MÜSTƏQİLLİK
AZƏRBAYCAN XALQININ ƏN BÖYÜK SƏRVƏTİDİR
Bizim nəslimizin ən
böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz müstəqil
dövlətdə yaşayırıq. Bizdən əvvəlki
nəsillər də bu arzularla yaşamışlar. Ancaq bu
arzulara çata bilməmişlər. Bizim xoşbəxtliyimiz
ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan
Respublikasının vətəndaşı kimi
yaşayırıq. Biz bunu qiymətləndirməliyik və
müstəqilliyi hər şeydən üstün
tutmalıyıq.
İlham ƏLİYEV
Müstəqil dövləti
olmaq, müstəqil yaşamaq hər bir xalqın arzusudur. Amma
bu arzunu gerçəkləşdirmək heç də
hamıya qismət olmur. Deyilənə görə, dünyada
dörd mindən çox etnik qrup və millət var.
Onların yalnız 193-ü özünə dövlət qura
bilib. Niyə bu qədər az? Əlbəttə, müstəqil
dövlət yaratmağın şərti çoxdur. Bu şərtlər ərazi, iqtisadiyyat, siyasət və
digər amillərlə bağlıdır. Əsas şərtlərdən
biri isə xalqın müstəqil yaşamaq istəməsi və
buna qadir olmasıdır, suveren dövləti yaşadacaq
görkəmli şəxsiyyətləri və liderləri
yetişdirə bilməsidir. Belə ki, həlledici məqamda
dövlət idarəçiliyini üzərinə götürərək onu müstəqil
şəkildə yaşatmağı və qoruyub
saxlamağı bacaran rəhbərin və kadr
potensialının mövcudluğu mühüm şərtdir!
Ulu öndər Heydər Əliyevin məhşur kəlamı
bu məqamda yerinə düşür: "Müstəqilliyi
qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir".
Tale Azərbaycan xalqına
1918-ci ildə müstəqil dövlətə sahib olmaq
imkanı vermişdi. O dövrdə ölkədə
yaşayan ziyalılar, ictimai-siyasi xadimlər yaranmış
imkanlardan istifadə edərək
müsəlman Şərqində ilk
demokratik respublika qurdular. Azərbaycan parlamenti
yaradıldı, müstəqilliyi möhkəmləndirəcək
və demokratik islahatlara təkan verəcək addımlar
atıldı, qanunlar qəbul edildi. Azərbaycan dünyada
tanınmaq, müstəqil dövlət kimi təqdim olunmaq
üçün müəyyən
təşəbbüslər göstərdi. Lakin... sən
öz saydığını say, gör fələk nə
sayır, - demişlər! Bir yandan ölkə
daxilindəki müxtəlif
siyasi partiyalar arasında gedən mübarizə, digər tərəfdən
dünyada baş verən proseslər Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay
yaşamasına imkan verdi. Şimaldan gələn
qırmızı taun onun varlığına son qoydu!
Yetmiş ildən
artıq müddətdə Azərbaycan on beş müttəfiq
respublikadan biri kimi SSRİ-nin tərkibində
yaşadı. Doğrudur, həmin dövrdə Azərbaycan iqtisadiyyatı, elmi, mədəniyyəti,
təhsili, səhiyyəsi və digər sahələr
inkişaf etdi, xalqın adət-ənənəsi, dili, mənəviyyatı
qorunub saxlandı, yeni kadr potensialı formalaşdı. Amma
bütün bunlar mərkəzdən verilən komanda ilə,
müəyyən çərçivə daxilində və
"icazəli" formada baş tuturdu. Başqa sözlə,
Azərbaycan istədiyini edə, sərbəst şəkildə
beynəlxalq aləmə çıxa, müstəqil qərarlar
qəbul edərək onları
yerinə yetirə bilməzdi. Hər şey Moskvadan idarə
olunur, alınır, bölünür, müəyyənləşdirilir,
ciddi nəzarətdə saxlanılırdı! Müstəqillik
haqqında nəinki danışmaq, onu arzulamaq, hətta bu barədə
düşünmək belə
qorxulu idi! Üç dəfə əlifbamızı məqsədli
şəkildə dəyişməklə bizi
keçmişimizdən, arxiv sənədlərindən
ayrı saldılar, sovet dövrünün prinsipləri əsasında
"yeni tariximizi" yazaraq bizə zorla qəbul
etdirməyə çalışdılar. Çar Rusiyası
dövründə "xalqlar həbsxanası"
adlandırılan ölkəni
SSRİ zamanı "qardaş xalqların könüllü ittifaqı"
kimi qələmə verməyə, millətlərin və
xalqların milli-mental
xüsusiyyətlərini
unutdurmağa, yox etməyə çalışaraq
"sovet xalqı" adı altında "xalqların
tarixi birliyinin yeni formasını" yaratmağa girişdilər.
Azərbaycan Xalq Cümhuriyyəti
barədə danışmaq və yazmaq, o
dövrün ictimai-siyasi xadimlərinin əsərlərini oxuyaraq fikirləri
ilə tanış olmaq, hətta arxivlərdən "Azərbaycan"
qəzetini əldə edib oxumaq belə qadağan edilmişdi.
Azərbaycan xalqı bir
zamanlar müstəqil yaşadığını unutmalı
idi!
