Azərbaycan investisiya cəlbediciliyini qoruyub saxlayır

 

Azərbaycanın son illərdə ciddi makroiqtisadi uğurlara imza atması, beynəlxalq əhəmiyyətli layihələrin gerçəkləşməsində aparıcı söz sahibi kimi çıxış etməsi dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış çevik mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Respublikanın bütün problemlərinə milli dövlətçilik kontekstindən yanaşan, cəmiyyətin ümumi inkişaf qanunauyğunluqlarını dəqiq şəkildə qiymətləndirməyi bacaran, eyni zamanda, ictimai həyatın müxtəlif sahələrindəki çatışmazlıq və nöqsanlar haqqında səhih təsəvvürə malik olan Azərbaycan Prezidenti İlham Əliyev praqmatik liderlik keyfiyyətləri sayəsində yeni dövr üçün qarşıda duran prioritet vəzifələri dəqiq şəkildə müəyyənləşdirə bilmişdir.

Ölkə rəhbəri müasir dünyada iqtisadi inkişaf potensialının hər bir dövlətin gücünü şərtləndirən başlıca amil qismində çıxış etdiyini ilk gündən düzgün müəyyənləşdirmiş, rəhbərlik etdiyi komandanın bütün səylərini də məhz bu istiqamətdə səfərbər etmişdir. Cənab İlham Əliyevin elmi əsaslarla yeritdiyi sosial-iqtisadi strategiya nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin etmiş, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin həllinə real imkanlar açmışdır. Azərbaycan Prezidenti cəmiyyət qarşısında verdiyi bəyanatlara sadiqliyini, yürütdüyü siyasətin reallığa adekvat olduğunu son 10 ildə əməli işi ilə sübuta yetirərək formalaşdırdığı işlək mexanizmlər əsasında islahatların davamlılığını, ardıcıllığını təmin etmiş, ictimai həyatın bütün sahələrində intibah və tərəqqinin əsasını qoymuşdur.

Hakimiyyətin mütəmadi olaraq gördüyü işlərlə bağlı xalqa hesabat verməsini  mütərəqqi ənənə kimi formalaşdıran Prezident İlham Əliyev bunu həm də şəffaf, səmərəli və demokratik idarəetmənin mühüm formulu hesab edir. Artıq bir neçə ildir ki, bu cür hesabatlar həm də konkret dövr ərzində əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsi, müstəqil dövlətimizin əldə etdiyi uğurların ictimaiyyətə düzgün, obyektiv çatdırılması, mövcud problemlər ətrafında müzakirələrin aparılması, onların həlli yollarının tapılması üçün səmərəli vasitəyə çevrilmişdir.

Azərbaycan Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın bütün sahələrdə dinamik inkişaf etdiyini təsdiqləmişdir. Bir sıra Avropa ölkələrində qlobal iqtisadi böhranın təsirlərinin hələ də duyulduğu bir dövrdə Azərbaycanın 2013-cü ilin son 6 ayında da mühüm nailiyyətlərə imza atması - makroiqtisadi sabitliyin qorunub saxlanılması, ümumi daxili məhsulun, qeyri-neft sektorunun nəzərəçarpacaq dərəcədə artması dövlət rəhbərinin həyata keçirdiyi inkişaf strategiyasının səmərəliliyinin əyani göstəricisidir.

Qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla davam etdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun yüksəlməsi, eyni zamanda qeyri-neft sektorunun ümumi daxili məhsulda çəkisinin artması, regionların tarazlı və davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi hökumətin son 6 ayda həyata keçirdiyi iqtisadi siyasətin əsas qayəsini təşkil etmişdir. Nazirlər Kabinetinin iclasında sosial-iqtisadi, infrastruktur və digər sahələrdə görülmüş işlərlə bağlı açıqlanmış faktlar Azərbaycanın dinamik iqtisadi inkişaf və tərəqqi yolunda olduğunu təsdiqləməklə yanaşı, dövlət başçısı cənab İlham Əliyevin hökumətin fəaliyyətinə necə böyük tələbkarlıqla, məsuliyyətlə yanaşdığını göstərir.

