Azərbaycan-UNESCO
arasındakı əlaqələr qarşılıqlı
faydalı əməkdaşlığa əsaslanır
Azərbaycan
Respublikasının uğurlu xarici siyasətinin əsasında
nüfuzlu beynəlxalq təşkilatlarla
qarşılıqlı faydalı əməkdaşlıq
münasibətlərinin qurulması mühüm əhəmiyyət
kəsb edir. Bu istiqamətdə həyata
keçirilən davamlı siyasət dövlətimizin beynəlxalq
aləmdə mövqelərinin daha da möhkəmlənməsinə
gətirib çıxarmışdır. Əsası ulu
öndər Heydər Əliyev tərəfindən qoyulan
xarici siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən
yeni dövrün tələblərinə uyğun olaraq
inamla davam etdirilir və böyük nailiyyətlərlə nəticələnir.
Ölkə rəhbərliyinin demokratik
dövlət quruculuğu yolunda atdığı mühüm
addımlar respublikamızın dünya siyasətində yerini
və rolunu xeyli möhkəmləndirmişdir.
Bu sahədə
mühüm istiqamətlərdən biri də Azərbaycan
Respublikasının BMT-yə daxil olan beynəlxalq təşkilatlar
sistemi ilə əməkdaşlıq əlaqələrinin
qurulmasıdır. BMT-nin ixtisaslaşmış təsisatlarının
yaradılması, fəaliyyəti və onların bu qurumla əlaqələrinin
ümumi hüquqi mexanizmi təşkilatın Nizamnaməsinin
bir sıra maddələrində öz əksini
tapmışdır. Belə ki, təşkilatın
Nizamnaməsinin 57-ci maddəsində ixtisaslaşmış
qurumların əsas səciyyəvi cəhətləri qeyd
olunur: belə təşkilatların yaranması haqqında
sazişlərin dövlətlərarası mahiyyət
daşıması; onların öz təsis aktları çərçivəsində
geniş beynəlxalq məsuliyyət daşıması;
BMT ilə bağlı olması; müəyyən sahələrdə
(iqtisadi, sosial, elmi-texniki, mədəni, humanitar və s.) fəaliyyət
göstərməsi, yəni ixtisaslaşması göstərilib.
Hazırda BMT strukturunda
geniş ixtisaslaşmış təsisatlar fəaliyyət
göstərir ki, onların da əksəriyyəti müəyyən
dərəcədə insan hüquqları məsələləri
ilə məşğul olur. Məsələn,
Beynəlxalq Əmək Təşkilatı, Ümumdünya Səhiyyə
Təşkilatı, BMT-nin Təhsil, Elm və Mədəniyyət
Məsələləri üzrə Təşkilatı
(UNESCO), Ümumdünya Əqli Mülkiyyət Təşkilatı,
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
və s.
Belə təşkilatlardan biri UNESCO-dur.
UNESCO 1945-ci ildə London Konfransında təsis olunmuş və Nizamnaməsi
4 noyabr 1946-cı ildə qüvvəyə minmişdir. Mərkəzi qərargahı Fransanın paytaxtı
Parisdə yerləşir. Təşkilatın
tərkibinə dünyanın müxtəlif ölkələrində
fəaliyyət göstərən 67 büro və alt bölmələr
daxildir. Bu qurum 1946-cı ilin dekabrından
BMT-nin ixtisaslaşmış təsisatıdır. Onun əsas vəzifəsi maarifçilik, elm və mədəniyyət,
kütləvi informasiya vasitələrindən istifadə, xalq
təhsilinin, elmin və mədəniyyətin inkişafı
sahəsində beynəlxalq əməkdaşlığın
genişləndirilməsi yolu ilə dünyada sülhün və
təhlükəsizliyin bərqərar olmasına nail
olmaqdır.
Hazırda 200-ə yaxın dövlət bu
təşkilatın üzvüdür.