Azərbaycan xalqı bir
zamanlar müstəqil dövlət
qurduğunu unutmalı idi!
Azərbaycan xalqı
SSRİ adlı superdövlətdən kənarda
yaşamağı, azad və suveren hüquqlara malik
olmağı ağlına belə gətirməməli idi!
Tarix göstərdi ki,
insanlar həbs, sürgün, repressiya qorxusuna baxmayaraq,
tarixi keçmişlərini
öyrənə, müstəqillik arzusunu ürəklərində
yaşadaraq məqam çatan kimi onu cücərdə bilərmişlər.
Sadəcə, bu qarşısıalınmaz istəyin
gerçəkləşməsinin zamana ehtiyacı
varmış! Qırmızı imperiya laxlayıb
parçalanmağa başlayanda
bu niyyətin həyata
keçirilmə anının çatdığı məlum
oldu. Lakin arzu, istək bir
şeydir, onu reallaşdırmaq isə bambaşqadır!
Əvvəla, imperiyasevər
qüvvələr zəngin təbii sərvətlərə və
əlverişli geosiyasi mövqeyə malik Azərbaycanı əldən
buraxmaq istəmirdilər. Odur ki, köhnə ssenarini işə
salaraq "Dağlıq Qarabağ
problemi" adlı məkrli planın icrasına başladılar.
Torpaqların
işğalına qarşı başlanan etiraz hərəkatı bir qədər
keçmiş, 20 Yanvar faciəsindən sonra milli-azadlıq hərəkatına
çevrildi! Moskvanın riyakar siyasətinə etiraz edən
xalq mərkəzlə bütün
əlaqələri kəsməyi, müstəqil dövlət
yaratmağı tələb edirdi. M.Qorbaçovun "yenidənqurma"
adı ilə başladığı və SSRİ-nin möhkəmlənməsinə xidmət
edən oyunu nəzarətdən çıxaraq
qırmızı imperiyanın süqutuna aparırdı.
Bu mürəkkəb
vəziyyətdə Azərbaycana başçılıq etməyə göndərilən
Ə.Vəzirovun maymaqlığı, onu əvəz edən
A.Mütəllibovun qətiyyətsizliyi və mərkəzə
kölə sədaqətliyi, qarışıqlıqdan istifadə
edərək "meydan qəhrəmanları" titulunu qazanmış
AXC-nin parlament çevrilişi yolu ilə hakimiyyətə
gəlməsi, idarəetmədə
naşılığı və təcrübəsizliyi
Azərbaycanı fəlakət həddinə, bir dövlət
kimi məhvolma astanasına çatdırmışdı.
Ölkə parlamenti tərəfindən 1991-ci 18 oktyabrda ildə
qəbul edilən Dövlət
Müstəqilliyi haqqında Konstitusiya Aktı isə formal xarakter
daşıyırdı. Reallıqda Azərbaycan kiçik
xanlıqlara parçalanaraq bir dövlət kimi dünya xəritəsindən
silinmək təhlükəsi ilə üzbəüz
qalmışdı!
Belə bir məqamda Azərbaycan
xalqı özünün müdrik qərarını qəbul
etdi, sınanmış oğlu, dünya şöhrətli
siyasətçi Heydər Əliyevi yenidən ölkə rəhbərliyinə
dəvət etdi. Xalqın
çağırışına biganə qala bilməyən
ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə
qayıdışı Azərbaycanı
fəlakət və vətəndaş müharibəsi təhlükəsindən,
müstəqilliyin itirilməsindən, habelə Azərbaycan
Xalq Cümhuriyyətinin taleyinin təkrar yaşanmasından
xilas etdi. Böyük zəka və iradə
sahibi olan ümummilli lider Heydər Əliyev qısa zaman kəsiyində
müharibə bölgəsində
atəşkəsə, ölkədə möhkəm və
dönməz sabitlik yaradılmasına, qeyri-qanuni silahlı dəstələrin
ləğvinə, ümummilli böhrana son qoyaraq demokratik
islahatlar yoluna keçirilməsinə nail oldu. 1995-ci il
12 noyabrda baş müəllifi ulu öndər Heydər
Əliyev olan yeni Azərbaycan Konstitusiyası referendum yolu ilə
qəbul edildi, bundan sonra sistemli şəkildə
aparılan demokratik islahatlar sayəsində ölkədə
bazar iqtisadiyyatı münasibətləri bərqərar
edildi.
Ulu önder Heydər
Əliyevin adı təkcə Azərbaycanın müstəqilliyinin xilaskarı kimi yox, həm də
müasir Azərbaycan dövlətinin banisi və qurucusu kimi
tarixə qızıl hərflərlə
yazılmışdır. Azərbaycanın dövlət müstəqilliyini
bütün varlığı ilə sevən və uca tutan
ulu öndər Heydər Əliyev onu daim yüksək qiymətləndirmiş,
"Müstəqillik Azərbaycan xalqının ən
böyük sərvətidir", - demişdir!
Bəli, böyük sərvətdir!
