Dövlət Sərhəd Xidmətinin rəisi Şəmkirdə vətəndaşları qəbul etmişdir

 

Regionlarda vətəndaşlarla görüşlərin keçirilməsini, onların təklif, şikayət və rəylərinin öyrənilməsini, qanuni tələblərinin yerinə yetirilməsini bütün dövlət qurumlarının əsas vəzifələri hesab edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev avqustun 6-da Şəmkir sərhəd dəstəsində Şəmkir, Qazax, AğstafaSamux rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Qəbula gəlmiş vətəndaşlar sərhədlərimizin mühafizəsinin yüksək səviyyədə təşkilinə, sərhədyanı ərazilərdə təsərrüfat işləri zamanı ortaya çıxan problemlərin Dövlət Sərhəd Xidməti tərəfindən vaxtında həll edilməsinə, meşələrin mühafizəsinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmiş, qarşılaşdıqları bəzi problemlərlə əlaqədar müraciət etmişlər.

Həmin müraciətlər diqqətlə dinlənilmiş, bir qismi yerindəcə həll edilmiş, bəziləri isə araşdırılması üçün nəzarətə götürülmüşdür. Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid olmayan bəzi müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınmışdır.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 7 avqust.- S. 3.