Kürdəmir
heyvandarlıq və süd kompleksində yeni qablaşdırma sahəsi fəaliyyətə
başlamışdır
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun
7-də Kürdəmirə səfəri çərçivəsində
heyvandarlıq və süd kompleksi ilə tanış olmuşdur.
"Azərsun
Holdinq"in
müşahidə şurasının sədri Abdulbari
Gözəl dövlət
başçısına məlumat verdi ki, kompleksdə tikinti
işlərinin aparılmasına və avadanlıqla təchiz
edilməsinə 2011-ci ilin sonunda
başlanılmış, bu ilin əvvəlində sona
çatdırılmışdır. Kompleks
Atakişili kəndində 10 hektar ərazidə ən müasir
standartlar səviyyəsində inşa edilmişdir.
Müəssisənin tərkibinə süd
emalı zavodu və 500 başlıq
heyvandarlıq kompleksi daxildir.
Regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramına uyğun olaraq istifadəyə verilmiş
kompleksin ümumi dəyəri
12,6 milyon manatdır. Kompleksin
yaradılmasına İqtisadi İnkişaf Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumilikdə 3,2 milyon manat güzəştli
kredit ayrılmışdır.
Prezident İlham
Əliyev kompleksin süd
emalı zavodu ilə yaxından
tanış oldu.
Binanın foyesində ümummilli lider Heydər
Əliyevin və Prezident İlham
Əliyevin "Azərsun Holdinq"ə daxil
olan müəssisələrin
açılışlarında iştirakını əks
etdirən fotoguşə yaradılmışdır.
Sonra
Azərbaycan Prezidenti süd emalı prosesini izlədi.
Zavodun
laboratoriyasında xammalın
və hazır məhsulların keyfiyyətinin
dəqiq yoxlanılması
üçün ən
müasir cihazlar quraşdırılmışdır.
Bildirildi
ki, gündəlik 50
ton süd emalı gücünə malik olan zavod Avropa
ölkələrindən gətirilən
avadanlıqla təchiz
edilmişdir. Zavodda ən
son texnologiyaların tətbiq
edilməsi sanitar-gigiyenik
normalara uyğun süd və süd məhsullarının
istehsalına, saxlanılmasına,
istehlakçılara keyfiyyətli
şəkildə çatdırılmasına
şərait yaradır.
Zavodda 10 növdə,
36 çeşiddə "Bizim
süd" və
"Azəri süd"
brendi ilə süd və süd məhsulları istehsal edilir. Bu məhsullar qida
sahəsində mövcud
standartlara cavab verməklə beynəlxalq
keyfiyyət sertifikatlarına
layiq görülmüşdür.
Prezident
İlham Əliyev süd emalı zavodunun fəaliyyəti ilə tanışlıqdan
sonra kompleksin yeni qablaşdırma sahəsini işə salan düyməni basdı.
Burada
İsveçin dünyanın
170-dən çox ölkəsində
fəaliyyət göstərən
"Tetra Pak" şirkətinin ən son avadanlığı
quraşdırılmışdır.
Qablaşdırılan məhsullar uzun
müddət təzə
və təravətli
qalır.
Dövlət başçısı
süd zavodunun fəaliyyətini əks etdirən filmə və sxemə baxdı.
Burada
Prezident İlham Əliyevə Kürdəmirdə
və ölkənin digər rayonlarında heyvandarlığın inkişafı
ilə bağlı sxemlər təqdim olundu.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək
Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verdi ki, zavodun xammala
olan tələbatının
tam ödənilməsi məqsədi
ilə Şamaxı rayonu ərazisində ümumi dəyəri 14 milyon manat olan
1500 başlıq yeni heyvandarlıq kompleksinin tikintisinə başlanılmışdır.
Bu layihənin maliyyələşdirilməsinə Sahibkarlığa Kömək
Milli Fondu tərəfindən 8 milyon
manat güzəştli
kredit ayrılmışdır.