Ancaq bu sərvəti düzgün qiymətləndirməli, qədrini
bilməliyik! Tale hər nəslə müstəqil dövlətdə
yaşamağı, dövlət
quruculuğunda iştirakı qismət etmir. Bəzən
isə müstəqilliyi qazandıqdan sonra qoruyub saxlamaq
mümkün olmur. 1918-1920-ci illərdə xalqımız belə
bir faciə ilə üzləşdi. Nəticədə nəinki
müstəqilliyini, üstəlik, bir sıra
övladlarını da itirdi! Yeni dövlət
quruculuğunda fəal iştirak edən neçə-neçə
ictimai-siyasi və dövlət xadimləri, məmurlar,
onların ailə üzvləri
repressiyalara uğradıldı, ağır və məşəqqətli
ömür sürdülər. Əgər ulu öndər Heydər
Əliyev xalqın arzu və tələbi ilə yenidən
geriyə dönərək müstəqilliyin xilaskarı
missiyasını yerinə yetirməsəydi, Azərbaycan Xalq
Cümhuriyyəti taleyinin təkrar yaşanılacağı
şübhə doğurmurdu.
"Müstəqilliyi
qoruyub saxlamaq, onu əldə etməkdən qat-qat çətindir".
Heydər Əliyevin bu fikri də xaos və
anarxiya dövründən sabitliyə keçid mərhələsində
müdriklik və uzaqgörənliklə söylənilən
fikir kimi real həyatda təsdiqini tapdı. Azərbaycanın
müstəqilliyini istəməyən
ayrı-ayrı dövlətlər, ölkə daxilində
hakimiyyət uğrunda mübarizədə
hər şeyə getməyə hazır olan antimilli qüvvələr
müstəqilliyimiz üçün dəfələrlə
ciddi təhlükə yaratdılar və əgər xalqın
dəstəyi, Heydər Əliyevin ətrafında sıx
birliyi olmasaydı, yəqin ki məqsədlərinə
çatacaqdılar.
Dövlət
başçısı cənab
İlham Əliyevin bu münasibətlə söylədiyi
bir fikri diqqətə çəkmək
istəyirik: "Bizim nəslimizin ən böyük xoşbəxtliyi
ondan ibarətdir ki, biz müstəqil dövlətdə
yaşayırıq. Bizdən əvvəlki
nəsillər də bu arzularla yaşamışlar. Ancaq bu
arzulara çata bilməmişlər. Bizim xoşbəxtliyimiz ondadır ki,
müstəqil, azad dövlətdə Azərbaycan
Respublikasının vətəndaşı
kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və
müstəqilliyi hər şeydən üstün
tutmalıyıq".
Müstəqil olmaq nə
deməkdir? Müstəqillik Azərbaycan xalqına və
dövlətinə nələri verib?
Arxada qoyduğumuz sovet
dövrü ilə müqayisəli şəkildə, paralellər
aparmaqla müstəqilliyin Azərbaycana və Azərbaycan
xalqına nə verdiyini bəzi misallar əsasında göstərməyə
çalışacağıq.
Əvvəlcədən
belə bir vacib məqmı da qeyd edək ki, XI ordu tərəfindən
Azərbaycanın işğalı və kommunist
ideologiyası əsasında inkişaf etdirilməsi ölkəni
ümumbəşəri inkişaf yolundan sapdırdı, geriyə
atdı! Əlbəttə, sosializm dövründə Azərbaycan
inkişaf etmiş, müxtəlif sahələrdə nəzərçarpacaq
uğur və nailiyyətlər qazanılmışdı.
Lakin mülkiyyət münasibətləri və demokratik
inkişafda ciddi dəyişiklik və geriləmələr
olmuşdu. Odur ki, bazar
iqtisadiyyatı münasibətlərinə
qayıtmaqla hər şeyə yenidən başlamaq
lazım gəldi.
Müstəqil dövlətin
bir sıra vacib atributları, rəmzləri və əlamətləri
olur ki, onlarsız müstəqillik mümkün deyil! Məsələn,
hər bir müstəqil dövlətin bayrağının,
himn və gerbinin olması vacibdir. Suveren dövlətin sərhədləri öz ordusu tərəfindən
qorunmalı, tədavülə özünün pul vahidi
buraxılmalı, gömrük sistemi qurulmalıdır. Xalq yeraltı və
yerüstü sərvətlərinə sahiblik etməli,
dövlətçiliyini quraraq müvafiq qurum və təsisatlar yaratmalıdır.
Ən mühüm məsələlərdən biri beynəlxalq
qurum və təşkilatlara üzv olmaq, konvesiyalara
qoşulmaq, ayrı-ayrı dövlətlərlə bərabərhüquqlu
və qarşılıqlı maraqlara əsaslanan
münasibətləri yaratmaq və inkişaf etdirməkdir.
Dövlətin iqtisadi müstəqilliyinə
nail olmadan onun siyasi müstəqilliyini təmin etmək
mümkün deyildir!
Azərbaycan bu mərhələləri
böyük əziyyətlər, zəhmətlər
bahasına olsa da keçib! Artıq 22 ildir ki, müstəqillik
yolu ilə addımlayırıq. Dogrudur, bu 22
ilin hamısı quruculuq işlərinə sərf
olunmayıb. Ölkədə sabitlik və əminamanlıq yaradılması, iqtisadi, siyasi,
hüquqi islahatların keçirilməsi, özəlləşdirmə
proqramlarının yerinə yetirilməsi, vətəndaş cəmiyyətinin
formalaşdırılması, dünya birliyinə inteqrasiya yönündə
ciddi addımlar atılmış və bütün
bunlar xeyli zaman aparmışdır.
