Azərbaycanın xarici işlər naziri BMT
Təhlükəsizlik Şurasında keçirilən
açıq müzakirələrdə çıxış etmişdir
BMT Təhlükəsizlik
Şurasında "Beynəlxalq sülhün
və təhlükəsizliyin qorunmasında BMT ilə regional və subregional təşkilatlar
arasında əməkdaşlıq" mövzusunda
açıq müzakirələr keçirilmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər ki, Argentinanın Prezidenti
xanım Kristina Fernandez Kirşnerin sədrlik etdiyi tədbirdə
Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri
Elmar Məmmədyarovun çıxışı dinlənilmişdir.
Nazir diqqətə
çatdırmışdır ki, BMT
Nizamnaməsinə uyğun olaraq, Təhlükəsizlik Şurasında iştirak edən üzv
ölkələr beynəlxalq sülhün
və təhlükəsizliyin qorunmasında əsas məsuliyyəti
daşıyırlar və bu məsuliyyət
altında öz vəzifələrini icra
etmək üçün Təhlükəsizlik
Şurasının onların adından çıxış
etməsinə dair razılığa gəlmişlər.
Eyni zamanda, Nizamnamənin
8-ci bəndi münaqişələrin sülh
yolu ilə həllində BMT ilə regional təsisatlar arasındakı əməkdaşlığı
təşviq edir.
Son on ildə Afrika Birliyinin rolunun əhəmiyyətli
dərəcədə artdığını qeyd
edən Elmar Məmmədyarov demişdir: "Şübhəsiz ki, Təhlükəsizlik Şurasının
müzakirələrinin əhəmiyyətli hissəsini təşkil
edən Afrikanın bu gün
üzləşdiyi problemlər birgə siyasi
və diplomatik vasitələrlə daha yaxşı həll edilə bilər. Bu xüsusda, sülh və təhlükəsizlik sahəsində
BMT ilə Afrika Birliyi
arasında strateji əlaqələrin
inkişafında əldə olunmuş irəliləyişi
alqışlayırıq".
Vurğulanmışdır
ki, Təhlükəsizlik
Şurasının üzvü, Afrika Birliyi və Ərəb
Dövlətləri Liqasında müşahidəçi olan Azərbaycan BMT ilə bu
regional təşkilatlar arasındakı tərəfdaşlıq
əlaqələrinin inkişafını bundan
sonra da dəstəkləyəcəkdir. O demişdir: "Biz, həmçinin
Latın Amerikası və Karib Dövlətləri
İttifaqı və Cənubi Amerika
Ölkələri Birliyi kimi
yeni subregional təşkilatların
fəaliyyətini qeyd etməklə
yanaşı, onların bu
görüşdə iştirakını və müzakirələrə
töhfə verməsini alqışlayırıq. Bununla
yanaşı, İslam Əməkdaşlıq
Təşkilatı və Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurası kimi üzv dövlətlərin
ümumi mədəniyyət və dil dəyərləri əsasında
formalaşmış təşkilatların rolunun
artması, qarşılıqlı maraq doğuran geniş gündəlikdə
BMT ilə bu təşkilatların əməkdaşlığını
və qarşılıqlı əlaqəsini genişləndirmək
məqsədinə daha yaxşı xidmət
edəcək imkanların və müvafiq
yanaşmaların tədqiqinə zərurət
yaradır".
Nazir diqqətə
çatdırmışdır ki, hər
şeydən əvvəl üzv dövlətlərin
öz öhdəliklərinə sadiq qalması, Nizamnamədə təsbit edildiyi kimi, suverenlik, ərazi bütövlüyü
və dövlətlərin siyasi müstəqilliyinə
hörmət edilməsi həlledici amildir. Biz hərbi
münaqişələr zamanı bəzi hallarda
beynəlxalq normaların və prinsiplərin təhrif
olunması cəhdlərinin edilməsinə və BMT Təhlükəsizlik
Şurasının qətnamələrinə əməl
olunmamasına narahatçılığımızı ifadə
edirik. O demişdir:
"Ona görə bu
əhəmiyyətlidir ki, bu
gün bizim
görüşümüzdə Təhlükəsizlik
Şurası münaqişənin qarşısının
alınması üçün əlaqəli
şəkildə beynəlxalq tədbirlərin görülməsinin
əhəmiyyətini ifadə etdi.
Müzakirələr
Nizamnaməyə, Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq mübahisələrin
sülh yolu ilə həlli
və münaqişələrin qarşısının
alınması məqsədilə regional
səviyyədə səylər göstərilməsi üçün BMT-nin orqan
və institutlarının da daxil olduqları beynəlxalq birliyə
çağırış etdi. Təhlükəsizlik Şurası həmçinin regional tərəfdaşların həmişə
sülh və təhlükəsizlik sahəsində
öz fəaliyyətləri barədə
məlumat verməli olduqlarını vurğuladı. Prioritet məsələ kimi
Təhlükəsizlik Şurasının qətnamələrinin
yerinə yetirilməsinə, xüsusilə
münaqişələrin qarşısının
alınması, idarə və həll edilməsi ilə əlaqəli
qətnamələrə daha çox diqqət ayrılmalıdır".
Elmar Məmmədyarov
vurğulamışdır ki, ərazilərinin
əhəmiyyətli hissəsinin işğalından və geniş miqyasda etnik təmizləmədən əziyyət
çəkən ölkə kimi Azərbaycan
dünyanın müxtəlif bölgələrində həlli
uzadılmış münaqişələri və onların humanitar və insan hüquqları
baxımından nəticələrinin həllinə yönəlmiş
işlərin görülməsinə dair
yanaşmaları dəstəkləyir.
Azərbaycan. - 2013.-
8 avqust.- S. 5.