Dövlət Miqrasiya Xidmətində andiçmə mərasimi keçirilmişdir

 

Avqustun 7-də Dövlət Miqrasiya Xidmətinin (DMX) Heydər Əliyev Muzeyində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının test imtahanından müvəffəqiyyətlə keçərək Xidmətin təlim kurslarını uğurla başa vurmuş dinləyicilərin Azərbaycan Respublikasının 4 dekabr 2009-cu il tarixli 930-IIIQ saylı Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin tələblərinə uyğun olaraq andiçmə mərasimi keçirilmişdir.

Mərasimin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səslənmişdir.

DMX-dən AzərTAc-a bildirmişlər ki, dinləyicilər dövlət bayrağı önündə Azərbaycan Respublikasına sadiq olacaqlarına, onun Konstitusiyasına və qanunlarına ciddi əməl edəcəklərinə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşacaqlarına, qarşıya qoyulan vəzifələri vicdanla, qərəzsiz yerinə yetirəcəklərinə, intizamlı olacaqlarına, dövlət və xidməti sirləri qoruyacaqlarına sədaqət andı içmişlər.

Mərasimin sonunda dinləyicilərə təlim kursunu müvəffəqiyyətlə bitirmələri barədə, həmçinin miqrasiya orqanları əməkdaşlarının müvafiq xidməti vəsiqələri təqdim olunmuşdur.

Mərasimdə Xidmət rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev miqrasiya orqanlarına qulluğa qəbul olunmuş əməkdaşları təbrik etmiş, onlara tövsiyələr vermiş və gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

 

Azərbaycan. - 2013.- 8 avqust.- S. 5.