20 min şəhid verən,
20 faiz torpağı işğal altında qalan Azərbaycan hələ də müharibə vəziyyətindədir
və hərbi əməliyyatların bərpası ehtimalı aradan qalxmayıb! Ordu
quruculuğuna, müdafiə sənayesinin
təşkilinə və inkişafına, xarici dövlətlərdən
müasir texnologiyalara əsaslanan silahların, müxtəlif
növ texnikanın
alınmasına hər il xeyli vəsait sərf olunur.
Qaçqınlara və məcburi köçkünlərə
dövlət qayğısı bir an belə azalmır. Yeni qəsəbələr
salınır, evlər və binalar tikilir, şəhid, əlil ailələrinə dövlət
hesabına ayrıca mənzillər inşa edilərək
paylanır.
Bütün bunlar dövlət
üçün əlavə yükdür!
Dövlət büdcəsindən
sonradan gəlir verməyəcək sahələrə
külli miqdarda vəsait xərclənməsi deməkdir!
Amma
başqa yol da yoxdur! Müstəqil dövlət
özünün və vətəndaşlarının problemlərini
həll edərək xərc çəkməyə hər zaman
hazır olmalıdır və hazırdır!
Azərbaycan
iqtisadiyyatı müstəqillik dövrünə bərbad və
dağılmış vəziyyətdə qədəm qoydu. Mərkəzin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə
ədalətsiz yanaşmasına etiraz olaraq 1988-ci ildən
paytaxt Bakıda başlanan uzunmüddətli tətillər
sonralar regionlara keçdi, kənd
təsərrüfatında işlərin normal ahəngi
pozuldu. SSRİ hökuməti Azərbaycandan
neft-maşınqayırma məhsullarını almaqdan imtina edərək
onların ittifaqın başqa yerlərində
istehsalını qaydaya saldı. Beləliklə,
bu bazar itirildi. Qorbaçovun alkoqolizmə qarşı
mübarizə ilə bağlı başladığı
kampaniya SSRİ-nin
iqtisadiyyatı ilə
bərabər, barlı
üzümlükləri ləğv edilmiş Azərbaycanın kənd təsərrüfatına
da mənfi təsir göstərdi. AXC-Müsavat cütlüyünün
iqtidarı dövründə özəlləşdirmə
adı ilə fabrik və zavodların mal-məhsulları,
kolxoz və sovxozların, emal
müəssisələrinin əmlakı
satılıb-sovruldu, "metallom" şəkildə xaricə
daşınaraq mənimsənildi. Qıtlıq, işsizlik
baş alıb gedirdi, insanlar sabaha ümidlərini
itirmişdilər.
Yenidən
hakimiyyət sükanı arxasına qayıdan ulu öndər Heydər
Əliyev bir neçə istiqamətdə
fəaliyyət göstərərək iqtisadiyyatın böhrandan
çıxarılmasını diqqət mərkəzində
saxladı. Belə vəziyyətdə bütün ümidlər yalnız neft sənayesinə
bağlana bilərdi. Yalnız bu sahə lokomotiv kimi
iqtisadiyyatın digər sahələrini də öz
arxasınca aparmaqla
böhrandan qurtara bilərdi. Lakin dənizin
dərin qatlarında yerləşən yataqlarından neftin
çıxarılması üçün ölkədə zəruri
avadanlıq və müasir texnologiya yox idi. Yalnız
dünyanın aparıcı dövlətlərinin nəhəng neft şirkətləri
ilə bağlanan müqavilələr hesabına məsələni yoluna qoymaq olardı. Əvvəlki
iqtidarların bu sahədəki cəhdləri
uğursuzluğa düçar olmuşdu. Ulu öndər Heydər
Əliyevin rəhbərliyi və cənab İlham Əliyevin fəal
iştirakı ilə aparılan danışıqlar çətin
və mürəkkəb şəraitdə getsə də, sonda - 1994-cü il
20 sentyabrda Azərbaycan xalqının və müstəqil
dövlətimizin maraqlarının tam təmin olunduğu
"Əsrin müqaviləsi" adını almış neft kantraktını imzalamaq
mümkün oldu.
Bu, müstəqil Azərbaycan dövlətinin
ən böyük qələbəsiydi.
Bu,
ümummilli lider Heydər Əliyevin beynəlxalq nüfuzuna
hörmətdən, tezliklə Azərbaycanda sabit vəziyyətin
və əlverişli investisiya mühitinin yaranacağına
olan inamdan, ən əsası isə Azərbaycanın
artıq öz sərvətlərinə tam sahiblik etdiyinə
etibar və əminlikdən yaranmışdı.
Sovet
dövründə ölkə "adı sənin, dadı mənim"
prinsipi ilə işlədiyindən çıxarılan neftdən
və emal olunan neft məhsullarının satışından
götürülən
gəlirlər birbaşa ittifaq büdcəsinə
gedirdi. Ölkəyə isə çirklənmiş
ekologiya və neftə bulaşmış torpaqlar
qalırdı. İstehsal ediləcək neftin dünya
bazarına çıxarılması üçün təhlükəsiz
və dövləti maraqlara xidmət edən marşrutun seçilməsində
də ulu öndər Heydər Əliyev milli maraqların
ödənilməsini əsas
tutdu, bütün mübahisə, təzyiq cəhdlərinə,
gərgin müzakirə və çətinliklərə
baxmayaraq, ən optimal variantın təsdiqinə nail oldu.
