Prezident İlham Əliyev
Kürdəmir şəhərinə içməli suyun verilməsi
mərasimində iştirak etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də
Külüllü su mənbəyindən Kürdəmir şəhərinə
içməli suyun verilməsi mərasimində iştirak etmişdir.
Dövlət
başçısı əvvəlcə rayon ictimaiyyətinin
nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyətinin
nümayəndələrini salamlayan Prezident İlham
ƏLİYEV dedi:
- İlk növbədə,
mən sizi qarşıdan gələn Ramazan bayramı
münasibətilə ürəkdən təbrik etmək istəyirəm.
Sizə cansağlığı, yeni uğurlar arzulamaq istəyirəm.
Biz bayram ərəfəsində Kürdəmirdə gözəl
layihənin istifadəyə verilməsini qeyd edirik. Kürdəmirə
içməli suyun verilməsi artıq reallıqdır. Mənə
verilən məlumata görə, artıq evlərə su
verilir. Getdikcə bu layihə böyüyəcəkdir. Gələn
ilin sonuna qədər Kürdəmirin su və kanalizasiya
problemləri tamamilə öz həllini tapacaqdır. Bundan əvvəlki
dövrdə biz çayboyu yerləşən kəndlərdə
təmizləyici qurğular quraşdırmışıq.
Otuza yaxın kəndə indi içməli suyun verilməsi təmin
edilmişdir. İndi şəhərə suyun verilməsi
layihəsi artıq başa çatır. Bir sözlə,
Kürdəmirin su problemləri tamamilə öz həllini
tapacaqdır. Bu, böyük layihədir, tarixi nailiyyətdir.
Çünki nəinki Kürdəmirdə, demək olar, Azərbaycanın
bütün yaşayış yerlərində içməli
su problemi uzun illərdir ki, insanları narahat edirdi. Bildiyimiz
kimi, Azərbaycanda su ehtiyatları o qədər də
böyük deyildir. Bizim əsas mənbəyimiz ölkəmizdən
kənarda formalaşır. Suyun idarə edilməsi, sudan səmərəli
şəkildə istifadə olunması, əlbəttə ki,
müasir şəbəkənin yaradılması layihələri
xüsusi əhəmiyyət daşıyır.
Əsas məsələ
ondan ibarətdir ki, Azərbaycan dövləti bu problemi də
həll edir. İnfrastruktur layihələri arasında
içməli su və kanalizasiya problemləri əlbəttə
ki, böyük əhəmiyyət daşıyır. Əvvəlki
dövrlərdə digər infrastruktur layihələri
uğurla icra edilmişdir.
Onların böyük əksəriyyəti demək olar ki,
başa çatmışdır, o cümlədən magistral
yolların tikintisi. İndi Hacıqabul-Kürdəmir avtomobil
yolunun genişləndirilməsi prosesi gedir, dörd zolaqdan ibarət
olacaqdır. Qazlaşdırma layihələri icra edilir.
Kürdəmirdə də bu proses geniş vüsət
almışdır. Təqribən 70 faiz səviyyəsində
artıq qazlaşdırma təmin edilmişdir. Ancaq Kürdəmir
rayonunda 100 faiz, yəni, bütün yaşayış məntəqələrində
qazlaşdırma layihələri icra edilməlidir.
Qazlaşdırma 100 faiz aparılacaqdır.
Kənd yollarının
tikintisi gedir. Həm dövlət büdcəsindən, eyni
zamanda, Prezidentin Ehtiyat Fondundan vəsait ayrılır. İndi
işlər gedir. Bir neçə kəndi birləşdirən
yollar tikilməkdədir. Gələcəkdə bu layihələrə
də əlavə vəsait ayrılacaqdır. Bu layihələrin
arasında içməli su layihəsi əlbəttə ki,
xüsusi əhəmiyyət daşıyır. Çünki
su həyat deməkdir. Təmiz su sağlam həyat deməkdir.
İnsanların sağlamlığı üçün Azərbaycan
dövləti əlindən gələni edir. O cümlədən
əvvəlki dövrlərdə Kürdəmirdə
poliklinika, şəhər xəstəxanası təmir
edilmişdir, Olimpiya Mərkəzi tikilmişdir. İndi isə
su layihəsinin istismara verilməsini qeyd edirik.
İnsan amili Azərbaycanda prioritet məsələdir.
