirakçılarına çatdırsınlar.

 

Azərbaycan. - 2013.- 3 avqust.- S. 5.