UNESCO-nun əsas məqsədi irqindən, cinsindən,
dilindən və dinindən asılı olmayaraq təhsil, elm
və mədəniyyət sahələri üzrə
xalqların əməkdaşlığını genişləndirmək
yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə
kömək etməkdir. Təşkilatın
Nizamnaməsi 9 hissə, 57 maddədən ibarədir.
UNESCO məqsədini Nizamanaməsinin birinci maddəsində
belə açıqlayır: "UNESCO beynəlxalq əməkdaşlığa
söykənən, elm, mədəniyyət və təhsil
yolu ilə dünyamızın sülh və təhlükəsizliyini
qorumaq məqsədilə qurulmuşdur". Təşkilat
millətlərarası qarşılıqlı əlaqələri
inkişaf etdirərək anlaşma yaratmaq, insanları
bir-birinə yaxınlaşdırmaq, habelə dünyanın
geridə qalmış ölkələrində kütləvi
savadsızlığın aradan qaldırılması kimi
prioritet istiqamətləri özünün əsas fəaliyyəti
hesab edir. UNESCO-nun fəaliyyətinin əsas
istiqamətlərindən biri tarixi mədəniyyət abidələrinin
mühafizə edilməsidir.
Ulu öndər Heydər Əliyevin
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra respublikamız özünün
geosiyasi imkanlarını gerçəkləşdirməyə
başlamışdır. Azərbaycan artıq insan hüquqları sahəsində
300-dən çox beynəlxalq müqavilənin
iştirakçısı və nüfuzlu beynəlxalq təşkilatın
üzvüdür. Ulu öndərin Azərbaycanda siyasi rəhbərliyə
qayıdışı ölkənin ictimai-siyasi, sosial-iqtisadi,
elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə
əsl dönüş yaratdı, bütün sahələrdə
elmi əsaslara, beynəlxalq norma və
prinsiplərə uyğun müstəqil dövlət
quruculuğu prosesi başlandı. Heydər
Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar
iqtisadiyyatının bərqərar olması, Azərbaycanın
dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə
proqramının, aqrar islahatların həyata keçirilməsi
ardıcıl prioritet sahələr olmuşdur. Müstəqil Azərbaycanın
ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev
demokratik, hüquqi dövlət quruculuğu istiqamətində
də uğurlu siyasət yeridərək ölkədə
insan hüquq və azadlıqlarının başlıca
prinsiplərinin bərqərar olması üçün əsaslı
zəmin yaratmışdır. Belə bir
siyasət bu gün yeni bir istiqamətlə və inkişafla
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
UNESCO və Azərbaycan Respublikası
arasındakı əlaqələrin formalaşması və
inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə
bağlıdır. Belə ki, bu nüfuzlu təşkilatla
Azərbaycan arasında əlaqələrin inkişafında ən
mühüm addım ulu öndərin 1993-cü ilin dekabr
ayında Fransa Respublikasına rəsmi səfəri zamanı
UNESCO-nun baş direktoru Federiko Mayorla görüşü
mühüm rol oynamışdır. Tərəflər
öz aralarında əməkdaşlığın genişlənməsi
məsələsini və onun sonrakı inkişafının
perspektiv planlarını müzakirə etmişdilər.
Azərbaycan Respublikası və UNESCO
arasında əməkdaşlığa dair 1996-cı ilin
noyabrında imzalanmış saziş isə təhsil, elm, mədəniyyət
və humanitar sahələrdə əməkdaşlığın
yeni mərhələsinin başlanğıcını
qoymuşdur. Təsadüfi deyil ki, məhz bundan sonra Azərbaycanda
ali təhsilin TASIS və TEMPUS
proqramlarına uyğun şəkildə yenidən
qurulmasına dair layihələr reallaşdırılmağa
başlanmışdı. 2000-ci il UNESCO tərəfindən
Böyük İpək Yolu-TRASEKA ili elan olunmuşdu.