Mən hələ 10 il bundan əvvəl
demişdim ki, biz qara qızılı insan kapitalına
çevirməliyik. Hesab edirəm ki, biz ötən illər ərzində
bu istiqamətdə istədiyimizə nail ola
bilmişik. İnsanların rifahı artır,
sağlamlığı möhkəmlənir. Biz bunu statistik göstəricilərdə də
görə bilərik. İnsanların
ömrünün uzunluğu artır. Dünya Səhiyyə
Təşkilatı, yəni, dünyada səhiyyə məsələləri
ilə məşğul olan ən böyük təşkilat
Azərbaycanda bu sahədə gedən islahatları dəstəkləyir
və qiymətləndirir. Biz isə öz
növbəmizdə insanların rahat yaşaması
üçün əlimizdən gələni edirik və edəcəyik.
Çünki bir daha demək istəyirəm ki,
bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı
dayanır.
Azərbaycan
əlbəttə ki, son 20 il ərzində
bazar iqtisadiyyatı prinsipləri ilə idarə olunur. İqtisadiyyatımız tam bazar iqtisadiyyatı
üzərində qurulubdur. Ancaq buna
baxmayaraq, çox güclü sosial siyasət aparılır.
Biz indi müxtəlif yerlərdə
baş verən hadisələri izləyərkən
görürük ki, sosial məsələlərə fikir
verilmədiyi halda böyük problemlər yaşanır.
Çünki bazar iqtisadiyyatı, əlbəttə
ki, hər bir ölkənin iqtisadi inkişafı
üçün əsas şərtdir. Ancaq
bəzi hallarda islahatlar çətinliklərə də gətirib
çıxarır. Bu çətinliklərin
qarşısını almaq və islahatları daha da inamla
aparmaq üçün güclü sosial siyasət
olmalıdır. Bu sosial siyasət müxtəlif
formalarda özünü göstərir - tikilən məktəblər,
xəstəxanalar, yollar, sosial obyektlər, maaşların,
pensiyaların qaldırılması, infrastruktur layihələrinin
icra edilməsi, yəni, insanı narahat edən bütün
problemlər aradan qaldırılmalıdır.
Son illər ərzində bu istiqamətdə
nailiyyətlər hesab edirəm ki, kifayət qədərdir.
Gələcək illərdə biz bu işləri
davam etdirəcəyik. Çünki hələ
görüləsi işlər çoxdur. Biz həm iqtisadi sahədə, sosial məsələlərin
həllində bundan sonra da islahatlar aparacağıq. İslahatlara böyük ehtiyac vardır. Çünki burada söhbət təkcə
investisiyalardan getmir, investisiya qoyuluşu Azərbaycanda yüksək
səviyyədə həll olunur, eyni zamanda, sistem xarakterli
islahatlar aparılmalıdır.
Biz indi, əlbəttə ki, keçid
dövrünü başa vurmuşuq. Azərbaycan bu gün tamamilə müasir əsaslar
üzərində inkişaf edir - istər siyasi sahədə,
istər iqtisadi sahədə, istərsə də sosial məsələlərin
həllində. Ancaq biz bu sahədə,
xüsusilə sosial məsələlərin həllində
inkişaf etmiş ölkələrin təcrübəsinə,
əlbəttə ki, baxmalıyıq. Bu təcrübədə
həm müsbət, həm mənfi məqamlar vardır.
Əlbəttə ki, biz müsbət məqamları
seçməliyik və öz sosial siyasətimizi inkişaf
etmiş ölkələrin meyarlarına
yaxınlaşdırmalıyıq, ona
uyğunlaşdırmalıyıq.
Biz
bunu edirik və bu gün Azərbaycanda sosial sahədə
aparılan işlər dünya miqyasında yüksək qiymətləndirilir. Hətta
son bir neçə il ərzində dünyanı, xüsusilə
Avropanı bürümüş iqtisadi-maliyyə
böhranı zamanı Azərbaycanda bir dənə də
olsun, sosial layihə ixtisar edilmədi, əksinə,
maaşlar, pensiyalar qaldırılır,
sosialyönümlü investisiyalara vəsait ayrılır.
Bax, bu içməli su layihələrinin
icrası böyük vəsait tələb edir.
