Gəncədə məhkəmə işçilərinin etikasına dair seminar keçirilmişdir

 

Gəncə şəhər Nizami Rayon Məhkəməsinin inzibati binasında "Məhkəmə aparatı işçilərinin etik davranışının xüsusiyyətləri: milli qanunvericilik və beynəlxalq standartlar" mövzusunda seminar keçirilmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycan Hüquq İslahatları Mərkəzinin (AHİM), Ədliyyə Akademiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən seminarda Gəncədə fəaliyyət göstərən Nizami və Kəpəz məhkəmələrinin, apelyasiya, ağır cinayətlər, inzibati-iqtisadi, hərbi məhkəmələrin 30-dan artıq nümayəndəsi iştirak etmişdir.

Birgünlük seminarda Azərbaycan Hüquq İslahatları Mərkəzinin nəşr etdirdiyi "Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında xartiya", "Avropa vəkillərinin davranış kodeksi" və "Məhkəmə aparatı işçiləri üçün davranış prinsipləri" kitablarının, eləcə də "Etik davranış kodekslərinin toplusu" ətrafında müzakirələr aparılmışdır.

Sonda iştirakçılara metodiki vəsaitlər paylanmışdır.

 

 

Azərbaycan. - 2013.- 6 avqust.- S. 5.