Azərbaycanda
qaçqın və məcburi köçkünlərin sosial şəraitinin
yaxşılaşdırılması istiqamətində
görülən işlər barədə iranlı qonaqlara ətraflı məlumat verilmişdir
Azərbaycan
Respublikası Baş nazirinin
müavini, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənov avqustun 6-da İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin prezidentinin
səhiyyə, müalicə və reabilitasiya
üzrə müavini Əfsin Əlixaninin
rəhbərlik
etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
AzərTAc xəbər
verir ki,
görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə
dair məsələlər müzakirə
olunmuş, qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə
fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan
ilə İran arasında sıx dini, tarixi, mədəni
münasibətlərin olduğunu diqqətə
çatdıran Baş nazirin
müavini bildirmişdir
ki, ölkələrimiz arasında əlaqələr
dərinləşir və inkişaf edir. İranın Qızıl Aypara
Cəmiyyətinin xətti ilə Azərbaycanda müxtəlif humanitar layihələr həyata keçirilir.
Əli Həsənov Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
tarixindən, ölkəmizdə qaçqın və məcburi
köçkünlərin sosial problemlərinin
həlli istiqamətində görülən işlərdən
danışmışdır. Bildirmişdir ki, Ermənistan silahlı
qüvvələrinin ölkəmizə hərbi təcavüzü
nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağ
və ona bitişik yeddi rayonun ərazisi işğal olunmuş, bir milyon 200 min soydaşımız qaçqın və məcburi
köçkün vəziyyətinə
düşmüşdür. Bu gün Azərbaycan istənilən
yolla işğal
altındakı torpaqlarını azad etməyə
qadirdir.
Komitə sədri
qonaqlara Prezident İlham Əliyev və beynəlxalq təşkilatlar
tərəfindən qaçqınların və məcburi
köçkünlərin sosial, mənzil-məişət
şəraitinin yaxşılaşdırılması istiqamətində
görülmüş işlərdən
də danışmışdır. Bildirmişdir
ki, dövlət
başçısının bu sahəyə
olan diqqəti və qayğısı nəticəsində
qaçqınların və məcburi köçkünlərin
problemləri həll edilir. Qaçqın
və məcburi köçkünlər üçün
82 müasir qəsəbə
salınmışdır. Bu qəsəbələrdə
160 minə yaxın qaçqın və məcburi köçkün yerləşdirilmişdir.
Hazırda bu istiqamətdə işlər
intensiv şəkildə davam
etdirilir.
Baş nazirin
müavini diqqətə
çatdırmışdır ki, Prezident İlham Əliyev
artıq ölkəmizin 2020-ci ilədək strateji
istiqamətlərini müəyyənləşdirmişdir. "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf
Konsepsiyasında yoxsulluğun aradan qaldırılması,
iqtisadiyyatımızın neftdən
asılılığının minimuma
endirilməsi, Azərbaycanda insan
hüquqlarının qorunmasının beynəlxalq standartlara çatdırılması, korrupsiyaya qarşı mübarizənin maksimum gücləndirilməsi və digər
məsələlər nəzərdə tutulur.
Əli Həsənov qeyd etmişdir ki, bir milyondan
artıq məcburi köçkünü
olan Azərbaycan öz
inkişaf dövrünü
yaşayır, beynəlxalq tədbirlərə, forumlara ev sahibliyi
edir. Azərbaycan dünyanın tolerant ölkələrindən birinə çevrilmişdir. Azərbaycanda yaşayan bütün
xalqların nümayəndələri, o
cümlədən müxtəlif dinlərin təmsilçiləri
arasında bir-birinə qarşı tolerant
yanaşma mövcuddur.
Səmimi görüşə
görə minnətdarlığını bildirən
Əfsin Əlixani ölkələrimiz arasında münasibətlərdən
söhbət açmış, təmsil etdiyi
təşkilatın gördüyü
işlərdən danışmışdır.
Azərbaycanın sürətlə
inkişaf etdiyini deyən
qonaq İranın ölkəmizin əldə
etdiyi nailiyyətlərə sevindiyini bildirmişdir.
Qonaqlara Ermənistanda
azərbaycanlılara qarşı aparılan etnik
təmizləmə siyasətinin və erməni silahlı
qüvvələri tərəfindən Azərbaycan
torpaqlarının işğalının ağır nəticələrini
əks etdirən məlumat kitabçası və videodisk təqdim olunmuşdur.
Sonra nümayəndə
heyəti Dərnəgül tələbə şəhərciyindəki
Bakı İdarəetmə və Texnologiya
Kollecinin yataqxanasına baş
çəkmişdir.
Qonaqlar Ağdam
rayonundan olan məcburi
köçkünlər - şəhid ailələrinin
üzvləri Zümrüd Quliyeva və Qəndab Səmədovanın
problemləri ilə maraqlanmışlar. Məcburi
köçkünlər daim öz doğma
torpaqlarına qayıtmaq arzusunda
olduqlarını diqqətə çatdırmışlar.
Əfsin Əlixaninin rəhbərlik
etdiyi nümayəndə heyəti Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1440 məcburi
köçkün ailəsi üçün yeni
salınmış məhəllədə də olmuşdur.
Qonaqlar Ağdam
rayonundan olan məcburi
köçkün Nazilə
Tağıyevanın evində yaradılmış şəraitlə
maraqlanmışlar.
Öz doğma
yurd-yuvalarına dönmək arzusunda
olduqlarını dilə gətirən məcburi köçkün N.Tağıyeva onlar üçün
yaradılmış şəraitə görə dövlət
başçısına minnətdarlığını bildirmişdir.
Məhəllədə
tikilən 1300 şagird yerlik
Ağdam rayon 33
nömrəli tam orta
məktəb ilə tanış olan
qonaqların diqqətinə çatdırılmışdır
ki, müasir təlim
avadanlığı ilə diqqəti cəlb edən bu təhsil ocağında təlim-tədris üçün hər cür
şərait
yaradılmışdır.
Nümayəndə heyəti
Azərbaycanda qaçqınların və məcburi
köçkünlərin sosial, mənzil-məişət
şəraitinin yaxşılaşdırılması istiqamətində
görülən işləri yüksək qiymətləndirmişdir.
Azərbaycan. - 2013.- 7 avqust.- S. 3.