Bu vəsaitin əsas hissəsi dövlət büdcəsi hesabına təşkil
edilir. Bu işlərin bir hissəsi kreditlər
hesabına icra edilir, ancaq bu kreditləri də Azərbaycan
dövləti qaytarmalıdır. Bir
sözlə, bu layihələr sırf sosial məna
daşıyır. Bu layihələrə
qoyulan investisiyalar 100 milyonlarla, bəlkə milyardlarla
ölçüləcəkdir. Çünki
biz ölkəmizin bütün su təsərrüfatını
yenidən qurmalıyıq və qururuq. Buraya
qoyulan investisiyalar qayıdan investisiyalar deyildir. Çünki Azərbaycanda suya olan dövlət
tarifləri çox aşağıdır və qoyulan
investisiyaları əhalidən yığılan tariflər
hesabına qaytarmaq mümkün olmayacaqdır. Bunu istəyirəm ki, hamı bilsin. Elə investisiyalar var ki, onlar kommersiya xarakteri
daşıyır. Amma Azərbaycanda
infrastruktur layihələrinə qoyulan vəsait sırf sosial
xarakter daşıyır. Avtomobil
yolları, qazlaşdırma, su layihələri, kənd
yolları - bunları dövlət insanların rahat, normal
yaşaması üçün edir.
Çox şadam ki, Kürdəmir şəhərində
də bu layihə artıq istismara verilir.
Kürdəmirin inkişafı daim diqqət mərkəzindədir.
Bayaq qeyd etdiyim kimi, burada əvvəlki illərdə
dövlət tərəfindən dəstək olmuşdur,
layihələr icra edilmişdir, sosial obyektlər, gözəl
Heydər Əliyev Mərkəzi tikilmişdir. Bu, doğrudan da mərkəzdir. Burada
müxtəlif tədbirlər keçiriləcəkdir.
Eyni zamanda, Kürdəmirdə iş yerlərinin
açılması ilə bağlı işlər
görülür. Bu gün südçülük,
heyvandarlıq ferması ilə tanış
olacağam. Yəni, rayonun hərtərəfli
inkişafı artıq reallıqdır. Bu
yüksək templəri biz gələcək illərdə
saxlamalıyıq ki, Kürdəmir daha da sürətlə
inkişaf etsin, insanlar daha da yaxşı yaşasınlar.
Sonra
Kürdəmir ictimaiyyəti adından rayon Ziyalılar Cəmiyyətinin
sədri Sabir NOVRUZOV çıxış edərək dedi:
-
Möhtərəm cənab Prezident.
Sizi rayon ictimaiyyəti adından
salamlayıram, Kürdəmirə xoş gəlmisiniz.
Bu gün Siz müqəddəs bayram ərəfəsində
Kürdəmirdə 22 min əhaliyə içməli təmiz
bulaq suyu verirsiniz, insanlarımıza sağlam həyat bəxş
edirsiniz.
Su saflıqdır, insan həyatı
üçün əvəzolunmaz nemətdir.
Lakin biz kürdəmirlilər uzun illərdir ki,
bu nemətin həsrətində idik. Şükürlər
olsun ki, Sizin diqqət və
qayğınız sayəsində bu problemimiz həll olunub.
Rayonumuzun
30-a yaxın kəndində Sizin təşəbbüsünüzlə,
Sizin tapşırığınızla yaradılmış
sutəmizləyici qurğular fəaliyyət göstərir. İnsanlarımız bundan faydalanır, sağlam həyat
keçirirlər. Ümumilikdə,
rayonumuzun əksər yaşayış məntəqələri
sutəmizləyici qurğularla, təmiz su ilə təmin
olunmuşdur. Bu işlər hazırda da
davam etdirilir. Bütün bunlara görə
rayonumuzun uşaqdan böyüyə qədər bütün əhalisinin
minnətdarlığını Sizə çatdırıram.
Ölkəmizin bütün bölgələrində
olduğu kimi, rayonumuz da gündən-günə inkişaf
edir, gözəl əhval-ruhiyyə hökm sürür.
Şəhərimiz, kəndlərimiz, qəsəbələrimiz
abadlaşır, yeni parklar, xiyabanlar, mərkəzlər
açılır, küçələrimiz yenidən
qurulur, yeni binalar tikilir, yeni istehsal sahələri
yaradılır. Rahat
yaşamağımız, firavanlığımız
üçün hər şey edirsiniz.