Nazirlər Kabinetinin son iclasında səsləndirilən statistik rəqəmlər respublikamızın dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləyir. Qlobal iqtisadi tənəzzülün səngimədiyi bir şəraitdə bu ilin 6 ayında Azərbaycan iqtisadiyyatı makroiqtisadi dayanıqlıq və yüksək artım potensialı nümayiş etdirmişdir. Hesabat dövründə ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektoru 10,9 faiz artmışdır. Son üç ildə iqtisadiyyatın qeyri-neft sektorunun davamlı şəkildə artması və 10 faizlik səviyyəni üstələməsi ölkə iqtisadiyyatının modernləşdirilməsinə və şaxələnməsinə, neft faktorundan asılılığın azaldılmasına, qeyri-neft sektorunun sürətli inkişafına yönəlmiş iqtisadi siyasətin səmərəliliyini göstərir.

 

Hökumətin iclasında bildirildiyi kimi, 2012-ci ildə və 2013-cü ilin  ötən 6 ayında dövlətin maliyyə vəsaiti hesabına nəhəng investisiya proqramlarının həyata keçirilməsi büdcə xərclərinin əhəmiyyətli dərəcədə artımına səbəb olmuşdur. 2012-ci ildə büdcə xərcləri 2011-ci illə müqayisədə 13,1, 2013-cü ilin birinci yarısında isə 31,6 faiz artmışdır. Bundan başqa, hesabat dövründə əhalinin pul gəlirlərinin artım tempi 7,1 faiz təşkil etmiş və inflyasiyanı ənənəvi olaraq 5,1 faiz üstələmişdir. Ölkə üzrə orta aylıq əməkhaqqı 6,8 faiz yüksələrək 408,8 manat təşkil etmişdir. Xarici dövlət borcunun ÜDM-ə nisbətinin aşağı səviyyədə saxlanılması, son 6 ayın nəticələrinə görə isə məcmu valyuta ehtiyatları məbləğindən 9 dəfəyədək az olması ölkədə makroiqtisadi vəziyyətin dayanıqlılığını bir daha təsdiqləyir.

Son illər iqtisadi sahədə regional liderliyini təmin etmiş Azərbaycan investisiya cəlbediciliyi baxımından da bu üstünlüyünü qoruyub saxlayır. Sahibkarlıq mühitinin sağlamlaşdırılması, biznesə başlama prosedurlarının sadələşdirilməsi, iş adamlarına dövlətin güzəştli kreditlərindən geniş istifadə imkanlarının yaradılması və digər mühüm tədbirlər respublika iqtisadiyyatına investisiya qoyuluşlarının həcminə və strukturuna müsbət təsirini göstərir.

Rəqabətədavamlı biznes mühiti ilə dünyanın nüfuzlu maliyyə qurumlarının diqqət mərkəzində olan Azərbaycan 2013-cü ilin birinci yarısının yekunlarına görə biznes üçün cəlbedici ölkə imicini daha da möhkəmləndirmişdir. Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası ölkə iqtisadiyyatına yatırılan sərmayələrin dinamik artımını, eləcə də Azərbaycanda yerli və xarici sərmayələri stimullaşdıran normal makroiqtisadi mühitin mövcudluğunu bir daha təsdiqləyir. İnvestisiya cəlbediciliyinə təsir göstərən amillər asırasında iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı və sənaye potensialının gücləndirilməsi tədbirləri xüsusi yer tutur.

Prezident İlham Əliyev sözügedən iclasda ölkə iqtisadiyyatına 12,6 milyard dollar civarında investisiya qoyulmasını müsbət göstəricilərdən biri kimi xarakterizə etmişdir: "Hesab edirəm ki, 12,6 milyard dollar səviyyəsində qoyulan sərmayə çox gözəl göstəricidir. Əgər biz bu tempi saxlaya bilsək, ilin sonuna qədər sərmayələrin səviyyəsi təqribən 25 milyard dollara çatacaqdır. İlin əvvəlində mən qarşıya vəzifə qoymuşdum ki, bu il Azərbaycana qoyulacaq sərmayə keçən ildən az olmamalıdır".

