İkinci ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlanmışdır

 

2013-2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə ikinci ixtisas qrupu üzrə bu il avqustun 3-də keçirilmiş qəbul imtahanının nəticələri açıqlanmışdır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AzərTAc-a bildirmişlər ki, hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla 7727 nömrəsinə nömrələrini göndərməklə öyrənə bilərlər.

İkinci ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər - ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan; dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

İkinci ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 23 min 52 abituriyentdən 718 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən 22 min 334 abituriyentdən 34 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir.

Ən yüksək nəticə - 690 bal olmuşdur.

İxtisas seçimi avqustun 6-dan 15-dək internet vasitəsilə aparılacaqdır.

 

Azərbaycan. - 2013.- 6 avqust.- S. 8.