Möhtərəm cənab Prezident, biz
ziyalılar uzun illərdir ki, ölkəmizdə baş verən
yenilikləri diqqətlə izləyirik.
Son 10 ildə ölkəmiz gündən-günə
inkişaf edir, dünya miqyasında şöhrətini, öz
nüfuzunu, qüdrətini daha da artırır. Bütün bunlar bir reallıqdır. Bu reallığa Siz özünüzün xalqa
söykənən uğurlu siyasətinizlə, yenilməz iradənizlə
nail olmusunuz. Hər bir Azərbaycan vətəndaşının
rahat yaşaması, hüquqlarından maneəsiz istifadə
etməsi üçün hər cür şərait
yaratmısınız. Sizin
tapşırığınızla yaradılmış
"ASAN xidmət" qısa müddət ərzində
geniş əhali kütləsinin rəğbətini
qazanmışdır. Bu xidmət bir
neçə gündür ki, rayonumuzda da fəaliyyət
göstərir. İnsanlarımız bundan
faydalanır, ən xırda problemlərini belə qısa
vaxtda operativ, ən başlıcası şəffaf şəkildə
həll edirlər. Bütün bunlar bir
reallıqdır. Bu reallığa Siz nail olmusunuz.
Rayonumuzun hər yerində tikinti,
abadlıq, quruculuq işləri görülür.
Bütün bunlar bir daha sübut edir ki, Siz həmişə
bizi düşünürsünüz, problemlərimizin həllinə
çalışırsınız, rahat
yaşamağımız, xoşbəxt gələcəyimiz
üçün lazım olan hər şeyi edirsiniz.
Biz kürdəmirlilər də
bugünkü uğurlu inkişafımızın
sabahını, gələcəyini istəyirik, rahat, sakit
yaşamağımızı istəyirik.
Özümüzün, balalarımızın, nəvələrimizin,
bütün Azərbaycan xalqının xoşbəxt gələcəyini
istəyirik. Bütün bunları Siz təmin
edə bilərsiniz. Biz əminik ki, Siz bunu
təmin edəcəksiniz. Siz güclü
Azərbaycanımızın qarantısınız, rəmzisiniz.
Biz də həmişə Sizinlə
olacağıq, Sizə arxa-dayaq olacağıq, Sizi dəstəkləyəcəyik.
Allah Sizi qorusun!
Prezident
İlham ƏLİYEV: Sağ olun! Biz hələ çox iş görməliyik. Gələcəkdə
görüləsi işlər çoxdur. Ancaq son illər ərzində doğrudan da,
böyük işlər görülmüşdür. Azərbaycan artıq dünya miqyasında
güclü dövlət kimi tanınır, beynəlxalq əlaqələrimiz
genişlənir, dostlarımızın sayı artır.
Azərbaycan dünyanın ən mötəbər
beynəlxalq təşkilatlarının üzvüdür.
Bölgədə Azərbaycanın mövqeyindən
çox şey asılıdır. Bütün
bu qazanılmış uğurlar Azərbaycan xalqının
istedadı, zəhməti hesabına qazanılıbdır.
Çünki 20 il bundan əvvəl biz
müstəqilliyimizin ilk illərində idik və
hamımız o günləri yaxşı xatırlayırıq.
O
vaxt Azərbaycanın ümumi inkişafı sual altında
idi. Azərbaycan demək olar ki,
parçalanırdı, vətəndaş müharibəsi
baş vermişdi, iqtisadi sahədə heç bir islahat
aparılmırdı, sənaye tamamilə iflic vəziyyətinə
düşmüşdü. O vaxt həm dünyada, həm
ölkə daxilində Azərbaycanın gələcəyi ilə
bağlı çox bədbin fikirlər var idi. Ancaq güclü iradə, islahatlar və xalqla iqtidar
arasında olan birlik Azərbaycanı bu bəlalardan xilas etdi.
Bu gün açdığımız Heydər
Əliyev Mərkəzində o illərin şəkilləri əks
olunub. Doğrudan da, o illər, xüsusilə 1993-cü il həlledici il olmuşdur. O ildə Azərbaycanın
taleyi həll olunurdu. Xoşbəxtlikdən ulu öndərin qətiyyəti,
cəsarəti, müdrikliyi, xalqın ona olan inamı Azərbaycanı
bu bəlalardan qurtardı və 20 il ərzində
biz inkişaf yolu ilə gedirik.