2010-cu ildə ölkə iqtisadiyyatına 15,5 milyard, 2011-ci ildə isə 20 milyard dollar investisiya qoyulmuşdur. Son illər ümumi investisiya portfelində daxili sərmayələr prioritetliyini qorumaqla təxminən 65-70 faiz təşkil etmişdir. Ümumilikdə, dinamik artım tempi qeyri-neft sektoru üzrə vergi daxilolmalarının ÜDM-dəki xüsusi çəkisi 2003-cü ildəki 10 faizdən 2013-cü ilin birinci yarısında 12 faizədək yüksəlmişdir. Bu göstəricilər hökumətin investisiyaların şaxələndirilməsi sahəsində yürütdüyü siyasətin səmərəliliyinə dəlalət edir. Bu siyasət neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını təmin edir.

Hesabat dövründə respublikanın iqtisadi resurslarının düzgün və məqsədyönlü realizə edilməsi, real sektorun dəstəklənməsi, sənayeləşmənin stimullaşdırılması, maliyyə-bank sektorunun fəaliyyəti üçün daha əlverişli şəraitin yaradılması, vergi mühitinin liberallaşdırılması tədbirləri ölkənin investisiya cəlbediciliyinin yüksəlməsinə təsirini göstərmişdir. Bu baxımdan 2013-cü il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Vergi qanunvericiliyinə edilmiş dəyişikliklərin konseptual əsasları bir tərəfdən yeni qlobal iqtisadi çağırışlara əsaslanır, digər tərəfdən də ölkənin ortamüddətli hədəflərinə istiqamətlənmiş məqsədlərə xidmət edir. Məcəllədəki bir sıra yeniliklər sahibkarların - vergi ödəyicilərinin hüquq və qanuni mənafelərinin müdafiəsinə xidmət edir. Vergi güzəştlərinin bir qrupu sosial məqsəd daşıyaraq vergi ödəyicilərinin maddi vəziyyətinin yaxşılaşdırılmasına, ikinci qrupu isə stimullaşdırıcı xarakter daşıyaraq müəyyən sahələrin inkişafının təmin edilməsinə yönəlmişdir.

2013-cü ilin birinci yarısında iqtisadiyyata 12,6 milyard dollar civarında sərmayə yatırılması ölkənin kredit reytinqinin yüksək olması, biznes mühitinin liberallığı və və makroiqtisadi sabitlik amilləri ilə şərtlənir. Hökumət 2013-cü ildə qeyri-neft sektorunun əsasən regionlarda inkişaf etdirilməsi yolu ilə sosial və regional tarazlığın qorunmasına çalışır. Daxili imkanlar hesabına hesabat dövründə ölkə iqtisadiyyatına 7 milyard dollar investisiyanın yatırılması həm də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin gerçəkləşdirilməsi baxımından əhəmiyyətli olmuşdur.  Proqramda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsinə 80 milyon manat xərclənmişdir.

Ümumilikdə hesabat dövründə investisiya siyasəti davam etdirilmişdir. 2013-cü ilin ilk 6 ayında dövlət büdcəsinin vəsaiti hesabına investisiya xərclərinə 3 milyard 449 milyon manat vəsait yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 935 milyon manat və ya 37,2 faiz çoxdur. Bu mənbədən elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 730 milyon manat vəsait istifadə olunmuşdur. Ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 2 milyard 129 milyon manat, o cümlədən yol-nəqliyyat infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 858 milyon manat xərclənmişdir.

Biznes strukturlarının müştərək layihələrə marağının artırılması məqsədilə yaradılmış Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) bu istiqamətdəki fəaliyyəti də praktik nəticələr verir. AİŞ ötən illərdə yerli və xarici investorlarla birgə bir neçə böyük layihələr həyata keçirmişdir. Şirkət bu günə kimi ölkə iqtisadiyyatına 100 milyon manata yaxın investisiya qoymuşdur. Qurumun təşəbbüskarı olduğu layihələrə xarici və yerli investorlar 1 milyard manatdan çox investisiya yatırmışlar.

İqtisadiyyatın neft-qaz gəlirlərindən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafı və ixracın stimullaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirən Azərbaycan xarici ticarət dövriyyəsinin strukturunda da müsbət keyfiyyət dəyişikliklərinə nail olur. Xüsusilə qeyri-neft sektoru üzrə ixracın dinamik artımı ölkədə liberal biznes mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyini göstərir. Respublikanın ixrac potensialının möhkəmləndirilməsində məqsəd davamlı inkişafın təmini və makroiqtisadi sabitliyin qorunub saxlanılmasıdır. Dövlət həyata keçirdiyi tədbirlərlə həm də iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına dəstək verməyə, Azərbaycanın rəqabətqabiliyyətli mal, məhsul və xidmətlərinin region və dünya bazarlarına ixracına yardımçı olmağa çalışır.