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin həyat vəsiqəsi
qazanması Azərbaycanın müstəqilliyinin, dövləti
maraqları təmin edə bilən ölkə olduğunun daha bir sübutuna çevirdi. Bundan sonra
bağlanan iyirmidən çox neft müqavilələri, habelə
Bakı-Tbilisi-Ərzurum qaz
ixracı boru kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu xətti,
ən nəhayət, TAP (TANAP) qaz ixracı kəməri Azərbaycanın
artıq neft və qaz sərvətlərinin əsl sahibi
olduğunu, yalnız öz maraqlarına xidmət edən beynəlxalq layihələrə dəstək
verərək reallaşdırdığını (Cənubi
Qafqazda isə Azərbaycanın
razılıq vermədiyi hər hansı bir layihənin
gerçəkləşməsi
qeyri-mümkündür) dönə-dönə sübut
etdi.
"Əsrin
müqaviləsi" də daxil
olmaqla, Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli"
yataqlarının tammiqyaslı
işlənməsi üçün indiyədək Azərbaycanda
32 Hasilatın Pay
Bölgüsü Sazişi imzalanıb ki, həmin layihələrdə
də dünyanın 19 ölkəsindən 41 şirkət iştirak edir. Bir daha
xatırladırıq: tərəfdaşları və şərtləri Azərbaycan
özü müəyyənləşdirir!
1994-cü
ildən Azərbaycanın neft sektoruna 50 milyard ABŞ
dollarından çox sərmayə
yönəldilib! 16 ilə yaxın müddət ərzində
"Azəri-Çıraq-Günəşli"
yataqlarından 2,3 milyard barel neft hasil edilib! Götürülən qazanc isə Azərbaycan
xalqının və dövlətinin bu günü və
sabahı naminə görülən
işlərə xərclənib!
Dövlət
başçısı cənab İlham Əliyevin müəyyən
etdiyi strateji istiqamət əsasında Azərbaycan özünün "neftsiz
dövrünə"
hazırlaşır. Odur ki, qeyri-neft sektoruna böyük miqdarda sərmayə yatırılaraq xüsusi diqqət
göstərilir.
Bütün
bu işlər sovet dövründə olduğu kimi,
"Qosplan"ın (SSRİ Dövlət Plan Komitəsi) "məsləhəti",
çox böyük yazışmalar və çətinliklərdən
sonra ayırdığı cüzi məbləğdə vəsaitlər
hasabına görülmür və
görülə də bilməzdi! Azərbaycan xalqının istəyi
və iradəsi ilə şəffaf şəkildə tərtib
edilərək Milli Məclisdə
təsdiq olunan Dövlət büdcəsi əsasında görülür.
Son
on ildə Azərbaycan iqtisadiyyatının bütün sahələri
görünməmiş sürətdə və həcmdə
yüksəlmişdir. Enerji, nəqliyyat, ərzaq
təhlükəsizliyi təmin edilmiş, xalqın rifahı
və sosial durumu əsaslı şəkildə
yaxşılaşmışdır. Bir neçə vacib
göstəriciyə diqqəti yönəldirik:
*
Ölkə iqtisadiyyatının həcmi 3 dəfə
artıb! Azərbaycan ümumi daxili məhsul
istehsalının illik artım tempinə görə
dünyanın lider dövlətləri sırasında yer alıb;
*
Dövlət büdcəsi 17 dəfə artıb! Beləliklə,
1,5 milyard dollardan 25 milyard dollara
çatıb;
*
Ölkənin strateji valyuta ehtiyatları 25,3
dəfə artıb! Hazırda valyuta ehtiyatlarımızın
miqdarı 40 milyard dolları keçib;
*
Nominal əməkhaqqı 5,9 dəfə
artıb! Hazırda orta maaş 500 dollara bərabərdir;
*
Nominal orta aylıq pensiya 6,1 dəfə
artıb! Orta pensiya 200 dollar olub;
*
Bank aktivlərinin həcmi 10,4 dəfə
artıb!
Baş verən bir sıra "enmələr"
və "azalmalar" da əslində xalqın güzəranına
müsbət təsir göstərib. Belə
ki:
*
Yoxsulluq səviyyəsi 7 dəfə aşağı
düşərək 49 faizdən 7,6 faizə
çatıb;
*
Son 3 ildə internet xidmətlərindən istifadə
haqları 10 dəfədən çox aşağı salınıb;
*
Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu
10 dəfədən çox üstələyir!
Müstəqilliyin ilk illərində
paytaxt Bakıda elektrik enerjisi tez-tez kəsilir, respublikanın
bölgələrinə isə sutkada 5-6 saat enerji verilirdi.
