Müsəlmanların birlik və həmrəylik bayramı
Artıq mübarək orucluq ayı başa
çatmışdır. Bu gün müsəlman dünyası Ramazan bayramını qeyd edir. Hicri-qəməri təqvimlə şəvval
ayının 1-də başlayan və bir neçə gün davam edən bayram Ramazan ayının qurtarması ilə əlamətdardır.
Bu bayram Allah-təalanın
mömin bəndələrinə bir ay boyunca
tutduqları oruc müqabilində
mükafatıdır.
Ramazan
bayramında oruc tutmaq haramdır.
Müsəlmanlar bayram günü
çimib təmizlənir,
təzə və ya təmiz paltar
geyirlər. Hamı bir-birini
bayram münasibətilə
təbrik edir, bir-biri üçün Tanrıya dua edir.
Hər
bir müsəlman üçün bir ay oruc tutmaq fərz
olduğu kimi, Ramazan bayramında fitrə zəkatı vermək də vacibdir. Hədisi-şərifdə deyilir ki, Allah bəndəsindən tələb
olunan fitrə verilməyənədək Ramazan
ayında tutulmuş oruc Yerlə göy arasında asılı qalır.
Müsəlman fitrə zəkatını bəxş
etdiyi nemətlərə
görə uca Yaradana şükür etmək, bayram günü kasıbları
sevindirmək, oruc vaxtı buraxılmış
səhvlərdən təmizlənmək
üçün verir.
Fitrəni yalnız imkanlı
müsəlmanlar çıxarmalıdırlar.
Ailə sahibi ailənin hər bir üzvünün
adından fitrə verməlidir.
Vaxtilə fitrə buğda, arpa, xurma, düyü,
kişmiş və s.
ərzaq məhsullarından
adambaşına təxminən
3 kiloqram həcmində
ödənilirdi. Zaman keçdikcə
kasıblara və ehtiyacı olanlara münasibətdə göstərilən
bu xeyirxahlıq başqa formalar da almışdır.
İndi fitrəni pul şəklində də verirlər. Əslində, bu, daha münasibdir. Belə ki,
fitrəni pul kimi qəbul edən şəxs onu öz ehtiyaclarına
uyğun şəkildə
xərcləmək imkanı
əldə edir.
Özü də fitrə
yalnız halal maldan verilməlidir.
Fitrə
bayram namazı başlayanadək çıxarılmalıdır.
Əks təqdirdə, bu, fitrə hesab olunmur, adi sədəqə
sayılır. Fitrəni bayramdan
bir-iki gün əvvəl də çıxarmaq olar.
Çıxarılan fitrə ilk növbədə ehtiyacı
olan qohumlara, qonşulara, tanışlara,
eləcə də digər insanlara verilir. Fitrə bir
kasıbın azı birgünlük qida ehtiyacını ödəməlidir.
İmkanlı müsəlmanlar daha çox fitrə çıxarıb
savab qazanırlar.
Özü də bir şəxsin fitrəsi bir kasıba da verilə bilər, bir neçə kasıb arasında da bölünə bilər.
Ramazan
bayramının fəzilətləri
təkcə fitrə çıxarmaqla məhdudlaşmır.
Bayram günlərində müsəlman
ailələrində şənlik
əhval-ruhiyyəsi hökm
sürür. Uşaqlara hədiyyələr
verilir, qonşular, dostlar bir-birinə qonaq gedir, bayram
sovqatları aparırlar.
Qohum-əqrəba bir yerə toplaşır, bayramı birlikdə qeyd edirlər. İncikliklər aradan qaldırılır,
küsülülər barışırlar.
Ramazan
bayramı həm də müsəlmanların
həmrəyliyini, birliyini,
onların arasında qarşılıqlı anlaşmanı
möhkəmlədən mühüm
hadisədir. Bayramın davam etdiyi günlərdə
insanlar bir-birinə qəlbən daha yaxın olur, bayram sevincini bölüşürlər.
Bütün
müsəlman dünyasında
olduğu kimi, ölkəmizdə də Ramazan bayramı yüksək səviyyədə
qeyd edilir.
İnsanları şənlik,
fərəh duyğuları bürüyür.
Bayram münasibətilə
iki gün qeyri-iş günü elan edilir. Halbuki sovet
dövründə xalqımız
belə bir imkandan məhrum idi. Milli müstəqilliyin bərpasından sonra ölkəmizdə dövlət-din
münasibətləri nizama
salınmış, etiqad
azadlığı təmin
edilmişdir. Ateist sovet
rejiminin inanclı insanlara dözümsüz
münasibətini, cəmiyyətə
aşıladığı mənəviyyatsızlığı müasir tələblərə
cavab verən dövlət siyasəti əvəz etmişdir.
Bu siyasətin əsas istiqamətlərindən
biri də yeni məscidlərin inşası, mövcud məscidlərin təmir və bərpa olunub möminlərin ixtiyarına verilməsidir.
Sovet dövründə ölkədə
cəmi 17 məscid fəaliyyət göstərirdi.
Milli müstəqilliyin bərpasından
bəri isə 2 minə yaxın məscid inşa olunmuşdur. Təkcə
son 10 il ərzində təxminən
140 məscid tikilmiş,
80-ə yaxın məscid
bərpa edilmişdir.
Vaxtilə bolşeviklərin dağıtdığı Bibiheybət
məscidi yenidən inşa olunmuş və paytaxtın memarlıq inciləri sırasında yerini almışdır. Elə
bu il
ölkədə ən
qədim ibadətgah olan Şamaxı Cümə məscidi tamamilə yenidən qurulmuşdur. Bu istiqamətdə
tədbirlər davam edir.
Digər
tərəfdən, dövlət
rəhbərliyi müntəzəm
olaraq dini mərasimlərdə iştirak
edir. Prezident İlham
Əliyevin orucluq ayında Qafqaz Müsəlmanları İdarəsinin
təşkil etdiyi iftar mərasimində iştirakı artıq ənənəvi hal almışdır. Dövlət başçısı artıq
onuncu dəfə həmin mərasimdə möminlərlə bir araya gəlmişdir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi,
"Azərbaycan müasir
dövlətdir, dünyəvi
dövlətdir. Eyni zamanda, öz
milli və dini ənənələrinə
sadiq olan dövlətdir. İslam dəyərləri
bizim milli-mənəvi
dəyərlərimizin tərkib
hissəsidir və müqəddəs Ramazan ayı bütün dövrlərdə Azərbaycan
xalqının qəlbində
yaşamışdır. Sadəcə
olaraq, müstəqillik
əldə etdikdən
sonra bu bayram rəsmi bayram kimi qeyd
edilir".
Bayramınız mübarək olsun! Allah çıxardığınız fitrənin əvəzini versin!
Allahverdi MEHDİYEV
Azərbaycan. - 2013.-
8 avqust.- S. 5.