Ölkənin xarici ticarət dövriyyəsi 2013-cü ilin yanvar-may aylarında 18,1 milyard ABŞ dolları təşkil etmiş, onun 13,8 milyard dollarlıq hissəsi ixracın, 4,3 milyard dollarlıq hissəsi idxalın hesabına yaranmışdır. Bu dövr ərzində dünyanın 135 ölkəsi ilə ticarət əlaqəsi qurulmuş, 89 ölkəyə əmtəə ixrac olunmuş, 123 ölkədən idxal edilmişdir. Xarici ticarət dövriyyəsi iştirakçılarının 26-sı Amerika, 49-u Avropa, 36-sı Asiya və s. ölkələridir. İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil etmişdir. Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-may ayları ilə müqayisədə 12,9 faiz artmışdır.

Bütün bunlar göstərir ki, hökumətin son illər yerli məhsulların ixracının stimullaşdırılması sahəsində həyata keçirdiyi tədbirlər öz nəticəsini verir. Ölkədə istehsal sahibkarlığının inkişafına göstərilən maddi-texniki, metodiki və konsultativ dəstək nəticə etibarilə rəqabətədavamlı məhsul istehsalında əsaslı dönüşə imkan yaratmışdır.

İnfrastrukturun müasirləşdirilməsi, iş adamlarına istehsal yönümlü müəssisələrin açılması üçün güzəştli kreditlərin verilməsi, investisiyaların cəlb edilməsinə mane olan bürokratik amillərin aradan qaldırılması, o cümlədən elektron xidmətlərin həcminin genişləndirilməsi tədbirləri bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Regionlarda müasir tələblərə cavab verən və yüksək texnologiyalarla təchiz olunan yeni sənaye və emal müəssisələrinin istifadəyə verilməsi dünya bazarlarına rəqabətədavamlı məhsulların çıxarılmasına, bütövlükdə ixracın şaxələndirilməsinə imkan yaratmışdır.

Sahibkarlıq subyektlərinin xarici bazarlara çıxış imkanlarının genişlənməsi həm də qanunvericiliyin təkmilləşdirilməsi və gömrük prosedurlarının sadələşdirilməsi ilə izah olunur. Ölkə rəhbərinin 11 noyabr 2008-ci il tarixli "Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" fərmanı əlverişli geostrateji məkanda yerləşən Azərbaycanda gömrük sisteminin təkmilləşdirilməsinə, bu sahədə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadəyə imkan yaratmışdır. Belə bir sistemin formalaşması ümumən dövlət sərhədinin keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılmasına, keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılması zamanı süni maneələrin aradan qaldırılmasına, idxal-ixrac əməliyyatlarının müasir tələblərə uyğun aparılmasına xidmət edir.

Nazirlər Kabinetinin 2011-ci il 8 fevral tarixli qərarı ilə təsdiq olunmuş "2011-2013-cü illər üçün qeyri-neft məhsullarının ixracının stimullaşdırılmasına dair Tədbirlər Planı" ixracın stimullaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Tədbirlər Planında müəssisələrdə istehsal prosesinin qabaqcıl texnologiyalar əsasında təşkili üçün sahibkarlıq subyektlərinin dəstəklənməsi ilə yanaşı, ixrac prosedurlarının sadələşdirilməsi, ixrac məqsədli məhsulların istehsalının kreditləşdirilməsi, ixrac üçün perspektivli sayılan ölkələrdə müvafiq sərgilərin, forumların təşkili, potensial ixrac bazarı ölkələrində Azərbaycan ticarət evlərinin yaradılması və digər tədbirlər əksini tapmışdır.

"Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında  respublikanın yüksək rəqabət qabiliyyətinə malik məhsullar ixrac etməsi qarşıya başlıca vəzifələrdən biri kimi qoyulmuşdur. Həyata keçirilən tədbirlər sayəsində qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcminin 1000 ABŞ dollarına çatdırılması nəzərdə tutulur. Bunun üçün yüksək əlavə dəyər yaradan ixrac yönümlü iqtisadiyyatın formalaşdırılması da prioritet məqsədlərdən biridir.

