«Azərbaycan Hava Yolları»nın kollektivi
prezident seçkilərində dövlət
başçısı İlham
Əliyevin namizədliyini dəstəkləyəcəkdir
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətində
(QSC) geniş kollegiya
iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, "AZAL" QSC-nin prezidenti Cahangir Əsgərov iclasda
çıxış edərək son 10
ildə milli aviasiyamızın
inkişafı sahəsində görülmüş
işlərdən danışmışdır. Bildirilmişdir ki, hava nəqliyyatının ümummilli
lider Heydər Əliyev tərəfindən
başlanmış əsaslı surətdə yenidən
qurulması prosesini Azərbaycan Prezidenti İlham Əliyev
uğurla davam etdirmişdir. Həqiqətən də son 10 il milli
aviasiyanın sürətli inkişaf mərhələsi
olmuşdur. Hava nəqliyyatının infrastrukturu
yenilənmiş, yeni hava
limanları, yeni marşrutlar
açılmış, təyyarə parkı müasirləşdirilmişdir.
2004-cü ildə müasir standartlara uyğun
Naxçıvan Beynəlxalq Hava
Limanı, 2006-2011-ci illərdə bir-birinin
ardınca Gəncə, Zaqatala, Lənkəran
və Qəbələdə aeroportlar
istifadəyə verilmişdir.
Heydər Əliyev Beynəlxalq
Aeroportunda möhtəşəm "Baku Cargo Terminal"ı,
"Holiday İnn"
mehmanxanası (hazırda "Sheraton"
adlanır) və beynəlxalq standartlara cavab verən 4000 metrlik yeni uçuş-enmə zolağı tikilib istifadəyə verilmişdir.
MDB məkanında və Şərqi Avropada
ilk dəfə olaraq
beynəlxalq standartlara cavab
verən "Boeing-757", "Boeing-767",
"Airbus-319" və "Airbus-320" tipli
təyyarələrin trenajor mərkəzi
yaradılmışdır. Bununla
yanaşı, Beynəlxalq Logistika Mərkəzi
də açılmışdır.
Hazırda Heydər
Əliyev Beynəlxalq Aeroportunda müasir standartlara uyğun yeni aerovağzal kompleksinin tikintisi sürətlə davam
etdirilir. Kompleksin təməlini
Azərbaycan Prezidenti İlham
Əliyev qoymuşdur.
Son illər ərzində Azərbaycanın
milli aviadaşıyıcısının
təyyarə parkı 50-yə yaxın müasir
tipli hava gəmisinin
alınması ilə daha da
zənginləşmişdir. Bütün bunlar son 10 ildə həyata
keçirilmiş uğurlu
islahatların bəhrələridir.
Hava nəqliyyatının daha da inkişaf
etdirilməsi üçün kadr hazırlığı da
diqqət mərkəzində saxlanılmışdır. Milli Aviasiya Akademiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının
Mülki Aviasiya sahəsində
mütəxəssis hazırlayan ali təhsil
müəssisələrinin reyestrinə daxil
edilmiş, Azərbaycan Respublikası Təhsil
Nazirliyi tərəfindən attestasiya və akkreditə olunmuş,
Dövlət Mülki Aviasiya
Administrasiyası və Dövlətlərarası Aviasiya Komitəsi tərəfindən
sertifikatlaşdırılmışdır. Bunlar
Milli Aviasiya
Akademiyasına aviasiya mütəxəssislərinin
hazırlanması üzrə tam hüquqlu ali təhsil
müəssisəsi səlahiyyətini vermişdir.
"AZAL" QSC-nin prezidenti Cahangir Əsgərov demişdir
ki, xalqımız 2003-cü ildə öz inkişaf yolunu seçmişdir. Bu yol ulu
öndər Heydər Əliyev yoludur. Azərbaycanı
bu yolla irəliyə Prezident İlham Əliyev
aparır. Bu yolun gələcəyi
daha işıqlıdır. Milli aviasiyamızın çoxmilli
kollektivi oktyabrın 9-da keçiriləcək
prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəkdir.
Çünki ölkəmizdə
inkişafın Heydər Əliyev strategiyasının alternativi yoxdur.
Kollegiya iclasında
çıxış edən digər natiqlər də qeyd etmişlər ki, Azərbaycanda
ictimai-siyasi sabitliyin qorunub saxlanmasında, sosial-iqtisadi
inkişafın təmin olunmasında və ölkəmizin dünyada layiqli yer tutmasında Prezident İlham Əliyevin böyük
xidmətləri vardır.
Məhz bu amilləri nəzərə alan ölkənin bütün
mülki aviasiya
işçiləri yekdilliklə növbəti seçkilərdə
də dövlət başçısı İlham
Əliyevə səs verəcəklər.
Azərbaycan. - 2013.-
8 avqust.- S. 4.