Azərbaycan nümayəndə heyəti İran parlamentinin rəhbəri ilə görüşmüşdür

 

İranın yeni Prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak etmək üçün Tehranda səfərdə olan Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İran İslam Şurası Məclisinin Sədri Seyid Əli Laricani ilə görüşmüşdür.

Yüksək qonaqpərvərliyə və xoş münasibətə görə minnətdarlığını bildirən O.Əsədov qeyd etmişdir ki, Azərbaycan ilə İranın əməkdaşlığının inkişafında mühüm rol oynayan parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi üçün geniş imkanlar mövcuddur.

O.Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində İranın imkanlarını diqqətə çatdırmışdır.

Nümayəndə heyətinin üzvlərini səmimiyyətlə salamlayan İran parlamentinin sədri əminliklə bildirmişdir ki, ölkələrimiz arasında tarixi tellərlə bağlı olan əlaqələr bundan sonra da inkişaf edəcəkdir.

Bildirilmişdir ki, İran Azərbaycanın ərazi bütövlüyünü hər zaman tanımışdır və münaqişənin ölkəmizin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardır.

Səmimilik şəraitində keçən görüşdə ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivləri, parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinə dair ətraflı müzakirələr aparılmışdır. Həmçinin gömrük-keçid məntəqələrinin fəaliyyəti, eləcə də iki ölkə arasında olan digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılmışdır.

Görüş təkbətək şəraitdə davam etmişdir.

 

 

Sabir ŞAHTAXTI,

AzərTAc-ın xüsusi müxbiri

 

Tehran

 

Azərbaycan. - 2013.- 6 avqust.- S.1.