Təbii qaz
olmadığından insanlar soyuq aylarda əziyyət çəkir,
meşələr qırılırdı. İndi isə nəinki
elektrik enerjisi ilə təchizatda bütün fasilələr ləğv
olunub, yeni tikilən müxtəlif tipli elektrik stansiyaları
hesabına Azərbaycan enerjiyə öz ehtiyacını
artıq ödəyərək qonşu dövlətlərə
elektrik enerjisi ixrac edir. Respublikanın əksər
rayonlarında mavi qaz şölələnir, indiyədək təbii
qaz görməmiş bir sıra dağ rayonlarının ən
ucqar kəndlərinə belə mavi yanacaq verilib. İlin
sonunadək ölkənin qazlaşdırılması 90 faiz həddini
keçəcəkdir. Azərbaycan həm də
Avropanın təbii qazla təchizində ən etibarlı tərəfdaşa
çevrilməkdədir. "Şahdəniz"
qazının Avropada şölələnəcəyi vaxta az qalır! Daha "ad da, dad da" xalqımıza məxsusdur! Bu
imkanı həqiqi
və real dövlət müstəqilliyi bizə bəxş
etmişdir.
Başqa bir müqayisə.
Təbii ki, sovet
dövründə müəyyən inkişaf da
olub və bunu inkar etmək qeyri-mümkündür. Belə
ki, ulu öndər Heydər Əliyevin ölkəyə birinci
rəhbərliyi dövründə
iqtisadiyyat, xüsusən neft sənayesi və kənd təsərrüfatı
yüksəliş dövrünü yaşamış, yeni kənd və qəsəbələr
salınmış, ictimai-mədəni binalar tikilmiş, Azərbaycan kəndlisi palçıq komalardan ikimərtəbəli,
mişar daşından tikilmiş evlərə köç
etmişdi. Ancaq indiki sürət və keyfiyyətdə yüksəliş heç
zaman baş verməmişdir! Cənab İlham Əliyevin düşünülmüş,
sürətli və davamlı inkişaf konsepsiyası əsasında formalaşan İnkişafın Azərbaycan
Modeli xalqımıza ölkə daxilində və onun kənarlarında
böyük dividentlər qazandırmışdır. Bakı
və Abşeron yarımadası, habelə respublikanın
bütün bölgələri ölkə Prezidenti tərəfindən
imzalanmış Dövlət Proqramları əsasında
inkişaf etdirilir. "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasının qəbulu
inkişafın yeni
üfüqlərini açır. Konsepsiyaya əsasən,
qarşıya qoyulan ən mühüm vəzifələrdən
biri növbəti on ildə iqtisadiyyatın ikiqat artımına nail olmaqdır.
Sovet dövründə bir sıra işlər
görülsə də, əksər yaşayış məntəqələrinin,
xüsusən bölgələrdəki şəhər və
qəsəbələrin içməli su ilə təminatı
və kanalizasiya çəkilişi öz həllini
tapmamışdı. Bu gün kənd
yollarının yenidən qurulması ilə yanaşı, regionlardakı şəhər
və şəhərtipli qəsəbələrin içməli
su təchizatı və kanalizasiya şəbəkəsinin
qurulması problemi də sürətlə həll edilməkdədir.
Dövlət başçısı cənab İlham
Əliyev 2018-ci ilədək ölkədəki bütün
sosial problemlərin həll ediləcəyi barədə bəyanat vermişdir. Bu,
iqtisadi sahədə keçid dövrünü başa vuraraq
inkişaf etmiş ölkələr cərgəsinə
qoşulmağı hədəfə alan müstəqil Azərbaycanın qarşıya qoyduğu ən
mühüm vəzifələrdən biridir.
Sosializm quruluşunda xüsusi mülkiyyətə
geniş yer verilmədiyindən, digər tərəfdən
inşaat mallarının qıtlığından
insanların şəxsi mənzilə sahib olmaları
müşkülə çevrilmişdi.
Ev tikəndə belə adambaşına 12 kvadratmetrdən
artıq mənzil sahəsinin nəzərdə tutulması
qadağan idi. Bu həddi aşanlar cinayət məsuliyyətinə
cəlb edilərək cəzalandırılırdılar! Hazırda respublikamız başdan-başa tikinti
meydanını xatırladır. Yeni yaşayış məntəqələri
salınır, şəhər və kəndlərdə insanlar
bol inşaat materialları hesabına özlərinə
bir-birindən yaraşıqlı, üç və daha çoxmərtəbəli
geniş evlər, yardımcı binalar tikdirir, respublikanın
istənilən yerində istədikləri qədər ev
alıb şəxsi mülkiyyətlərinə çevirirlər.
Kommunist
ideologiyasından imtina edən
xalqımız demokratik inkişaf yolunu tutmuşdur. Cəmiyyətdə çoxpartiyalı sistem, fikir
plüralizmi, mətbuat və söz azadlığı
mövcuddur. İnsanlar
düşündükləri kimi danışa,
danışdıqlarını mətbuatda açıq şəkildə
yaza bilirlər. Daha insanlar "başqa cür"
düşündüklərinə, "dövlət əleyhinə"
danışdıqlarına görə həbsxanaya
atılmır, Sibirə sürgün edilmirlər! Müstəqillik
illərində mətbuata senzura nəzarəti aradan
qaldırılmış, qəzet təsis etmək və buraxmaq son
dərəcə asanlaşdırılmışdır. İndi dövlət azad və müstəqil mətbuata
xüsusi qayğı göstərir, mətbuatın
maddi-texniki bazasının möhkəmlənməsinə
çalışır, yeni mənzillər tikib təmir etdirərək
pulsuz şəkildə jurnalistlərə paylayır. Qırmızı imperiya vicdan azadlığı elan
etmişdi. Amma ateizmi, Allahsızlığı təbliğ
edir, partiya və komsomol təşkilatına üzv
olanların məscidə getməsinə, ibadət etməsinə
qadağa qoyur, belə hallar baş verəndə ciddi şəkildə
cəzalandırırdı! İnsanlar Allahı
ürəklərində gizlətmək, dini bayramları evdə,
gizli şəkildə qeyd etmək məcburiyyətindəydilər.
