Nina Koqan:
«Qəbələ festivalı beynəlxalq musiqi
arenasında öz layiqli
yerini tutmuşdur»
"Yaşının az olmasına baxmayaraq, Qəbələ
festivalı beynəlxalq musiqi arenasında
öz layiqli yerini tutmuşdur. Qəbələyə
gəlməmişdən əvvəl burada
keçirilən festivalın əhatə dairəsi
haqqında çox az
məlumatlı idim. Festivalın belə
gözəl bir yerdə və möhtəşəm
şəkildə keçirilməsi məni valeh
etdi".
Bu sözləri
Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalının
iştirakçısı, ABŞ-da, eləcə
də Avropada və Asiyada
geniş konsertləri olmuş,
tanınmış rusiyalı pianoçu Nina Koqan AzərTAc-a
müsahibəsində demişdir.
Festivalın təşkilatçılığını
yüksək qiymətləndirən Nina Koqan Qəbələyə toplaşan
dünyanın məşhur musiqi xadimlərinin
iştirakı ilə bir sırada konsert verməyin çox
məsuliyyətli olduğunu bildirmişdir.
Nina Koqan demişdir: "Burada olmaq bir musiqiçi
kimi mənim üçün
də əsl uğurdur. Fransada
olarkən dostlarım Qəbələ Beynəlxalq Musiqi Festivalından danışırdılar.
Həqiqətən də bu möhtəşəm
incəsənət bayramı dünya musiqi mədəniyyətinə öz dəyərli töhfəsini vermiş festivallardan birinə
çevrilir. Qəbələ kimi gözəl diyarı gəzmək, belə
bir qədim məkanı tanımaq, eyni zamanda, görkəmli
sənət adamları ilə birgə tamaşaçı
qarşısına çıxmaq çox
maraqlı oldu. Bu
festivaldan musiqi duyumu olan hər
kəs zövq ala bilər".
Azərbaycan. - 2013.- 8 avqust.- S. 12.