V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində «Yeni Rusiya» Dövlət Simfonik Orkestrinin növbəti konserti təqdim edilmişdir

 

Heydər Əliyev Fondunun ən uğurlu layihələrindən biri kimi bütün dünyaya səs salan V Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatmaqdadır.

AzərTAc xəbər verir ki, festivalın proqramına uyğun olaraq avqustun 4-də "Yeni Rusiya" Dövlət Simfonik Orkestrinin növbəti konserti olmuşdur.

Madrid Dövlət Uşaq Xorunun bədii rəhbəri Quintas Borjanın dirijorluğu ilə baş tutan konsertdə "Yeni Rusiya" Dövlət Simfonik Orkestri Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirmişdir.

Orkestrin müşayiəti ilə Pyotr Çaykovskinin "Allegro brilliante", "Andante non broppo", "Allegro con fuoco", Paul Dükanın "Sehrbazın şagirdi" əsərləri, eləcə də Moris Ravelin "DafnisXloya" baletindən suitana təqdim olunmuşdur.

Tanınmış rusiyalı pianoçu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culian Musiqi Akademiyasının professoru Oksana Yablonskayanın gözəl çıxışı isə tamaşaçıların qəlbinə yol tapmışdır.

"Yeni Rusiya" Dövlət Simfonik Orkestri Azərbaycan tamaşaçılarına və xarici ölkələrdən Qəbələyə gəlmiş turistlərə unudulmaz gecə bəxş etmişdir.

"Yeni Rusiya Dövlət  Simfonik Orkestri 1990-cı ildə yaradılmışdır. 2010-cu ildə Rusiya Federasiyası Prezidentinin xüsusi mükafatına layiq görülmüş orkestrin bədii rəhbəri Yuri Başmetdir.

Y.Başmetin rəhbərliyi dövründə orkestrin fəaliyyətində yeni səhifə açılmış, onun konsert coğrafiyası və repertuarı genişlənmişdir. Dünyanın bir çox ölkələrində geniş konsert proqramları ilə çıxış edən orkestr dünya şöhrətli musiqiçilərlə əməkdaşlıq edir.

 

Azərbaycan. - 2013.- 6 avqust.- S. 7.