Bu gün isə Azərbaycanda istənilən vətəndaş
istədiyi dini məbədə gedərək ibadət edə
bilər. Dini bayramlar da digər bayramlarla eyni səviyyədə qeyd
edilir. Müstəqillik
dövründə Azərbaycanda 2 minə yaxın
məscid tikilmişdir. Son 10 ildə
isə 140-a yaxın
məscid tikilmiş, 80 məscid əsaslı təmir
edilmişdir.
Azərbaycan dünyada həm də idman
dövləti kimi tanınır. Halbuki sovet dövründə Olimpiya, dünya və
Avropa çempionatlarında iştirak etmək
üçün hansısa azərbaycanlı
idmançının yığma komandaya düşməsi qeyri-mümkün
idi. Düşənlər isə SSRİ-nin
bayrağı altında yarışırdılar. Bütövlükdə
Sovet İttifaqının mövcudluğu dövründə Azərbaycandan
olan Olimpiya, dünya və Avropa çempionları və mükafatçılarının
sayı barmaqla sayılacaq qədər az idi. Müstəqillik dövründə Azərbaycan
idmançıları təkcə iştirak etdikləri
beş Olimpiya oyunlarında
6-sı qızıl olmaqla, 26 medal qazanmışlar! Azərbaycan
artıq beynəlxalq səviyyəli idman yarışlarının
keçirildiyi məkana çevrilmişdir. İlk Avropa
İdman Oyunlarının da ünvanı məhz Azərbaycandır!
Qısa müddətdə
bu qədər idman uğurlarının qazanılması
heç də təsadüfi
deyil. Xatırladırıq ki, Azərbaycan
idmançıları müstəqillik dövründə
iştirak etdikləri müxtəlif ranqlı yarışlarda
2 mindən çox qızıl, 1500 gümüş və
2100-dən artıq bürünc medal almışlar. Respublikada 38 Olimpiya İdman Kompleksi öz
qapılarını idman həvəskarlarının
üzünə açmışdır.
Müstəqilliyin
ilk illərində idmançıların və məşqçilərin
beynəlxalq yarışlara qatılması
üçün vəsait yox
idi. Hətta bir sıra
idmançılarımız və məşqçılərimiz
köçüb başqa ölkələrə getmişdilər.
Cənab İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti
seçildikdən sonra bu sahədə də ciddi dönüş yarandı. İndi nəinki
idmançı və məşqçilər qeriyə
qayıtmışlar və
bütün yarışlarda yüksək səviyyədə
iştirakları təmin edilir, həm də qaliblərə böyük məbləğdə pul
mükafatları, orden və medallar, mənzillər verilir, cəmiyyətdə
hörmət sahibinə çevrilirlər.
Müstəqillik həm də
sahibkarlığın inkişafına geniş imkanlar
açmışdır. Özəlləşdirmə
proqramlarının uğurla həyata keçirilməsi, aqrar
islahatların səriştəli şəkildə
aparılması ölkə iqtisadiyyatının inkişafına güclü təkan
vermişdir. İnsanlar özlərinə fərdi biznes qurur, müxtəlif obyektlər
açır, iş yerləri yaradır, eyni zamanda,
övladlarının da gələcəyini təmin edirlər.
Büdcəyə ödədikləri vergi və
digər ayırmalar isə ölkəmizin inkişafına fərdi
töhfələri sayılır. Hazırda Azərbaycan
iqtisadiyyatında özəl sektorun payı təqribən
80 faizdir. Dövlət sahibkarlığın
inkişafına daim dəstək verir. Son 9 ildə 15
mindən çox sahibkar dövlət tərəfindən
bütövlükdə 1 milyard 200 milyon manat həcmində güzəştli
kredit almışdır. Azərbaycan artıq
dünyanın bir çox ölkələrinə, hətta
inkişaf etmiş Avropa dövlətlərinə sərmayə
yatırır. Ölkəmizin iş adamları xaricdə
də obyektlər alır, iş qurur, pul qazanırlar.
İyirmi il bundan qabaq kimsə bunları ağlına belə
gətirə bilməzdi! Bu gün isə hamının adi
hasab etdiyi, normal qarşıladığı gerçəkliklərdir!
Müstəqillik Azərbaycan vətəndaşına
və ailəsinə nə verib? Bu mövzuda isə
statistik rəqəmlərsiz, hamının gündəlik həyatda
gördüyü və bildiyi
faktlar əsasında, sadə formada söhbət açmaq istəyirik.
Sosializm dövründə Sovet
İttifaqı Kommunist Partiyası (Sov.İKP) hakim və yeganə
partiya sayılırdı.