UNESCO-nun Nizamnaməsinin 7-ci maddəsinə
görə, üzv-dövlət təhsil, elm və mədəniyyətlə
məşğul olan qurumların fəaliyyətini onun işi
ilə əlaqələndirmək üçün ilk növbədə
milli komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata
keçirməli idi. Ona görə də
UNESCO üzrə Azərbaycan Respublikasının Milli
Komissiyasının yaradılması məqsədilə
lazımi addımlar atılmış və ulu öndər
Heydər Əliyev bununla bağlı 1994-cü il
fevralın 21-də xüsusi sərəncam
imzalamışdı. Sərəncama əsasən
Milli Komissiya Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyinin nəzdində yaradılmışdır.
2005-ci il sentyabrın 15-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev bu nüfuzlu
qurumla ölkəmiz arasında qarşılıqlı əlaqələrin
inkişaf səviyyəsini nəzərə alaraq UNESCO üzrə
Azərbaycan Respublikasının Milli Komissiyası ilə
bağlı əlavə tədbirlər haqqında sərəncam
imzalamışdır.
Ölkəmizin UNESCO ilə əlaqələrinin
qurulmasında və inkişafında Heydər Əliyev
Fondunun fəaliyyəti xüsusi qeyd olunmalıdır.
2004-cü ildən analoqu olmayan əlahiddə statuslu ictimai
qurum kimi fəaliyyət göstərən Heydər Əliyev
Fondu xeyirxah və humanist insani dəyərlərə
tapınaraq ümummilli liderin zəngin dövlətçilik
irsinin bütün dünyada tanıdılması və təbliği
istiqamətində ardıcıl iş aparır. Ulu öndərin
mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan
saf ideallarının ictimai şüurda möhkəmlənməsinə
çalışan, millətin gələcəyi naminə bir
sıra strateji əhəmiyyətli layihələri inamla həyata
keçirən Heydər Əliyev Fondu uğurlu fəaliyyətilə
Azərbaycan cəmiyyətində milyonların ümid, pənah
yerinə çevrilmişdir. Xalqın mənəvi
sərvətinin və milli mədəniyyətinin sadiq
keşikçisinə çevrilmiş Heydər Əliyev
Fondu ilk növbədə ulu öndərin müdrikliyə əsaslanan
həyat fəlsəfəsini, xalqa xidmət missiyasının
əbədiyaşarlığını təmin edən
mühüm ideoloji-humanitar mərkəzdir. Qurumun
başlıca məqsədi ulu öndərin zəngin dövlətçilik
irsinin öyrənilməsinə və təbliğinə xidmət
edən irimiqyaslı proqramları himayə etmək, xalqın
rifahının yüksəldilməsinə yönəlmiş
faydalı təşəbbüsləri dəstəkləmək,
elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə
və idmanın inkişafını təmin edən layihələrə
yardımçı olmaq, milli-mənəvi dəyərlərə
sadiq gənclərin yetişdirilməsinə
çalışmaq, respublikamızın nüfuzunu
artırmaq kimi strateji əhəmiyyətli vəzifələrdən
ibarətdir.
UNESCO
ilə Azərbaycan
Respublikası arasındakı əlaqələr Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı
səfiri seçiləndən sonra daha sürətlə inkişaf etməyə
başlamışdır. Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyeva bu ada ənənəvi musiqinin, ədəbiyyat
və poeziyanın inkişafına verdiyi töhfələrə,
musiqi təhsili və dünya mədəniyyətlərinin
mübadiləsi sahəsindəki xidmətlərinə və
bu mötəbər təşkilatın ideyalarına göstərdiyi
sadiqliyə görə layiq görülmüşdür.
