Azərbaycanda növbəti
prezident seçkiləri seçki
qanunvericiliyinə uyğun, ədalətli
və şəffaf keçiriləcəkdir
Azərbaycanda
keçirilən hər seçki müstəqil
dövlətimizin seçki təcrübəsində
mühüm irəliləyişlərlə
səciyyəvidir. 1993-cü ilin iyun ayından etibarən ölkəmizdə
keçirilən seçkilər Azərbaycan Respublikasında
seçki praktikasının təkmilləşdirilməsi baxımından
böyük uğurlarla
yadda qalmış, bu
sahədə qazandığımız nailiyyətlər
sıx əməkdaşlıq münasibətlərini getdikcə
inkişaf etdirdiyimiz
aparıcı dövlətlərdə, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında
da böyük rəğbətlə
qarşılanmışdır. Xüsusən
də son illərdə keçirilmiş
seçki və referendumlara
dair beynəlxalq təşkilatların
verdikləri müqayisəli rəylər tam
təsdiqləyir ki, Azərbaycanda vətəndaşların siyasi şüuru və seçki mədəniyyəti kifayət qədər
yüksəlmişdir.
Azərbaycan
iqtidarının siyasi iradəsi ilə
1997-ci ildən müasir standartlara
cavab verən seçki
qanunvericiliyinin
formalaşdırılması məqsədilə ATƏT-in Demokratik Təsisatlar və İnsan
Hüquqları Bürosu (DTİHB) ilə
qurulmuş fəal işbirliyinin
müsbət nəticələri bu
nöqteyi-nəzərdən diqqəti xüsusilə çəkir.
Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına (AŞ) tamhüquqlu
üzv qəbul edildikdən sonra bu sahədə
ölkəmizin əməkdaşlıq hüdudları daha da genişlənmişdir.
Seçki qanunvericiliyinin
təkmilləşdirilməsi işində AŞ Venesiya Komissiyası da
yüksək fəallıq göstərmişdir.
Azərbaycanda seçki qanunvericiliyinin
beynəlxalq standartlara
uyğunlaşdırılması məqsədilə
2003-cü ilin mayında Seçki
Məcəlləsinin qəbulu bu əməkdaşlığın
gözəl bəhrəsidir. Sənədin
hazırlanması ilə bağlı, ilk
növbədə, AŞ Venesiya
Komissiyası, ATƏT DTİHB və Beynəlxalq Seçki Sistemləri üzrə Fondla (İFES) sıx əməkdaşlıq
münasibətləri qurulmuşdur.
2002-ci ilin ortalarında bu
təşkilatlardan alınan müsbət rəylərdən sonra Seçki Məcəlləsi
Milli Məclisin müzakirəsinə təqdim
edilmişdir. Demokratik məzmununa görə
dünyanın ən inkişaf etmiş ölkələrinin seçki
qanunvericiliyinə nümunə sayıla biləcək bu Məcəllə beynəlxalq təşkilatlar
tərəfindən yüksək qiymətləndirilmiş, seçki üzrə ixtisaslaşmış təsisatların
müsbət rəyini almışdır.
Azərbaycan
Prezidentinin 2005-ci il 11
may tarixli "Azərbaycan
Respublikasında seçki
praktikasının təkmilləşdirilməsinə dair" və 2005-ci il 25 oktyabr tarixli "Milli Məclisə seçkilərin
hazırlanması və keçirilməsi ilə bağlı
təxirəsalınmaz tədbirlər haqqında" tarixi sərəncamları Seçki
Məcəlləsinin
təkmilləşdirilməsi baxımından mühüm
əhəmiyyət kəsb etmişdir. Həmin sərəncamdan sonra seçki təcrübəsinin təkmilləşdirilməsi
sahəsində görülən tədbirlərin səmərəliliyinin
artırılması, Seçki Məcəlləsinin
müddəalarının seçkilərə hazırlıq
dövründə və səsvermə günü
tam və şərtsiz həyata keçirilməsi, vətəndaşların
seçki hüquqlarının daha dolğun təmin edilməsi
məqsədilə dövlət başçısı 2005-ci
il oktyabrın 25-də "Milli Məclisə seçkilərin
hazırlanması və keçirilməsi ilə bağlı
təxirəsalınmaz tədbirlər haqqında"
növbəti sərəncam imzalamışdır. Sərəncamla Mərkəzi Seçki
Komissiyasına seçici vəsiqələrinin
paylanması və seçici
siyahılarının dəqiqləşdirilməsi ilə əlaqədar
yaranmış problemləri nəzərə alaraq
seçicilərin səsvermə günü
seçki bülletenlərini
aldıqları zaman barmaqlarının
gözə görünməyən mürəkkəblə
işarələnməsi qaydalarını hazırlamaq,
seçicilərin ünvanlarının tam
göstərildiyi seçici
siyahıları ilə bütün
maraqlı şəxslərin tanış olmaları üçün müvafiq
şəraitin yaradılmasını təmin etmək
tövsiyə olunmuşdur.