Bütün dövlət qurumlarının fövqündə
dayanırdı. Onun dediyi sözlər, verdiyi bəyanatlar
və qəbul etdiyi qərarlar dövlətin sözü və
mövqeyi sayılırdı. Sov.İKP qəbul etdiyi
proqramda 1980-ci ildə ölkədə kommunizm cəmiyyəti qurulacağını, maddi nemətlərin
"sel kimi aşıb-daşacağını" bəyan
etmişdi. Özü də "təntənəli" şəkildə! Vədə vaxtı
yetəndə sovet adamları acınacaqlı və gülməli
vəziyyətlə üzləşdilər. Ölkədə elə bir qıtlıq
yaranmışdı ki, dövlət talon sisteminin tətbiqinə
məcbur oldu. Ay ərzində adambaşına verilən
talona görə
hərə mağazadan öz puluna 1 kq yağ, 2 kq ət
alıb işlədə bilərdi. 1982-ci ildə həmin SovİKP
"Ərzaq proqramı" qəbul
etməklə ölkədə ərzaq bolluğu yaradılması
üçün xalqın
qarşısına vəzifə qoydu.
Bu
faktı təsadüfən
xatırlatmırıq. Xalqların və dövlətlərin
suveren hüquqlarını əllərindən alaraq totalitar cəmiyyət
yaratmaqla insanları firavanlığa çıxarmaq, xoşbəxtliklərini
təmin etmək mümkün deyil. Bunu təkcə
SSRİ-nin biabırçı təcrübəsi yox, həm
də müstəqil Azərbaycanın qısa dövrdə
(73 il hara, 22 il hara) qazandığı
nailiyyətləri də sübuta yetirir. Xalq öz sərvətlərinin
və taleyinin sahibi olanda, düzgün siyasi kursla
gedəndə qələbə şəksizdir! Bu
gün Azərbaycanda görünməmiş bolluq
müşahidə olunur. Bütün növdə,
çeşiddə ölkədə istehsal olunan və xaricdən gətirilən mallar, məhsullar dolub-daşır.
Ən əsası insanların onları almaq, yemək, geyinmək
və işlətmək imkanları var! Bu
gün hər bir Azərbaycan ailəsi yaxşı geyinir,
yeyir, ölkəni və xarici gəzir, dünyanın əksər
ölkələrindəkindən daha yüksək səviyyəli
həyat sürür. Vaxt var idi həyətlərdə
qurulan çadırlarda xeyr iş edib toy çaldıranlar
bir kasa bozbaşla məclislərini yola verirdilər. İndi şadlıq
saraylarında növbəyə duraraq toy edənlərin
cah-cəlalına, süfrənin bolluğuna
(ifratçılığına) baxın! Ölkəmizdə
az qala əhalinin
sayından çox
mobil telefon var. Hətta orta məktəb şagirdləri telefonsuz dərsə getmirlər. Hər əldə bir neçə telefon gəzdirmək
isə dəbə çevrilib. Evində kompyuteri olmayan,
internetdən istifadə etməyən az
adam tapılar. Artıq kompyuter Azərbaycan vətəndaşının
həyatına və məişətinə möhkəm daxil
olub. Bu, eyni zamanda, söz və fikir azadlığının ən
mühüm göstəricilərindəndir.
Daha
bir maraqlı məqam - inkişaf və firavanlığın
yaratdığı problem! Paytaxt Bakıda hər il bir neçə yol aşırımı,
tunel, körpü tikilir, yollar və küçələr
genişləndirilir. Yol kənarları gecə-gündüz
dayanmış maşınlarla dolu olur. Bir yerə tələsəndə
bəzən saatlarla
avtomobil tıxaclarında qalır, əsəbləşir,
deyinirik! Bu problemi yaradan və həllini
çətinləşdirən isə fərdi avtomobillərin
sayının
durmadan
artmasıdır! Sovet dövründə
illərlə növbəyə duraraq zorla "Jiquli"
maşını alardıq. Çoxları da onun
başqasına məxsus olduğunu söyləyir, özgə
adına sənədləşdirirdi.
İndi isə hər ailənin bir neçə, həm də
müxtəlif markalı və "Jiquli"dən qat-qat baha
maşını var! Heç kim də piyada gəzib
özünə əziyyət vermək,
rahatlığını pozmaq istəmir. Deyinə-deyinə tıxaclarda gözləməyi
üstün tutur...
Ötən
əsrdə Sabir satirik şeirlərinin birində başqalarından
geri qalmağımıza istehza edirdi:
Əcnəbi
göydə balonlarla gəzir,
Hələ biz avtomobil minməyiriz.
Ruhu
şad olsun böyük satirikin! Kosmik ailənin üzvünə
çevrilən Azərbaycan orbitə peyk
çıxaran 50 ölkədən biridir! Qısa
müddətdə göylərə ucalmaq imkanını isə
bizə dövlət müstəqilliyimiz vermiş,
ölçülü-biçili,
düşünülmüş və hesablanmış
addımlar qazandırmışdır. Uğur
uğur gətirər, - demişlər. Bu
uğurlarımıza görə dünyanın 155 dövləti
BMT-nin Təhlükəsizlik Şurasına üzv qəbul olunmağımıza
dəstək verərək daha bir nailiyyət
qazanmağımıza yardım
göstərmişdir. Müstəqilliyimizin ən böyük uğuru da məhz
budur!
Bütövlükdə
müstəqil dövlətin azad vətəndaşı olmaq əsl səadətdir!
Bəxtiyar SADIQOV
Azərbaycan. - 2013.- 6 avqust.- S. 1-2.