Sahibkarlıq subyektlərinin xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə yaradılmış İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) da ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara dəstək verir. Sahibkarların işgüzar əlaqələrinin inkişafı məqsədilə 2013-cü ilin birinci yarısında həm ölkə daxilində, həm də xaricdə müxtəlif biznes-forumlar, sərgilər, seminar və konfranslar keçirilmişdir. Bu cür tədbirlər isə yerli şirkətlərin tanıdılması, onların məhsullarının xarici bazarlara çıxarılması, xarici işgüzar əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir.

Sahibkarlığa dəstək məqsədilə hesabat dövründə iqtisadiyyatın müxtəlif sahələri üzrə 2066 sahibkara 180 milyon manat güzəştli kredit verilmişdir. Bunun 130 milyon manatı dövlət büdcəsindən ayrılan vəsaitdir.

Hesabat dövründə qeyri-neft sektorunun mühüm sahəsi olan aqrar sektor da dinamik inkişaf etmişdir.  Ölkə rəhbəri tərəfindən imzalanmış çoxsaylı dövlət proqramlarından, aqrar sahənin orta və uzunmüddətli inkişaf strategiyalarından irəli gələn vəzifələrin səmərəli icrası insan resurslarının və iqtisadi potensialın əsas mənbəyi olan regionlarda və kəndlərdə yaşayanların rifah halının yaxşılaşdırılmasına öz töhfəsini vermişdir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi davam etdirilməklə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrası üçün 37 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalçılarının damazlıq heyvanlar ilə təmin edilməsinə əlavə dəstək verilməsi, kənd təsərrüfatı texnikasının, aqrokimyəvi maddələrin alınması və digər lizinq xidmətlərinin göstərilməsi məqsədilə  "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 60 milyon, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 25 milyon manat vəsait ayrılmışdır.

Ümumilikdə 2003-2013-cü illərdə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən birbaşa dəstək, o cümlədən yanacaq və motor yağlarına, buğda və çəltik səpininə, mineral gübrələrə, toxum və tinglərə görə 587 milyon 170 min manat subsidiya verilmişdir.

2013-cü ilin yanvar-iyun aylarında kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 2 milyard 122 milyon 995 min manat təşkil etmiş və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,9, o cümlədən bitkiçilik sahəsində 4,5, heyvandarlıq sahəsində 5,1 faiz artmışdır. 2013-cü ilin nəticələrinə görə kənd təsərrüfatında ümumi məhsulun artımının təxminən 6-7 faiz olacağı gözlənilir.

Əhalinin qida rasionunda vacib əhəmiyyətə malik olan meyvə, tərəvəz, kartof və digər məhsulların istehsalında da müsbət dinamika müşahidə olunmuşdur. 2013-cü il 1 iyul vəziyyətinə, ötən ilin müvafiq dövrünə nisbətən meyvə istehsalı 12,1 faiz, kartof istehsalı 11,8, tərəvəz istehsalı 8,8, yaşıl çay yarpağı istehsalı 4 faiz artmışdır. Bu da öz növbəsində, əhalinin əsas kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə öz müsbət töhfəsini verməklə yanaşı, ixrac potensialını da artırmışdır.

 

İnkişafın keyfiyyətcə yeni və sürətli mərhələsini yaşayan Azərbaycanı xarakterizə edən əsas xüsusiyyətlərdən biri həm də formalaşdırılmış möhkəm iqtisadi əsaslar fonunda əhalinin rifah halının davamlı olaraq yüksəldilməsi və etibarlı sosial müdafiəsinin təşkilidir. Sosial-iqtisadi tərəqqi prosesində qazanılan nailiyyətlərin miqyasının ildən-ilə genişlənməsi əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bərabər, bu istiqamətdə əlavə tədbirlərin də uğurla reallaşdırılmasına yeni imkanlar açır. Ölkə rəhbəri  cənab İlham Əliyev 2013-cü ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında bununla bağlı demişdir: "Sosial məsələlərə gəldikdə, bu altı ayda maaşlar artıb. Bu gün Azərbaycanda orta əməkhaqqı 520 dollar səviyyəsindədir. Orta pensiya 200 dollar səviyyəsindədir. Gələn illərdə bu rəqəmlər artacaqdır. Bu rübdə vətəndaşların pensiyaları da, əməkhaqları da artırılacaqdır. Gələn illərdə də eyni siyasət aparılacaqdır. Bir daha demək istəyirəm ki, iqtisadi islahatlar çox güclü sosial siyasətlə dəstəklənməlidir. Hesab edirəm ki, ölkəmizin bu sahədə əldə etdiyi uğurlar nümunə ola bilər".

