Siyasi buqələmunlar

 

R.İbrahimbəyov: "Müxalifətdə "vahid namizəd" olmağa İ.Qəmbərdən daha layiqli insanlar var"

 

"Milli Şura"da təmsil olunan bir sıra aqressiv müxalifət partiyaları rəhbərlərinin və funksionerlərinin qoca kinorejissor Rüstəm İbrahimbəyovla Tbilisi görüşündən sonra düşərgədə konfrantasiya daha da dərinləşib. Müsavat başqanı İ.Qəmbər özünü "vahid namizəd" kimi təsdiq etməyə səy göstərir, R.İbrahimbəyov isə Şeyx Nəsrullahı (E.Namazov) irəli çıxarmaq üçün bütün imkanlarını işə salıb. Həmçinin Ə.Kərimli, M.Mirəlioğlu, L.Ş.Hacıyeva və R.Quliyevin, İ.Qəmbərin və ya reneqat E.Namazovun liderliyini qəbul edəcəkləri məsələsi də sual altındadır. Aqressiv müxalifət daxilində pərakəndəlik və qarşıdurmanın açıq müstəviyə keçməsi "Milli Şura" və "vahid namizəd" ideyasının tam iflasa uğradığını deməyə əsas verir.

"Milli Şura"nın üzvü Eldəniz Quliyev "Azadlıq" qəzetinə müsahibəsində İ.Qəmbərin prezident seçkilərində iştirak etmək niyyətində olmasını və bu məsələdə Müsavat Partiyası funksionerlərinin onu dəstəkləməsini səhv addım hesab edib: "İsa Qəmbərin fikri hələ ki, ətraflı düşünülməmiş, ölçülüb-biçilməmiş təklifdir. Mən Müsavat funksionerlərinə tövsiyə edərdim ki, siyasi performansdan uzaq olsunlar". E.Quliyev "Milli Şura"nın digər üzvlərinin də seçkilərdə namizədliyini irəli sürməyə haqlarının çatdığını bildirib: "O zaman mən sual edirəm. Belə olan halda, nəyə görə Əli Kərimli, Lalə Şövkət, Eldar Namazov, Rəsul QuliyevMirmahmud Mirəlioğlu namizədliyini irəli sürməsin?"

"Milli Şura" üzvlərinin qurumun "ehtiyat namizəd" axtarışına çıxmaları düşərgədə kataklizmlərin yaşandığını göstərir. Müsavat öz namizədinin olması ilə bağlı 4 yanvar tarixli qərarının qüvvədə qaldığını bəyan edib. İ.Qəmbər seçkiyə getmək niyyətində olduğunu bildirərək "Milli Şura"da da namizədliyinin dəstəklənməsinə çalışır. E.Namazovun isə "ehtiyat namizəd" məsələsində yalnız özünü ən real "variant" sayması düşərgədə gözlənilən qarşıdurmanı daha da gərginləşdirib. Əslində, düşərgədaxili proseslərin qeyri-şəffaf getməsi partiya rəhbərləri arasında qarşıdurmanın olacağını əvvəlcədən də proqnozlaşdırmağa imkan verirdi. Bu arada bir sıra aqressiv müxalifət liderlərinin "İctimai Palata"nın "dirildilməsi" və fəaliyyətinin canlandırılması təşəbbüsü ilə də çıxış etmələri çaşqınlıq yaradıb.

"Milli Şura"nın sədri Rüstəm İbrahimbəyov Müsavat başqanı İsa Qəmbərin yeni namizəd təklifinə cavab verib: "Bu mövzuda artıq dəfələrlə danışmışam, fikirlərimi bildirmişəm. Mən İsa Qəmbərə həm bir siyasətçi, müxalifət lideri, həm də sadəcə, bir insan kimi hörmət edirəm və onun namizədliyini dəstəkləyə bilərəm. İsa bəydən əlavə orada "vahid namizəd" olmağa layiqli insanlar var. Məsələn, Mehman Əliyev, Mirmahmud Fəttayev, Lalə Şövkət. Mən bunu mümkün sayıram".

Qoca kinorejissor R.İbrahimbəyovun siyasi portretinin cizgiləri artıq cəmiyyət üçün aydındır. O ki qaldı AXCP sədri Əli Kərimliyə, onun da "Milli Şura"nın "vahid namizəd" məsələsində spekulyasiyaları başadüşüləndir. AXCP sədrinin "yalnız İbrahimbəyov" variantı üzərində israr etməsi onun qoca kinorejissor, "simpatiyası"ndan irəli gəlmir. Ə.Kərimli müxalifət düşərgəsində İ.Qəmbərdən fərqli olaraq "vahid namizəd" məsələsində səmimi olduğunu göstərməyə çalışır. AXCP sədrinin də birlik imitasiyasının arxasında şəxsi ambisiyalarının dayandığı hər kəsə aydındır. Bunun nəticəsidir ki, Ə.Kərimli yenə də İ.Qəmbəri xəyanətdə və müxalifətin ümumi maraqlarına zidd addım atmaqda günahlandırır. Faktiki olaraq, bu gün müxalifət düşərgəsi qarşıdurma meydanına çevrilib.

Bu gün radikal düşərgədə baş verənlərin təhlili onu deməyə əsas verir ki, birlik imitasiyası yaradan, cəmiyyətə özlərini "yeni qüvvə" kimi təqdim edən "qəhrəmanlar" əslində, ənənəvi dağıdıcı və inkarçı xislətdən hələ də azad ola bilməyiblər. Bu qüvvələr öz fəaliyyətlərini dağıdıcılıq planları üzərində qurmağa, ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirməyə və ölkənin beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar. Düşərgə təmsilçilərinin vaxtaşırı müxtəlif adlar altında "birlik" formatları yaratmaları da ictimai rəyə hesablanmış addım kimi dəyərləndirilə bilər.

20 ilə yaxın müddətdə hakimiyyət həsrətində olan aqressiv müxalifət partiya rəhbərlərinin "vahid namizəd" məsələsində güzəştə getdikləri qoca kinorejissor Rüstəm İbrahimbəyovla yanaşı, "ehtiyat" variant axtarsında olmaları bu insanların prinsipsizliklərini bir daha göstərir. Ötən illərin seçki təcrübəsi təsdiqləyir ki, hakimiyyətə gəlmək üçün hər cür vasitəyə əl atan, hətta iğtişaşlar törətməkdən belə çəkinməyən bu insanlar üçün müqəddəs sayıla biləcək heçyoxdur!

 

Elnur HACALIYEV

 

Azərbaycan. - 2013.- 8 avqust.- S. 8.