Bundan başqa, Mehriban xanım Əliyeva sivilizasiyalararası
dialoq da daxil olmaqla, müxtəlif sahələrdə
genişmiqyaslı və fədakar fəaliyyətinə,
qayğıya ehtiyacı olan uşaqlara diqqətinə,
onların yaşayış şəraitinin
yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə
böyük dəstəyinə görə 2006-cı il noyabrın
24-də ISESCO-nun xoşməramlı səfiri adına layiq
görülmüşdür. Dünya Səhiyyə Təşkilatı
İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə
keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə
ana, uşaq və ailə sağlamlığının
qorunması və möhkəmlənməsi işində
müstəsna xidmətlərinə görə Mehriban
xanım Əliyeva bu beynəlxalq təşkilatın
mükafatına layiq görülmüşdür.
2009-cu
ildə Azərbaycanla Polşa arasında dostluq münasibətlərinin
inkişafındakı xidmətlərinə görə
Böyük Komandor Xaçı ordeni, 2010-cu ildə isə Azərbaycanla
Fransa arasında dostluq münasibətlərinin
inkişafındakı xidmətlərinə görə
Fransanın "Şərəf Legionu" ordeninin zabit dərəcəsi
ilə ("Fəxri legionun böyük xaç komandoru")
təltif edilmişdir. 2010-cu il iyulun 30-da
Mehriban xanım Əliyevaya UNESCO-nun baş direktoru İrina
Bokova tərəfindən Motsart medalı təqdim
olunmuşdur.
Hər bir dövlətin müəyyən
bir beynəlxalq təşkilatla əməkdaşlığının
əsasında həmin beynəlxalq təşkilat tərəfindən
qəbul edilən beynəlxalq sazişlərdə dövlətin
iştirakı durur. Təqdirəlayiq
haldır ki, ölkəmiz qısa müddət ərzində
təşkilatın əksər konvensiyalarına
qoşulmuşdur. Bunlara aiddir: Silahlı münaqişə
zamanı mədəni dəyərlərin qorunması
haqqında 14 may 1954-cü il Konvensiyası; Ümumdünya mədəni
və təbii irsinin qorunması haqqında 16 noyabr 1972-ci il
Konvensiyası; Avropa regionu dövlətlərində tədris
kurslarının, ali təhsil haqqında diplomların və
elmi dərəcələrin tanınması haqqında 21
dekabr 1979-cu il Konvensiyası; Asiya və Sakit okean dövlətlərində
tədris kurslarının, ali təhsil haqqında
diplomların və elmi dərəcələrin
tanınması haqqında 16 dekabr 1983-cü il regional
Konvensiyası; Müəlliflik hüququ haqqında 6 sentyabr
1952-ci il Ümumdünya Konvensiyası; Avropa regionunda ali təhsil
ixtisaslarının tanınması haqqında Konvensiya; Mədəni
dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi,
ölkədən çıxarılması və mülkiyyət
hüququnun qanunsuz olaraq başqasına verilməsinin
qadağan edilməsi və qarşısının
alınmasına yönəldilmiş tədbirlər
haqqında 14 noyabr 1970-ci il Konvensiyası; Başlıca olaraq
su quşlarının məskəni kimi beynəlxalq əhəmiyyətə
malik su-bataqlıq yerləri haqqında 2 fevral 1971-ci il
Konvensiyası; Fonoqram istehsalçılarının mənafelərinin
onların fonoqramlarının qanunsuz istehsalında mühafizəsi
haqqında 29 oktyabr 1971-ci il Konvensiyası; Beynəlxalq
Xüsusi Hüququ Unifikasiya İnstitutunun (YUNIDRUA)
oğurlanmış, yaxud qanunsuz çıxarılmış
mədəni dəyərlər haqqında 1995-ci il
Konvensiyası; Qeyri-maddi mədəni irsin qorunması
haqqında 17 oktyabr 2003-cü il tarixli Konvensiyası;
İdmanda dopinqə qarşı mübarizə haqqında 19
oktyabr 2005-ci il tarixli Beynəlxalq Konvensiya; Mədəni
özünüifadə müxtəlifliyinin qorunması və
təşviqi haqqında 20 oktyabr 2005-ci il Konvensiyası.