Xüsusən də yoxsulluğun səviyyəsinin azaldılması və sosial müdafiə sisteminin gücləndirilməsinə yönəlmiş mütərəqqi tədbirlər dünyanın nüfuzlu iqtisadi-maliyyə qurumları tərəfindən təqdir olunur. Bu günlər Bakıda səfərdə olmuş Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Cakrabartinin fikirləri bunu bir daha təsdiqləyir. Azərbaycanda yoxsulluğun səviyyəsinin yüksək templərlə azaldığını deyən AYİB prezidenti bunu son 10 ildə ölkə iqtisadiyyatında əldə olunmuş uğurlu makroiqtisadi göstəricilərlə əlaqələndirmişdir. Azərbaycanda yoxsulluğun səviyyəsinin 2001-ci ildəki 50 faizdən 2013-cü ilin birinci yarısında 5,6 faizədək azalmasını "bəşəriyyət tarixində nadir nümunələrdən biri" kimi qiymətləndirən Suma Cakrabarti AYİB-in son 20 ildə respublikada inkişafyönümlü layihələrə 1,6 milyard avro məbləğində sərmayə qoyduğunu və qeyri-neft sektorunda iri investorlardan biri olduğunu vurğulamışdır.

Azərbaycanda insan indeksinin inkişafı və yoxsulluğun səviyyəsinin azaldılması sahəsində əldə olunmuş uğurlar digər nüfuzlu maliyyə qurumlarının da hesabatlarında dolğun əksini tapır. Məsələn, Dünya Bankı hesab edir ki, milli gəlirin ədalətli bölgüsünə görə, Azərbaycan 110 inkişaf edən ölkəni geridə qoyur və bu da iqtisadi inkişafın səmərəliliyini göstərir. Bankın hesabatına əsasən, respublikamız dünyanın 153 ölkəsi arasında ən aşağı yoxsulluğa malik 20 ölkədən biridir. Bundan başqa, Azərbaycan insan inkişafı indeksi üzrə 169 ölkə arasında 67-ci yerdə qərarlaşmaqla "Yüksək insan inkişafı" ölkələri sırasına daxil olmuşdur.

Hazırda yoxsulluq həddinin müəyyənləşdirilməsi üçün dünya təcrübəsində müxtəlif metod və yanaşmalardan istifadə edilir. Məsələn, yoxsulluğun azaldılmasına böyük vəsait xərcləyən və geniş sosial proqramlar həyata keçirən ABŞ-da gəlirlərinin 13 faizini ərzağa xərcləyən ailələr yoxsul hesab edilirlər. Dünyada geniş yayılmış digər yanaşmaya görə, ölkə üzrə orta aylıq əməkhaqqının 60 faizindən az gəliri olanlar yoxsul sayılırlar.

Dünya Bankının qiymətləndirmələrinə əsasən, hazırda 1,5 milyard insan - dünya əhalisinin təxminən 20, inkişaf etməkdə olan ölkələrin əhalisinin isə 25 faizi beynəlxalq səviyyədə qəbul edilmiş yoxsulluq həddində yaşayır. Bankın müəyyənləşdirdiyi digər mühüm meyara görə, Şərqi Avropa və MDB ölkələrində gündəlik gəliri 4 dollardan, inkişaf etmiş ölkələrdə 14,4 dollardan az olanlar yoxsul hesab edilirlər. Bu, yoxsulluğun ölçülməsinin ən geniş yayılmış formalarından biri olan normativ metodla oxşardır. Normativ metoda əsasən, minimum ehtiyacların ödənməsi üçün rəsmi təyin olunmuş həddən aşağı gəliri olanlar yoxsul sayılırlar.

