Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur
Fərhad Abdullayevin
sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi Plenumunun xüsusi konstitusiya
icraatı üzrə növbəti açıq məhkəmə
iclası olmuşdur.
İclasda Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 308-ci maddəsinin "Qeyd" hissəsində nəzərdə tutulmuş "vəzifəli şəxs"
anlayışının şərh olunmasına dair Azərbaycan Respublikası Prokurorluğunun
sorğusu əsasında konstitusiya
işinə baxılmışdır.
Konstitusiya Məhkəməsinin
Plenumu iş üzrə
hakim R.Qvaladzenin məruzəsini,
maraqlı subyektin nümayəndəsinin
və mütəxəssislərin
çıxışlarını, ekspertin
rəyini dinləyib, işin
materiallarını araşdırıb müzakirə edərək
qərar qəbul etmişdir.
Qərarda deyilir
ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
308-ci maddəsinin "Qeyd" hissəsinin
mənasına görə:
-
qanunvericiliklə müəyyən edilmiş
qaydada tabeçiliyində olan
və ya olmayan şəxslər
barəsində sərəncam vermək səlahiyyətlərinə
və ya hüquqi və
fiziki şəxslər üçün
icrası məcburi olan qərarlar qəbul
etmək hüququna malik
olan dövlət qulluqçuları, bələdiyyə
üzvləri və bələdiyyə
qulluqçuları, zabit, gizir
və ya miçman olan hərbi qulluqçular
hakimiyyət nümayəndəsi kimi vəzifəli
şəxs hesab olunurlar;
- dövlət
və bələdiyyə müəssisə, idarə və təşkilatlarının,
habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının
işçiləri, hüquqi şəxs
yaratmadan sahibkarlıq fəaliyyəti ilə
məşğul olan şəxslər
yalnız hüquqi əhəmiyyət kəsb
edən, yəni başqa şəxslər üçün
hüquq münasibətlərinin əmələ
gəlməsi, dəyişməsi və ya
xitam olunması ilə nəticələnən
və ya nəticələnə bilən
hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud
rəsmi təfsir oluna bilməz.
Azərbaycan. - 2013.- 7 avqust.- S. 3.