Heydər Əliyev Fondu təhsil, səhiyyə,
mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və
digər sahələrdə müxtəlif layihələr həyata
keçirərək yeni cəmiyyət quruculuğunda fəal
iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına
öz töhfəsini verir. Bir sıra amnistiya aktlarının qəbul edilməsinin
təşəbbüskarı kimi çıxış
etmiş Mehriban xanım Əliyevanın fəaliyyəti son nəticədə
vətəndaşlarda dövlətə olan inamı möhkəmləndirməyə
xidmət edir. Təkcə
bir faktı qeyd etmək kifayətdir ki, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü
ilə 7 may 2013-cü il tarixdə qəbul
edilmiş Amnistiya aktı 9 mindən çox şəxsə
şamil olunmuşdur.
UNESCO
və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım
Əliyevanın təşəbbüsü və rəhbərliyi
altında Azərbaycan Respublikası və UNESCO
arasında elm, təhsil və mədəniyyət
sahəsində bir sıra mühüm layihələr həyata
keçirilmiş və əməkdaşlıq münasibətləri
daha da inkişaf etdirilmişdir. Bütövlükdə 1995-ci
ildən etibarən rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun xətti ilə festivallar, sərgilər, mədəniyyət
tədbirləri və konsertlər təşkil etməklə
Mehriban xanım Əliyeva ölkəmizin mədəni irsinin təbliğinin,
onun milli və regional səviyyələrdə mühafizəsinin
təmin olunması sahəsində böyük işlər
görmüşdür. Azərbaycan Respublikası UNESCO-ya
üzv olduqdan bu günə qədər təşkilat hər
zaman ölkəmizin mədəniyyət, ədəbiyyat, elm,
təhsil, səhiyyə sahəsində xidmətləri
olan şəxsiyyətlərin yubileylərinin və əlamətdar
hadisələrin qeyd olunması üzrə bir sıra qərarlar
qəbul etmişdir. Buna Məhəmməd Füzulinin anadan
olmasının 500 illik yubileyi, 2000-ci ildə "Kitabi-Dədə
Qorqud" dastanının 1300 illik yubileyi, 2001-ci ildə Nəsirəddin
Tusinin anadan olmasının 800 illik yubileyi, 2002-ci ildə azərbaycanlı
alim, şərqşünas Mirzə Kazımbəyin 200 illik
yubileyi, 2005-ci ildə akademik Yusif Məmmədəliyevin 100
illik yubileyi, 2006-cı ildə məşhur rəssam,
xalça ustası Lətif Kərimovun 100 illik yubileyi, 2008-ci
ildə "Leyli və Məcnun" operasının ilk
tamaşasının 100 illik yubileyi, 2008-ci ildə
yazıçı Mir Cəlal Paşayevin 100 illik yubileyi,
2009-cu ildə akademik Musa Əliyevin 100 illik yubileyi, 2009-cu ildə
dahi rəssam Səttar Bəhlulzadənin 100 illik yubileyi misal
ola bilər.
UNESCO-nun Ümumdünya İrs
Siyahısına daxil edilmiş ilk tarixi abidəmiz Bakı
şəhərinin füsunkar məkanı olan İçərişəhər
memarlıq kompleksidir. Kompleks
2000-ci ilin dekabr ayında həmin siyahıya daxil edilmişdir.
Bundan başqa, həmin siyahıya Qobustan
Dövlət Tarixi Bədii Qoruğu da
salınmışdır. Qoruq UNESCO-nun Ümumdünya
İrs Komitəsinin 2007-ci ildə Yeni Zelandiyada
keçirilmiş 30-cu sessiyasında qəbul edilmiş qərara
əsasən Ümumdünya İrs Siyahısına daxil
edilmişdir. 2003-cü il noyabr
ayının 7-də Azərbaycan muğamı UNESCO-da bəşəriyyətin
qeyri-maddi irsinin şah əsəri elan olunmuşdur. 2009-cu il
28 sentyabr - 2 oktyabr tarixlərində Birləşmiş Ərəb
Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən
təşkilatın Qeyri-maddi Mədəni İrsin
Qorunması üzrə Hökumətlərarası Komitəsinin
4-cü sessiyasında komitənin yekun qərarına əsasən,
Azərbaycanın aşıq sənəti, beynəlmiləl
qeyri-maddi mədəni irs nümunəsi kimi Novruz bayramı UNESCO-nun Qeyri-maddi Mədəni
İrs üzrə Reprezentativ Siyahısına daxil
edilmişdir.