Diqqətə çatdırıldı ki,
ümumilikdə Aran iqtisadi rayonunda 6 min 270-dək
sahibkara 300 milyon manatdan çox, o cümlədən Kürdəmir
rayonunda 203 sahibkara
14,2 milyon manat güzəştli kreditlər
verilmişdir. Bu kreditlər
hesabına 26 min 760-dək yeni
iş yeri yaradılmışdır. Azərbaycan
Prezidentinin tapşırığına
uyğun olaraq dövlətin güzəştli
kreditləri hesabına
19 min 750 başlıq 16 müasir
heyvandarlıq kompleksinin
yaradılmasına 77 milyon
manat və illik emal gücü
175,2 min ton olan 7 süd
zavoduna 9,7 milyon manat güzəştli kredit verilmişdir. Maliyyələşdirilən süd emalı
müəssisələrinin hamısı, heyvandarlıq
komplekslərinin isə
9-u artıq istifadəyə
verilmişdir. Yeni fəaliyyətə
başlayan Biləsuvar
heyvandarlıq kompleksində
500 baş ətlik,
500 baş damazlıq qaramal bəslənəcəkdir.
Artıq
damazlıq qaramalın
bir hissəsi ölkəmizə gətirilmişdir.
Əlavə 3 heyvandarlıq kompleksinin
maliyyələşdirilməsi məsələsinə baxılır.
Sonra Prezident
İlham Əliyev heyvandarlıq ferması və buzovların saxlanma şəraiti ilə tanış
oldu.
Zavodun xammal bazasının təmin edilməsi məqsədi ilə süd emalı kompleksinin tərkibində
ilkin olaraq yaradılan 500 başlıq
iribuynuzlu heyvandarlıq
təsərrüfatı Almaniyanın
"GEA" şirkətinin ferma avadanlığı, avtomatik yönləndirmə
və yemləmə sistemləri, bir dəfəyə 28 baş
inək tutumlu "Paralel" tipli sağım avadanlığı,
soyutma sistemləri və digər avadanlıqla təchiz edilmişdir. Kompleksə hər biri gündəlik 25 litrdən
çox süd vermə qabiliyyətinə
malik 500 baş
"Holstein Friesian" cinsli inəklər gətirilmişdir.
Heyvandarlıq kompleksində
il ərzində 3,8 min ton süd istehsalı nəzərdə
tutulur. Bu isə
süd emalı zavodunun xammala olan tələbatını
qismən ödəyir.
Bununla yanaşı, Kürdəmir
və ətraf rayonlarda fəaliyyət göstərən fermerlərdən
gündəlik südün
qəbulu təşkil
edilir ki, bu da öz
növbəsində heyvandarlığın
inkişafını stimullaşdırır.
Qeyd
olundu ki, kompleksin tərkibində argentinalı mütəxəssislərlə
birlikdə müasir anqar tipli yüngül
konstruksiyalı tövlə
də tikilmişdir.
Burada eyni vaxtda 3500 inək bəslənəcəkdir.
Kompleksdə 140 nəfər daimi iş yeri ilə
təmin edilmişdir.
İnşa olunan yeni heyvandarlıq kompleksinin hesabına işçilərin
sayının 200-dək artırılacağı
nəzərdə tutulur.
Komplekslə tanışlıq zamanı
dövlət başçısına
məlumat verildi ki, tətbiq olunan müasir texnologiyaların istifadəsi,
cins heyvanların xüsusiyyətləri nəzərə
alınmaqla yemlənməsi
və bəslənməsi,
kənd təsərrüfatı
texnikalarından istifadə
qaydalarının daha
dərindən mənimsənilməsi
və dünyanın qabaqcıl ölkələrinin
təcrübəsinin öyrənilməsi
məqsədi ilə burada çalışan mütəxəssislərin bir
hissəsi Avropa ölkələrində xüsusi
kurs keçmişdir.
Gələcəkdə digər işçilərin
də təcrübələrinin
artırılması məqsədi
ilə kurs və seminarlara göndərilməsi nəzərdə
tutulur.
Komplekslə
tanışlıqdan sonra
Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.
AzərTAc
Azərbaycan. - 2013.- 8 avqust.- S. 3.