Seçki Məcəlləsi daim təkmilləşməyə ehtiyacı olan qanunvericilik
aktıdır. Bu mənada Məcəllə qəbul ediləndən sonra ona müəyyən əlavələrin
və dəyişikliklərin edilməsi dövrün
tələbi olmaqla yanaşı, respublikada ümumi prinsiplər
baxımından dünyada qəbul edilmiş modelə uyğun
seçkilərin keçirilməsinin daim
diqqət mərkəzində olmasından
xəbər verir. 2010-cu ilin
iyununda respublikamızda seçki
praktikasının daha da
təkmilləşdirilməsi, beynəlxalq standartlara
uyğunlaşdırma və qabaqcıl dünya
təcrübəsinin tətbiq olunması üçün
Seçki Məcəlləsinə bir sıra əlavələr və dəyişikliklər
edilmişdir. Bunlardan biri seçki
kampaniyasının 75 gündən 60 günə endirilməsidir.
Bu təklifdə məqsəd seçki praktikasının daha
da təkmilləşdirilməsi olmuşdur. Həmin dəyişikliklərə
qədər Azərbaycanda seçki
kampaniyası 75 gün davam
edirdi. Amma son illərdə qazanılmış təcrübə
və hazırlıq səviyyəsi seçki
kampaniyasını digər ölkələrdə olduğu kimi, daha demokratik keçirməyə,
resurslardan daha səmərəli
şəkildə istifadə etməyə imkan
verirdi. Bütün bunlar isə göstərmişdir ki, Azərbaycan da əksər
ölkələr kimi, seçki
kampaniyasını iki ay
müddətində keçirməyə tamamilə
hazırdır.
Digər mühüm
dəyişiklik seçkilərə qoşulmuş
vətəndaşlara və partiyalara MSK tərəfindən
ayrılan vəsaitin ləğv edilməsidir. Heç bir
ölkədə seçkiyə qoşulmuş
namizədlərə dövlət tərəfindən vəsait
ayrılmır. Əksinə, seçkiyə qoşulmaq
niyyətinə düşən insanlar da, partiyalar da seçkinin
keçirilməsi üçün
lazım olan vəsaitləri ya özləri birbaşa
hesablarından ayırırlar, ya da onları dəstəkləyən
seçicilərin yardımı nəticəsində fond formalaşdırırlar. Həm
də indiyədək keçirilmiş
seçkilər namizədlərə vəsait
ayrılmasının neqativ tərəflərini
üzə çıxarmışdı. Bu
da ondan ibarət idi ki, bəzi vətəndaşlar
seçkiyə yalnız dövlət tərəfindən
ayrılan vəsaiti əldə etmək niyyəti ilə
qoşulurdular. Bəzi namizədlərin seçki kampaniyasında iştirakı namizədliklərini
qeyd etdirib dövlət
tərəfindən ayrılan vəsaiti alana
qədər davam edirdi.
Seçki kampaniyasının digər hissəsində
isə bu namizədlərin hər hansı
seçki hərəkəti
müşahidə olunmurdu. Azərbaycanın
seçki praktikasını beynəlxalq təcrübəyə
yaxınlaşdırmaq məqsədilə namizədlərə
vəsaitlərin ayrılmasının ləğv edilməsi olduqca təqdirəlayiqdir.