Heydər Əliyev Fondunun təşəbbüsü
ilə bir sıra sazişlərin imzalanması bu sahədə
əməkdaşlığın yeni istiqamətlərini
müəyyən etməklə bərabər, dövlətimizin
beynəlxalq öhdəliklərinin icrası istiqamətində
də mühüm işlər görülmüşlür.
Məsələn, 2005-ci il avqustun 24-də
Bakı şəhərində "UNESCO-Azərbaycan: gələcəyə
körpü" mövzusunda keçirilən beynəlxalq
konfransda təşkilatla Azərbaycan arasında təhsil sahəsində
əməkdaşlığa dair Qarşılıqlı
Anlaşma Memorandumu imzalanmışdır. Memorandumda
təhsildə bərabər imkanların yaradılması,
informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, təhsilin
bütün pillələri üzrə kurikulumun yeniləşdirilməsi
və müəllimlərin ixtisasartırma sisteminin təkmilləşdirilməsi
vasitəsilə keyfiyyətin artırılması, beynəlxalq
əməkdaşlıq şəbəkəsinin təşkili
və digər əsas prioritetlər əks olunmuşdur.
27 aprel 2007-ci ildə Heydər Əliyev Fondunun prezidenti,
UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban
xanım Əliyeva və Azərbaycanda səfərdə olan
ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri
tərəfindən Heydər Əliyev Fondu ilə ISESCO
arasında imzalanan əməkdaşlıq haqqında protokol
elm, mədəniyyət, təhsil sahəsində əlaqələrin
inkişafını, birgə layihələrin işlənib həyata
keçirilməsini, fəaliyyətin əlaqələndirilməsini
nəzərdə tutur. 2007-ci ilin 18 iyununda UNESCO, Azərbaycan
hökuməti və Heydər Əliyev Fondu arasında "Azərbaycanda
peşə təhsilinin inkişafı" layihəsinin icra
planına dair saziş imzalanmışdır. 19
mart 2009-cu ildə isə qeyri-maddi mədəni irsin
qorunması sahəsində məqsədlərə nail olmaq
üçün Heydər Əliyev Fondu və UNESCO
arasında əməkdaşlıq haqqında saziş
imzalanmışdır.
Təşkilatın himayəsi ilə
keçirilən beynəlxalq tədbirlərdə Azərbaycan
həqiqətlərinin dünyaya çatdırılması
da mühüm yer tutur, bundan başqa, qəbul edilən bir
sıra qərarlar da xüsusi əhəmiyyət
daşıyır. 2008-ci il 10-11 iyunda
Bakıda "Mədəniyyətlərarası dialoqda
qadınların rolunun genişləndirilməsi"
mövzusunda beynəlxalq forum keçirilmişdir. Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü,
UNESCO-nun və ISESCO-nun dəstəyi ilə keçirilən
forumda dünyanın müxtəlif ölkələrindən
300-dən çox nümayəndə, o cümlədən bir
neçə ölkənin birinci xanımları, ISESCO-nun
baş direktoru, UNESCO-nun xoşməramlı səfirləri
iştirak edirdilər. Forumun yekununda Bakı Bəyannaməsi
və birinci xanımların bəyanatı qəbul
olunmuşdur. 2010-cu il iyunun 22-24-də UNESCO-nun baş qərargahında
Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə
Konvensiyanın iştirakçı dövlətlərinin
Baş Assambleyasının növbəti 3-cü
sessiyasında Qeyri-maddi Mədəni İrsin Qorunması
üzrə Hökumətlərarası Komitəyə
keçirilən seçkilərdə Azərbaycan bu quruma
üzv qəbul edilmişdir.
