Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xəzər rayonunda sosial təyinatlı layihələr həyata keçirilir

 

Bakı şəhərinin Xəzər rayonunun bir sıra qəsəbələrində Heydər Əliyev Fondunun təşəbbüsü ilə sosial yönümlü layihələrin həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, Binə qəsəbəsindəki İmam Rza məscidi Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulmuş və işlər 2013-cü ilin iyununda başa çatmışdır. Kompleksin ümumi sahəsi 1800 kvadratmetr təşkil edir. Binanın və hündürlüyü 21 metr olan minarənin günbəzləri tamamilə sökülərək yenidən quraşdırılmışdır.

Qəsəbədəki 285 nömrəli uşaq bağçası da tamamilə sökülərək onun yerində yeni, müasir bina inşa edilir. Tikinti işləri artıq yekunlaşmaq üzrədir. Burada bütün kommunikasiya xətləri dəyişdirilmiş, otaqlar yeni avadanlıqla təchiz olunmuş, uşaqlar üçün hər cür şərait yaradılmışdır.

Türkan qəsəbəsində isə yeni uşaq bağçasının və diaqnostika mərkəzinin tikintisi davam etdirilir. Hər iki binanın dam örtüyü vurulmuş, istilikelektrik enerjisi xətləri quraşdırılmış, cari təmir işləri aparılır.

Bundan əlavə, Buzovna qəsəbəsində də 240 nömrəli uşaq bağçasının yerində yeni bina tikilir. Bağça bu ilin sonunadək istifadəyə veriləcəkdir.

Şüvəlan qəsəbəsində eşitmə qabiliyyəti qüsurlu olan uşaqlar üçün internat məktəbi də təmiri edilir. Qəsəbədə, həmçinin cari ilin iyun ayından yeni tibb məntəqəsinin tikintisinə başlanılmışdır. Obyekt ilin axırınadək təhvil veriləcəkdir.

Bununla yanaşı, 234 nömrəli orta məktəbin həyətində 1120 şagird yerlik məktəb binasının tikintisinə başlanılmışdır.

 

Azərbaycan. - 2013.- 8 avqust.- S. 11.