Azərbaycan
Respublikasının Seçki Məcəlləsi
mükəmməl sənəd olaraq hər
bir vətəndaşın aktiv və passiv seçki hüquqlarına təminat
yaradır, eyni zamanda,
seçkilərdə iştirakın forma
və şərtlərini müəyyən edir. Məcəllədə aktiv və passiv seçki hüququ
anlayışlarının nədən ibarət olması da dəqiq şəkildə göstərilmişdir.
Belə ki, 12.1 maddəsinə
əsasən, "Azərbaycan Respublikası
Konstitusiyasının 56-cı maddəsində və bu Məcəllənin 14-cü maddəsində
nəzərdə tutulan hallar
istisna olmaqla, Milli Məclisə seçkilərin, prezident seçkilərinin, bələdiyyələrə
seçkilərin, referendumun keçirilməsi
günü (həmin gün
də daxil olmaqla)
18 yaşına çatmış Azərbaycan
Respublikasının hər bir vətəndaşının
seçmək, referendumda səs vermək,
seçkilərin (referendumun) gedişini müşahidə etmək,
seçkiqabağı (referendumqabağı) təşviqatda iştirak etmək, bu Məcəllə
ilə nəzərdə tutulmuş seçki hərəkətlərində
və referendumun hazırlanması ilə
bağlı hərəkətlərin həyata keçirilməsində
iştirak etmək hüququ
- aktiv seçki hüququ vardır". Seçki Məcəlləsinin
12.2 maddəsində isə göstərilir ki,
"Bu Məcəllənin 12.1-ci maddəsində
göstərilən tələbə cavab
verən, Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi
yaşayan vətəndaşlığı
olmayan şəxslər prezident
seçkiləri, Milli Məclisə seçkilər,
bələdiyyə seçkiləri və ya
referendum zamanı səsvermədə iştirak edə bilərlər".
2013-cü il
oktyabrın 9-da ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcək.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında müvafiq qərar qəbul edilib.
Qeyd edək
ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 178.1-ci maddəsinə
görə, Prezidentin Konstitusiya
ilə müəyyən olunmuş səlahiyyət
müddətinin başa
çatdığı son il
oktyabr ayının üçüncü
həftəsinin çərşənbə günü
seçki günü
hesab olunur. Sonuncu prezident seçkiləri 2008-ci il
oktyabrın 15-də keçirildiyindən və fəaliyyətdə
olan Azərbaycan Respublikası Prezidentinin 5 illik səlahiyyət
müddəti başa çatmaqda
olduğundan növbəti prezident
seçkiləri 2013-cü il oktyabrın
16-na təsadüf edir. Lakin Seçki Məcəlləsinin
8.2-ci maddəsinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə
günü Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə
görə, ümumxalq hüzn
və ya iş günü hesab edilməyən
bayram gününə düşərsə,
səsvermə, səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir. Nazirlər Kabinetinin
2012-ci il 12 dekabr tarixli qərarına əsasən, 2013-cü
ildə 15 və 16 oktyabr Qurban
bayramıdır. Ona görə də göstərilənlər əsas
götürülərək Azərbaycan Respublikasında
növbəti prezident seçkiləri günü cari il oktyabr ayının iş günü hesab edilən digər gününə
keçirilməklə qanunvericiliklə müəyyən olunmuş qaydada elan edilməlidir. Beləliklə,
qanunvericiliyə uyğun olaraq,
2013-cü il oktyabr
ayının 9-u növbəti prezident
seçkiləri günü elan olunub.
MSK
2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə
namizədin qeydə alınması üçün
təqdim edilmiş imza
vərəqələrində olan
imzaların və digər məlumatların düzgünlüyünü
yoxlamaq məqsədilə Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə
Ekspertizası Mərkəzinin ekspertləri, Azərbaycan Respublikası Maliyyə,
Daxili İşlər, Vergilər nazirliklərinin,
Əmlak Məsələləri Dövlət Komitəsi
yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Hesablama
Palatasının mütəxəssisləri sırasından
ekspertlərdən ibarət İşçi
qrupunun yaradılması barədə
də qərar qəbul etmişdir.
