Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Yunanıstanda Yay Olimpiya Məktəbi davam edir

 

Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Beynəlxalq Olimpiya Akademiyasının birgə təşkilatçılığı ilə Yunanıstanda məşqçi-müəllimlər, fəal gənclər və könüllülər üçün təşkil olunmuş Yay Olimpiya Məktəbi davam edir.

AzərTAc xəbər verir ki, avqustun 6-da iştirakçılar Qədim Olimpiya şəhərində yerləşən Arxeoloji qoruqda olmuşlar.

Əvvəlcə iştirakçılar Gimnaziya və Palestranın dövrümüzədək gəlib çatan qalıqları ilə tanış olmuşlar. Antik dövrdə burada atletlər idman təhsili almış və hazırlıq keçmişlər.

Sonra dünyanın yeddi möcüzəsindən biri sayılan yunanların baş allahı Zevsin heykəlinin saxlandığı məbədin qalıqları qonaqlara nümayiş etdirilmişdir.

Qədim Olimpiya Oyunlarının qaliblərinin şərəfinə ucaldılmış abidə ilə tanışlıq qonaqlarda xoş təəssürat yaratmışdır. Həmçinin müasir Olimpiya Oyunlarının məşəlinin alovlandırıldığı məkan da məktəb iştirakçılarına nümayiş etdirilmişdir. Azərbaycanlı gənclər Qədim Olimpiya stadionunda da olmuşlar.

Sonra qonaqlar Qədim Olimpiyada yerləşən Arxeoloji muzeyə gəlmişlər. Qədim Yunanıstan mədəniyyətini özündə əks etdirən eksponatlarla tanışlıq qonaqlarda böyük maraq doğurmuşdur.

Ekskursiya başa çatdıqdan sonra Kanadanın Manitoba Universitetinin professoru Sara Titzel "Olimpizmin fəlsəfəsi və Olimpiya dəyərləri" mövzusunda məruzə ilə çıxış etmişdir.

 

Səxavət QULİYEV,

AzərTAc-ın müxbiri,

 

Qədim Olimpiya

 

Azərbaycan. - 2013.- 8 avqust.- S. 11.