Heydər Əliyev Fondunun
fəaliyyət istiqamətləri durmadan artır. İnsan
hüquqlarının təbliği və geniş tədrisi
istiqamətində də fond ardıcıl fəaliyyət
göstərir. Belə ki, ümummilli lider Heydər
Əliyev tərəfindən insan hüquqları sahəsində
imzalanmış bir sıra sənədlərlə (22 fevral
1998-ci tarixli "İnsan və vətəndaş
hüquqlarının və azadlıqlarının təmin
edilməsi sahəsində tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin Fərmanı, "İnsan hüquqlarının müdafiəsinə dair
Dövlət Proqramının təsdiq edilməsi
haqqında" 18 iyun 1998-ci il Azərbaycan Respublikası
Prezidentinin sərəncamı və s.) bu siyasəti yeni mərhələdə
uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən imzalanan "Azərbaycan Respublikasında insan hüquqlarının
müdafiəsi üzrə Milli Fəaliyyət Planının
təsdiq edilməsi haqqında" 28 dekabr 2006-cı il
tarixli, Azərbaycan
Respublikasında insan hüquq və azadlıqlarının
müdafiəsinin səmərəliliyini artırmaq sahəsində
Milli Fəaliyyət Proqramının təsdiq edilməsi
haqqında 27 dekabr 2011-ci il tarixli sərəncamlarda insan
hüquqları sahəsində fəaliyyətin genişləndirilməsi
ön plana çəkilmişdir. Həmin sənədlərə
əsasən ayrı-ayrı ali təhsil müəssisələrində
insan hüquqları kafedralarının məhz UNESCO
kafedraları kimi yaradılmasına Heydər Əliyev Fondunun
verdiyi dəstək əvəzedilməzdir. Dövlət
başçısı İlham Əliyevnın 17 iyun 2007-ci il
tarixli fərmanı ilə isə 18 iyunun ölkəmizdə
İnsan Hüquqları Günü elan olunması insan amilinə
həssas münasibətin bariz təcəssümü
olmuşdur.
Göründüyü
kimi, əsası ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulan və bu gün Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən uğurla davam
etdirilən bir siyasətə Heydər Əliyev Fondu tərəfindən
verilən dəstək dövlətimizin beynəlxalq əlaqələrinin
daha da möhkəmlənməsinə və inkişafına gətirib
çıxarmışdır. 2013-cü il iyul ayının
18-də Heydər Əliyev Fondunun təşəbbüsü
və onun gördüyü işlərin davamı olaraq UNESCO
və Azərbaycan hökuməti arasında Təhsil, elm, mədəniyyət
və kommunikasiya sahəsində əməkdaşlığa
dair Çərçivə Sazişinin imzalanması
yeni bir mərhələnin başlanğıcını
qoydu. Həmin mərasimdə
çıxış edən Mehriban xanım Əliyeva
demişdir: "Mən inanıram ki, bu saziş həmçinin
beynəlxalq səviyyədə başlanmış prioritet
proqramlara və təşəbbüslərə dəstək
verməklə UNESCO-nun ideallarının və prinsiplərinin
dünyada təbliğinə töhvə verəcəkdir".
UNESCO-nun
baş direktoru İrina Bokova UNESCO ilə Azərbaycan
arasında olan çoxillik əməkdaşlığa
görə Prezident İlham Əliyevə minnətdarlığını
bildirərək Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın mədəni irsin qorunmasına
göstərdiyi dəstəyi xüsusi
vurğulamışdır.
Əmir
ƏLİYEV,
Bakı
Dövlət Universitetinin hüquq fakültəsinin dekanı,
hüquq elmləri doktoru, professor
Azərbaycan. - 2013.- 7 avqust.- S. 6.