Geniş tərkibdə görüş
Avqustun 11-də təkbətək
görüş başa
çatdıqdan sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya
Respublikası Nazirlər Şurasının Prezidenti
Enriko Lettanın nümayəndə heyətlərinin
iştirakı ilə geniş tərkibdə
görüşü olmuşdur.
Azərbaycan Prezidenti İlham
ƏLİYEV qonaqları salamlayaraq dedi:
- Hörmətli cənab Baş nazir, əziz qonaqlar, sizi bir daha Azərbaycanda
salamlayıram. Sizi görməyimə çox şadam. Biz uğurla inkişaf edən
ikitərəfli münasibətlərimizə dair
vacib məsələlər ətrafında
fikir mübadiləsi aparmaq
üçün gözəl imkan əldə etdik.
Əlbəttə, Sizin ölkəmizə
rəsmi səfəriniz dövlətlərimiz arasında əlaqələrin
yüksək səviyyəsindən xəbər verir. Gündəliyimiz çox
genişdir və müxtəlif sahələri
əhatə edir. Gündəlikdə duran bütün məsələlər
üzrə uğurla irəliləyirik. Bunlar siyasi, iqtisadi, enerji sahələridir.
İtaliya və Azərbaycan
son illər ərzində çox
sıx tərəfdaşlığı inkişaf
etdirməyə nail olublar.
Şübhəsiz ki, qarşıdakı
illərdə bu tərəfdaşlıq daha da inkişaf
edəcək və çox yüksək
səviyyəyə çatacaqdır. Bu gün də qeyd etdiyimiz kimi, biz yaxşı anlayırıq ki,
münasibətlərimizi daha da yüksək səviyyəyə
qaldırmalıyıq. Sizin ölkəmizə
səfərinizi çox yüksək qiymətləndiririk.
Bu, dostluğun gözəl
əlamətidir və eyni zamanda,
ikitərəfli münasibətlərimizin vacib
məsələlərini nəzərdən keçirmək üçün gözəl fürsətdir. Bir daha xoş
gəlmisiniz.
İtaliya Respublikası Nazirlər
Şurasının Prezidenti Enriko LETTA dedi:
- Təşəkkür
edirəm, cənab Prezident. Sizin səmimi qonaqpərvərliyinizi yüksək
dəyərləndiririk. Burada olmaq fürsəti və Sizinlə, hökumətinizlə
ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə
dair müzakirələr aparmaq
bizim üçün
çox əhəmiyyətlidir. Bu gözəl fürsət TAP boru
kəmərinə dair qərarın verilməsindən
sonra yarandı. Bu qərar
İtaliya və Avropanın böyük bir hissəsi üçün çox vacibdir. Fürsətdən
istifadə edərək bu qərarın qəbul
olunması sayəsində bu gün bizim ikitərəfli
münasibətlərimizin və təkcə enerji
sahəsi ilə məhdudlaşmayan əməkdaşlığımızın
gücləndirilməsinin necə vacib olduğunu qeyd etmək istərdim.
Lakin biz enerji sahəsində əməkdaşlıqdan
yararlanaraq əlaqələrimizi iqtisadi və siyasi sahələrdə
də gücləndirir, daha da yüksək səviyyəyə
qaldırırıq. Bizim Əfqanıstandakı hərbçilərimiz
arasında da yaxşı əməkdaşlıq
mövcuddur. Əlbəttə ki, biz iqtisadi
əməkdaşlığımızda daha
mühüm irəliləyişlər əldə
etmək istərdik. İtaliyanın İşəgötürənlər
Konfederasiyasının və İnşaatçılar
Assosiasiyasının yüksək səviyyəli
nümayəndə heyəti noyabrın əvvəlində
Bakıya səfər edəcəkdir. Onların səfərinin
məqsədi bizim əməkdaşlığımızı
daha da genişləndirməkdir.
Son illərdə ölkəmizdə
iqtisadiyyatın bütün sahələrində,
o cümlədən enerji
sahəsində qazanılan uğurlar bir daha təsdiqləyir ki, Azərbaycan sürətli iqtisadi
inkişaf yolundadır. Enerji
sahəsində əməkdaşlıq həm də Azərbaycanı
beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirib və güclü
iqtisadi potensial ölkəmizin
Avropanın qaz təchizatında
oynadığı rola da
öz töhfəsini verir.
Bu baxımdan Azərbaycan dünyanın
aparıcı iqtisadiyyatlarından birinə malik
olan İtaliya ilə əlaqələri
də inkişaf etdirir.
Bunu İtaliya
Respublikası Nazirlər Şurasının Prezidenti
Enriko Lettanın avqustun
11-də Bakıya rəsmi səfəri də təsdiqlədi.
Səfər zamanı Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya
Respublikası Nazirlər Şurasının Prezidenti
Enriko Lettanın enerji
sahəsində əməkdaşlığa dair
birgə bəyannaməsi qəbul olundu.
Bəyannamədə
"Şahdəniz"in ikinci fazası
çərçivəsində çıxarılacaq Azərbaycan
qazının Trans-Adriatik və Trans-Anadolu təbii qaz boru kəmərləri ilə Avropaya
çatdırılmasına dair
"Şahdəniz" konsorsiumunun qəbul
etdiyi qərarın önəmi qeyd olunmuşdur. Bəyannamədə
Azərbaycanın İtaliyanın əsas neft
təchizatçılarından biri olduğu vurğulanaraq
ölkəmizin, həmçinin qaz sektorunda da İtaliya
üçün önəmli tərəfdaşlardan
biri olacağına əminlik ifadə edilmişdir.
Məlum olduğu
kimi, Azərbaycan ilə İtaliya
arasında əlaqələr
müxtəlif sahələrdə sürətlə inkişaf edir. Bu baxımdan bəyannamədə iqtisadi sahədə əməkdaşlığın
daha da genişləndirilməsi
ilə bağlı məsələlər öz
əksini tapmışdır.
Sənəddə Azərbaycan
ilə İtaliya arasında ikitərəfli
əlaqələrin yüksək səviyyədə
inkişafından məmnunluq bildirilmişdir.
Bu əlaqələrin neft-qaz,
bərpa olunan enerji, neft-kimya və digər sahələrdə bundan sonra da
genişləndirilməsi üçün
müvafiq addımların
atılacağı vurğulanmışdır.
Bəyannamədə
ölkələrimizin enerji sektorunda institusional əməkdaşlıq
və təcrübə mübadiləsinin həyata
keçirilməsi barədə əldə olunmuş
razılığın əhəmiyyəti də qeyd olunmuşdur. Sənəddə, eyni zamanda, Azərbaycan və İtaliyanın sənaye
sahəsini təmsil edən nümayəndə heyətlərinin
qarşılıqlı səfərlərinin həyata
keçirilməsi nəzərdə tutulmuşdur.
İqtisadiyyatın digər sahələrində də əməkdaşlığın
bundan sonra da inkişaf etdirilməsi
ilə bağlı məsələlər öz
əksini tapmışdır.
Bəyannamədə həmçinin
ikitərəfli iqtisadi əlaqələrin
sürətləndirilməsi üçün
hökumətlərarası iqtisadi əməkdaşlıq
komissiyasının fəaliyyətinin önəmi qeyd edilmişdir.
AzərTAc
Azərbaycan. - 2013.- 13 avqust.- S. 1-2.