Muza RUBATSKİTE: «Qəbələ festivalı tamaşaçıların qəlbində silinməz iz buraxacaqdır»

 

Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, beynəlxalq müsabiqələr laureatı, tanınmış litvalı pianoçu xanım Muza Rubatskite AzərTAc-a müsahibəsində demişdir.

Festivalın təşkilatçılığını yüksək qiymətləndirən Muza Rubatskite bu möhtəşəm incəsənət bayramında görkəmli sənət adamları ilə birgə konsert verməyin özündə unudulmaz təəssürat yaratdığını vurğulamışdır.

Qəbələni Qafqazın İsveçrəsi adlandıran tanınmış pianoçu festivala dəvət aldığı üçün təşkilatçılara minnətdarlığını bildirmişdir. Muza Rubatskite demişdir: "Bu gözəl məkanın insanları çox səmimi, qonaqpərvərdirlər. Sizin musiqiçilərlə tanış oldum, yeni dostlar qazandım. Qəbələyə ilk gəlişimdir və bu günləri heç vaxt unutmayacağam. Gözəl təbiəti olan Qəbələdə klassik musiqi insanda xoş ovqat yaradır. Qəbələ festivalına uzun illər və daha böyük uğurlar arzu edirəm. İnanıram ki, hələ uzun müddət musiqisevərlər bu festivaldan zövq alacaqlar. Burada musiqinin müxtəlif janrları təbliğ olunur. Konsertimiz gözəl keçdimusiqi duyumu yüksək olan auditoriyanın mənə isti münasibətindən çox məmnunam".

 

Azərbaycan. - 2013.- 7 avqust.- S. 7.