Bu gün Azərbaycan dünya xəritəsində
nadir ölkələrdəndir ki, həm beynəlxalq aləmdə,
həm bölgədə, eyni zamanda, ölkə daxilində
çox müsbət istiqamətdə inkişaf edir, irəliyə
gedir. Azərbaycan xalqı təhlükəsizlik,
əmin-amanlıq şəraitində yaşayır.
İyirmi ildir ki, Azərbaycanda sabitlik,
ictimai asayiş qorunur, möhkəmlənir.
Yəni, hər bir ölkənin inkişafı
üçün əsas şərt sabitlikdir, əmin-amanlıqdır,
təhlükəsizlikdir.
Biz elə bir bölgədə
yaşayırıq ki, ətrafımızda
görürsünüz hansı problemlər cərəyan edir
- toqquşmalar, qarşıdurmalar, müharibələr.
Biz ölkəmizi güclü və müstəqil
siyasətlə qorumalıyıq və qoruyuruq. Eyni zamanda, daxildə aparılan islahatlar istər
siyasi sahədə, iqtisadi sahədə, sosial məsələlərin
həllində ölkəmizi gücləndirir.
Bu gün Azərbaycan tam şəkildə
müstəqil siyasət aparır. Bu siyasətin arxasında Azərbaycan
iqtidarının iradəsi və güclü iqtisadiyyat
dayanır. Güclü iqtisadiyyatı isə
biz yaratmışıq, Azərbaycan xalqı
yaratmışdır. Bu gün Azərbaycan
dünya miqyasında ən yüksək reytinqlərə malikdir.
Biz dünyanın aparıcı ölkələri
sırasındayıq, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə
görə 46-cı yerdəyik. Bu,
böyük nailiyyətdir.
Ölkədə quruculuq, abadlıq işləri
çox gözəl bir ab-hava yaradıb.
Yəni, mən bölgələrdə tez-tez
oluram. Kürdəmir rayonunda da bir neçə
dəfə olmuşam. Vəziyyətlə tanış oluram və görürəm ki, hər
bir rayonda belə quruculuğa, inkişafa olan istək, meyil
çox güclüdür. Elə bil ki, rayonlar
bir-biri ilə yarışa çıxıblar və bu,
sağlam rəqabətdir. Bu, məni
çox sevindirir. Bölgələr, rayonlar,
şəhərlər abadlaşır. İndi
Kürdəmir əvvəlki kimi deyildir, inkişaf edib, gözəlləşib
və daha da gözəl olacaqdır. Yəni,
ölkəmizin təcrübəsi hesab edirəm ki, keçid
dövründə yaşayan ölkələr
üçün də vacibdir.
İstənilən sahədə -
iqtisadi-siyasi islahatlar, cəmiyyətdə gedən proseslər,
birlik, həmrəylik, milli-dini tolerantlıq.
Yəni, biz bir çox məsələlərlə
bağlı nümunə göstəririk. Ancaq yenə də deyirəm ki, bizim əsas məqsədimiz
ondan ibarət deyildir. Əsas məqsədimiz
ölkəmizi gücləndirmək, insanların
yaxşı, normal yaşamasını təmin etməkdir.
Əlbəttə ki, bu layihələrin, məqsədlərin
arasında bax, bu gün qeyd etdiyimiz layihə xüsusi yer
tutur. Əminəm ki, Kürdəmirdə
bundan sonra da böyük işlər görüləcəkdir.
Biz hələ sizinlə görüşəcəyik,
böyük açılışlar olacaqdır. Bütün işlər Azərbaycanda həmişə
olduğu kimi, yaxşı olacaqdır.
***
Sonra
dövlət başçısı "Kürdəmir şəhərinin
su təchizatının planı"nı,
"Külüllü-Kürdəmir-Ucar-Zərdab su kəmərinin
planı"nı və Külüllü
su mənbəyində görülən işləri əks
etdirən stendlərə baxdı.
"Azərsu"
Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz
Hüseynov "Kürdəmir şəhərinin su təchizatı
və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi
və Külüllü su mənbəyi haqqında Prezident
İlham Əliyevə məlumat verdi.
