Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından iftar
süfrəsi açılmışdır
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü
ilə Moskvada Azərbaycan gecəsi təşkil
edilmişdir. Moskva
hökumətinin dəstəyi ilə Rusiya
Müftilər Şurası tərəfindən Poklonnaya qoradakı məscidin yanında qurulmuş "Ramazan
çadırı"nda Azərbaycanın dini-mədəni
abidələrinin fotosərgisi açılmışdır.
Heydər Əliyev Fondunun Rusiya
Federasiyasındakı nümayəndəliyi tərəfindən
təşkil olunmuş gecənin
qonaqlarına "Baku", "AMOR",
"İRS-Naslediye" jurnalları və
Heydər Əliyev Fondunun bir
sıra nəşrləri təqdim edilmişdir.
Azərbaycan
Respublikasının Rusiya
Federasiyasındakı səfirliyinin və Moskvada
akkreditə edilmiş bir
sıra başqa diplomatik
missiyaların əməkdaşlarının, Azərbaycan
icmasının və gənclərin nümayəndələrinin,
dindarların, müxtəlif millətlərdən olan qonaqların toplaşdığı tədbirin
əvvəlində "İxlas" fondunun
sədri Anas Məmmədov müqəddəs
Ramazan ayının əhəmiyyəti və
oruc tutmağın xeyri
barədə söhbət açmışdır. A.Məmmədov
qeyd etmişdir ki, Ramazan müsəlmanların
diqqətini bir daha Allaha xoş gedən xeyirxah əməllərə cəlb edir. Sonra qonaqlar
Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın orijinal
ideyası əsasında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
tərəfindən çəkilmiş "Azərbaycanda
tolerantlıq" adlı sənədli filmə tamaşa etmişlər.
Heydər Əliyev Fondu tərəfindən hazırlanmış
Azərbaycan haqqında videoçarxın nümayiş
etdirilməsi də böyük marağa səbəb olmuşdur.
Müqəddəs Qurani-Kərimdən surələr,
iftardan əvvəl vacib
olan axşam duası oxunmuş, sonra həmvətənlərimiz
və Moskva müsəlmanları 600 nəfərlik
bayram süfrəsi arxasında
oruclarını açaraq Azərbaycan milli yeməklərini dadmışlar.
Xatırladaq ki, Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla
Əliyevanın təşəbbüsü ilə son beş ildə Azərbaycan
Rusiya Müftilər Şurasının
"Ramazan çadırı" layihəsində
fəal iştirak edir.
Tədbirdə çıxış edən qonaqlar və dindarlar Heydər
Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinə
və şəxsən fondun vitse-prezidenti Leyla
Əliyevaya bayram ərəfəsində
Azərbaycan gecəsinin bu cür
yüksək səviyyədə təşkil olunmasına
görə təşəkkür etmişlər.
Fəridə
ABDULLAYEVA,
AzərTAc-ın
xüsusi müxbiri
Moskva
Azərbaycan. - 2013.- 7 avqust.- S. 6.