«Neft
Daşları» üçün yeni özül tikiləcək
"Neft
Daşları" yatağı üçün
yeni stasionar dəniz özülünün inşası nəzərdə
tutulub. ARDNŞ-in
"Neftqazelmitədqiqatlayihə" İnstitutunun
layihəsi əsasında inşa olunacaq özülün baş podratçısı şirkətin
"Neftqaztikinti" Trestidir.
ARDNŞ-in mətbuat
xidmətinin yaydığı məlumata görə, 8 istismar quyusunun
qazılması üçün nəzərdə
tutulan özül dənizin
27 metr dərinliyində yerləşdiriləcək.
7 dayaq bloklu özül 2 hissədən - istehsalat
və yaşayış sahələrindən ibarət olacaq və bu sahələr
hər birinin uzunluğu 33 metr olan 2 piyada
körpüsü ilə əlaqələndiriləcək.
Özül ən müasir qazma
avadanlığı, vertolyot
meydançası, çirkab və məişət
sularının yığılması üçün
xüsusi çənlər, 6 yanalma meydançası, 4 minik
meydançası, yükqaldırma qabiliyyəti 12,5 ton olan kran,
"ASTRA-20" tipli bioloji
sutəmizləmə qurğusu və digər
zəruri avadanlıqlarla təchiz ediləcək. Bundan başqa, elektrik enerjisi ilə təchizatın
etibarlılığını təmin etmək məqsədilə
özüldə 3 dizel elektrik
aqreqatı, 42 nəfərlik tanker tipli xilasetmə qayığı və hər
biri 10 nəfərlik 4 xilasedici
sal quraşdırılacaq. Ətraf mühitin və əməyin mühafizəsi bütün müasir
norma və tələblərə uyğun şəkildə təmin olunacaq.
Azərbaycan. - 2013.- 3 avqust.- S. 5.