Əmək və əhalinin sosial müdafiəsi naziri Göyçayda vətəndaşları qəbul etmişdir

 

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək edirlər.

AzərTAc xəbər verir ki, avqustun 7-də əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Göyçay şəhərində Ağsu, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Zərdab, Qobustan, Şamaxı, Yevlax və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Rayon əhalinin Sosial Müdafiəsi Mərkəzində keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən ünvanlı dövlət sosial yardımı, əlillik arabasının alınması, əmək müfəttişliyi, əlillik qruplarının təyinatı, məşğulluq və digər şəxsi məsələlərlə bağlı olmuşdur.

Nazir Füzuli Ələkbərov müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində araşdırılaraq obyektiv və ədalətli şəkildə həll edilməsi barədə müvafiq struktur bölmələrinə tapşırıqlar vermişdir.

Vətəndaşların müraciətlərinin dinlənilməsi və nazirliyin mütəxəssisləri tərəfindən şikayət ərizələrinin obyektiv şəkildə araşdırılması zamanı ayrı-ayrı vətəndaşların müvafiq qanunvericilik barədə hələ də məlumatsız olmaları, bu səbəbdən yazdıqları şikayət ərizələrinin əsassızlığı müəyyən edilmiş və onlara müvafiq qaydalar barədə ətraflı izahatlar verilmişdir.

Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid olan müraciətlərindən bəziləri elə yerindəcə öz həllini tapmışdır. Digər məsələlərin nazirlikdə araşdırılaraq müsbət həll ediləcəyi bildirilmişdir. Aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınmışdır.

Bununla yanaşı, fəal sosial müdafiə tədbirlərinə, o cümlədən "Özünədəstək" proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik aztəminatlı ailələr də müəyyən olunaraq onların fəal sosial müdafiə tədbirlərinə cəlb edilməsi qərara alınmışdır.

Ümumilikdə ilin əvvəlindən bu günədək əmək və əhalinin sosial müdafiəsi naziri və nazirliyin digər rəhbər şəxsləri tərəfindən Bakıda və müxtəlif bölgələrdə, ümumilikdə 14 dəfə vətəndaş qəbulu, eyni zamanda, bölgələrdə yaşayan vətəndaşların videokonfrans sistemi vasitəsilə distant formada qəbulu həyata keçirilmişdir.

Qəbullar nəticəsində ümumilikdə 1000 nəfərdən çox vətəndaşın müraciətləri araşdırılaraq müvafiq tədbirlər görülmüşdür. Bununla yanaşı, nazir Füzuli Ələkbərov tərəfindən ölkədə ilk dəfə olaraq nazirliyin rəsmi "Facebook" səhifəsi vasitəsilə 70-ə, ümumən isə bu sosial şəbəkə üzrə indiyədək 250-yə yaxın müraciət cavablandırılmışdır.

 

Azərbaycan. - 2013.- 8 avqust.- S. 5.