Azərbaycanda yoxsulluq həddini xarakterizə edən başlıca göstərici əhalinin minimum istehlak tələbatını (fizioloji minimum və maddi təminat üçün minimum büdcə) ödəmək üçün gəlirin məbləği hesab olunur. Başqa sözlə, yaşayış minimumunun dəyəri yoxsulluq həddi kimi qəbul edilir və 2013-cü il üçün bu hədd 116 manat (147 ABŞ dolları) civarında müəyyənləşdirilmişdir.

Azərbaycanda yoxsulluqla mübarizə sahəsində mühüm layihələrdən biri də aztəminatlı vətəndaşlara ünvanlı sosial yardımları nəzərdə tutan xüsusi dövlət proqramının həyata keçirilməsidir. Hazırda təxminən 120 minə yaxın ailə və ya 600 minə yaxın vətəndaş dövlətin yaratdığı imkandan bəhrələnir. Həmin ailələrin 60 faizinin sosial proqramlar çərçivəsində dövlətdən heç bir yardım almaması yeni sistemin səmərəliliyini təsdiqləyir. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarı da mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Məsələn, ehtiyac meyarının həddi əgər 2011-ci ildə 75, 2012-ci ildə 84 manat idisə, 2013-cü ildə 93 manat təşkil edir. Bununla yanaşı, 2004-2012-ci illərdə minimum əməkhaqqının məbləği 18 dəfə artmışdır. 2013-cü ilin birinci yarısında isə Azərbaycanda orta aylıq pensiya məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz artaraq 152,9 manat təşkil etmişdir və orta aylıq əməkhaqqının 37,8 faizinə bərabər olmuşdur.

Respublikamız insan inkişafı meyarlarının Avropa Sosial Xartiyasının tələblərinə çatdırılması istiqamətində də fəal iş aparır. Yaşayış minimumunun 2014-cü ildə 138, 2015-ci ildə 146 manatadək artırılması proqnozlaşdırılır. Ehtiyac meyarının həddinin 2014-cü ildə 107, 2015-ci ildə 114 manat təşkil edəcəyi gözlənilir. Minimum əməkhaqqının isə 2014-cü ildə 127,7, 2015-ci ildə 140 manata çatdırılması qarşıya məqsəd qoyulmuşdur.

Prezident İlham Əliyevin "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" fərmanı sosial-mənəvi əhəmiyyətinə görə tarixi sənəd olmaqla dövlət başçısının siyasi iradəsini birmənalı şəkildə əks etdirərək, ölkə əhalisinin uzun illərdən bəri gözlədiyi ciddi problemin həllinə yol açmışdır. Fərmanın icrası sayəsində cari il iyul ayının 1-dək 1 milyon 619 min 938 əmanət hesabının sahibləri və ya onların vərəsələri 597 milyon manat məbləğində vəsait almışlar. Həmin ödənişlərin 555 milyon manatı və ya 93 faizi 2012-ci ilin 7 ayında, 42 milyon manatı isə 2013-cü ilin 6 ayında təmin edilmişdir.

2013-cü ilin dövlət büdcəsi də əhalinin sosial rifahının gücləndirilməsi və yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində bir sıra tədbirləri uğurla reallaşdırmaq imkanı yaradır. Qarşıdıkı aylarda dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan elm, elmi tədqiqat, təhsil, səhiyyə, sosial təminat, kənd təsərrüfatı, hüquq-mühafizə orqanlarında çalışan dövlət qulluqçularının aylıq əməkhaqlarının, habelə pensiyaların orta hesabla 10-20 faiz artırılması nəzərdə tutulur.

Nazirlər Kabinetinin keçən ayın 18-də keçirilən iclasında da vurğulandığı kimi, hazırda icrasına start verilmiş "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası cəmiyyətin bütün sahələri üzrə dinamik inkişafın strateji hədəflərini özündə ehtiva edir. İnanırıq ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində konsepsiya ilə qarşıya qoyulmuş məqsədlər reallığa çevriləcək, Azərbaycan qarşıdakı illərdə inkişaf etmiş ölkələrlə eyni cərgədə dayanmaq imkanı qazanacaqdır.

 

 

Müşfiq ATAKİŞİYEV,

iqtisad elmləri doktoru, professor

 

Azərbaycan. - 2013.- 8 avqust.- S. 7.