Seçkilərə
hazırlıqla bağlı işlər uğurla
həyata keçirilir. MSK xüsusi
proqram əsasında maarifləndirmə tədbirləri
görür. İndiyə qədər 125
dairədə monitorinqlər aparılaraq treninqlər keçirilib. İyul
ayının 29-dan isə xüsusi tədbirlərə
start verilib. DSK sədrləri
üçün seçki
hüququ üzrə
ixtisaslaşdırılmış kurslar keçirilir. Tədbirlər "İnsan hüquq və
azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində Milli Fəaliyyət
Proqramı" ilə bağlı imzalanmış sərəncama
uyğun olaraq həyata
keçirilir. Bakı şəhərində
125 DSK sədri üçün
keçirilən birhəftəlik kurslarda
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının, Milli Məclisin, Apelyasiya, Konstitusiya məhkəmələri
və Ali Məhkəmənin, Daxili İşlər və Ədliyyə
nazirliklərinin, Respublika Prokurorluğunun
rəhbərliyi səviyyəsində mühazirələr oxunur. Seçki Məcəlləsinə
uyğun olaraq, DSK sədrləri
ilə fikir mübadilələri
aparılır. Bu kurslar
onların maarifləndirilmələri ilə yanaşı, məsuliyyətlərini
də kifayət qədər artırır. Eyni
zamanda, bu kurslar 125 DSK üzvləri və 5 mindən
artıq məntəqə Seçki
Komissiyası sədrləri üçün
(təxminən 6 mindən artıq) bölgələrdə də
təşkil olunur. Bakıda
baş tutan kurslar eyni formatda
rayonlarda da həyata keçirilir.
Aparılan işlər maarifləndirmə
baxımından mühüm
əhəmiyyət kəsb
edir.
Digər
bir istiqamət isə seçkilərin idarə olunması ilə bağlı hüquqi sənədlərin
hazırlanmasıdır.
Bura təlimatlar, müxtəlif
növ izahlar, qaydalar daxildir. İndiyədək MSK 48 növdə hüquqi sənəd hazırlayıb və bu, toplu şəklində
dərc olunub. Seçki Məcəlləsinə edilən
bütün dəyişikliklər
nəzərə alınmaqla,
dərc olunan toplular bütün nümayəndələrə DSK və Məntəqə Seçki Komissiyalarının
üzvlərinə paylanılır.
Beynəlxalq qurumlarla da birgə tədbirlər keçirilir. Bunlar Avropa
Şurası Venesiya Komissiyası, Avropa İttifaqı və digər qurumlardır.
MSK-da xüsusi
treninq qrupu da fəaliyyət göstərir. Həmin qrup Seçki Məcəlləsinin tələbinə
uyğun olaraq, səsvermə günü
baş verən bütün prosesləri komissiya üzvləri ilə birlikdə həyata keçirir.
Seçkilərdən öncə DSK və
Məntəqə Seçki
Komissiyalarının üzvləri
ilə birlikdə seçki prosesini əyani şəkildə
həyata keçirirlər
ki, bu da
xüsusi əhəmiyyət
kəsb edən bir tədbirdir.
2013-cü ilin prezident seçkiləri
tam fərqli inkişaf
mərhələsinə təsadüf
edir. Müdrik xalqımız
iddiası ilə imkanları heç zaman uzlaşmayan ifrat radikal qüvvələrin
məğlubiyyətlərini əvvəlcədən bilir.
Həmişəki kimi, seçki
prosesinin demokratikliyinə
əsassız olaraq şübhə yaratmağa
çalışan bu
nihilist, radikal qüvvələrin
birillik uğursuz hakimiyyət illəri hələ unudulmayıb.
Siyasi, iqtisadi və mənəvi böhran dövrü kimi səciyyələnən 1992-1993-cü illərin birinci yarısını əhatə
edən dövr geridə qalıb. Əminliklə demək olar
ki, xalqımız onun rifahı, firavanlığı üçün
çalışan, ölkəni
inamla irəliyə aparan, vətəndaşların
həyatında böyük
irəliləyişlərə səbəb olan siyasi kursu dəstəkləyəcək.
Elnur HACALIYEV
Azərbaycan. - 2013.- 6 avqust.- S. 6.