Bildirildi
ki, 2011-ci ilin oktyabrında icrasına başlanılan
"Kürdəmir şəhərinin su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsinə
uyğun olaraq əhalini fasiləsiz və keyfiyyətli
içməli su ilə təmin etmək üçün
Ağsu rayonu ərazisində yerləşən
Külüllü su mənbəyindən istifadə olunur. Bu məqsədlə Girdmançayın
yatağında məhsuldarlığı saniyədə 450
litr olan drenaj tipli suqəbuledici qurğu tikilmişdir. Külüllü mənbəyindən Kürdəmir
şəhərinə saniyədə 120 litr təmiz və
keyfiyyətli içməli suyun verilməsi nəzərdə
tutulmuşdur. Layihə 2035-ci ilə qədər
perspektiv inkişaf nəzərə alınmaqla Kürdəmir
şəhərində 22,3 min nəfərin su təchizatı
və kanalizasiya xidmətlərinin, həmçinin Kürdəmir
rayonunun 14, Ağsu rayonunun 13 kəndində 48 min nəfərin
su təchizatının
yaxşılaşdırılmasına hesablanmışdır.
Qeyd
olundu ki, Külüllüdən Kürdəmir şəhərinə
və ətraf kəndlərə suyun özaxımlı rejimdə
verilməsi məqsədi ilə 27 kilometr uzunluğunda
magistral xətt çəkilmiş, tutumu 7,5 min kubmetr olan
anbar tikilmişdir. Layihə çərçivəsində
tikintisi nəzərdə tutulan 131,5
kilometrlik su şəbəkəsinin 110 kilometrlik hissəsində
işlər yekunlaşmışdır.
Diqqətə çatdırıldı ki,
6 min abunəçinin 1550-si xəttə qoşulmuş,
"smart kart" tipli ön ödənişli sayğac
quraşdırılmışdır.
Kürdəmir şəhərində inşası nəzərdə
tutulan 114,6 kilometrlik kanalizasiya şəbəkəsinin
22 kilometrlik hissəsi tikilmişdir. Eyni zamanda, şəhərdə
toplanacaq tullantı sularının çirkab sutəmizləyici
qurğuya özaxımlı rejimdə ötürülməsini
təmin etmək üçün 6,3 kilometr uzunluğunda
mikrotunel tipli kollektorun inşası və sutkalıq məhsuldarlığı
30 min kubmetr olacaq çirkab sutəmizləyici qurğunun
tikintisi davam etdirilir. Dövlət büdcəsi
vəsaiti hesabına maliyyələşdirilən layihənin
icrasının 2014-cü ildə başa
çatdırılması planlaşdırılır.
Məlumat verildi ki, Külüllü mənbəyi
Kürdəmir şəhəri ilə yanaşı, Zərdab
və Ucar şəhərlərini, həmçinin ətraf kəndləri
də içməli su ilə təmin edəcəkdir.
Layihəyə uyğun olaraq Külüllüdən
Kürdəmir şəhərinə 27, Zərdab şəhərinə
72, Ucar şəhərinə isə 57 kilometr uzunluğunda
magistral su kəmərləri çəkilmişdir.
Layihə tam yekunlaşdıqdan sonra Ucar rayonunun 22, Kürdəmir
rayonunun 14, Zərdab rayonunun 15, Ağsu rayonunun 13 və
Göyçay rayonunun 3 kəndi də su ilə təmin
olunacaqdır. Ümumilikdə layihədən
170 mindən artıq insan faydalanacaqdır. Külüllü mənbəyindən 2 kilometr cənubda
yerləşən suqəbuledici və paylayıcı
anbarların SCADA sistemi ilə idarə edilməsi də nəzərdə
tutulur.
Kürdəmirlilər ulu öndər Heydər
Əliyevin bu rayona səfərlərini xatırladılar.
Ümummilli liderin ölkəmizin
inkişafına xidmət edən siyasətinin bu gün
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyini bildirdilər.
Sonra dövlət başçısı
Kürdəmir şəhərinə suyun rəmzi olaraq verilməsini
bildirən düyməni basdı.
Azərbaycan
Prezidenti işlərin uğurla başa
çatdırılması ilə əlaqədar müvafiq
tapşırıqlarını verdi.
Sonda xatirə şəkilləri
çəkdirildi.
AzərTAc
Azərbaycan. - 2013.- 8 avqust.- S. 2.