Prezident İlham
Əliyev Yasamal rayonundakı 31 nömrəli
orta ümumtəhsil məktəbində
aparılan əsaslı təmir və yenidənqurma işləri
ilə tanış olmuşdur
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun
10-da Yasamal rayonundakı 31 nömrəli orta ümumtəhsil məktəbində
aparılan əsaslı təmir və yenidənqurma işləri
ilə tanış olmuşdur.
Prezident İlham
Əliyevin rəhbərliyi ilə ölkədə təhsil
islahatlarının genişləndirilməsi və bu sahədə keyfiyyət dəyişikliklərinə
nail olunması istiqamətində
görülən işlər artıq öz bəhrəsini
verir. Bunun nəticəsidir
ki, indiyə qədər ölkədə 2200-dən çox
məktəb binası tikilmiş, Azərbaycanda
heç vaxt olmayan qədər geniş
bazaya malik təhsil infrastrukturu yaradılmışdır. Yeni təhsil ocaqlarının inşası ilə
yanaşı, mövcud məktəblər
üçün əlavə tədris korpuslarının tikintisi geniş vüsət
almışdır. Son illərdə 2000-ə yaxın məktəb üçün əlavə korpus
inşa olunmuşdur.
Təkcə 2011-ci ildə Bakıda 60-dan çox
məktəbin binası əsaslı təmir edilmişdir.
2012-ci ildə 81 məktəbin binası təmir olunmuş, yeni korpuslar tikilmişdir. Bu il ərzində isə
120 məktəbdə yenidənqurma
işlərinin aparılması nəzərdə tutulmuşdur ki, indi bu proses
uğurla aparılır. Yasamal
rayonundakı 31 nömrəli orta ümumtəhsil
məktəbində aparılan əsaslı təmir və
yenidənqurma işləri də bu
sırada mühüm yer
tutur.
Dövlət
başçısına məlumat verildi ki, ötən əsrin əvvəllərində
tikilən bu təhsil ocağı
1936-cı ildə oğlanlar üçün
ixtisaslaşdırılmış məktəb kimi fəaliyyət
göstərmişdir. 1941-1945-ci illərdə təxliyə
hospitalına çevrilən məktəb Böyük
Vətən
müharibəsi başa çatdıqdan sonra yenidən öz qapılarını şagirdlərin
üzünə açmışdır. Uzun
illər ərzində əsaslı
təmir olunmayan məktəbdə yaranan vəziyyət yenidənqurma işlərinin
aparılmasını zərurətə çevirmişdi.
Azərbaycan Prezidentinin diqqət və
qayğısı sayəsində digər təhsil ocaqlarında olduğu
kimi, bu məktəbdə
də görülən yenidənqurma işləri artıq başa çatmışdır. Dördmərtəbəli,
ümumi sahəsi 4000 kvadratmetr
olan 650 şagird yerlik məktəbdə tədris üçün bütün
zəruri baza yaradılmışdır.
Bildirildi ki, tədrisin bir növbədə
aparılacağı məktəbdə bütün
siniflər yüksək səviyyədə təmir olunmuş və onların hamısı tədris
avadanlığı, o cümlədən əyani vəsaitlərlə təchiz edilmişdir. Üç fənn
laboratoriyasından başqa yaradılan iki informatika sinfində
şagirdlərin
informasiya texnologiyalarına yiyələnmələri
üçün hər cür
şərait yaradılmışdır.
Onu da qeyd edək ki, digər məktəblərdə
olduğu kimi, bu təhsil ocağında da
siniflərin istilik sistemi
ilə təchiz olunmasına xüsusi diqqət
göstərilmişdir. Bundan əlavə,
məktəbdəki idman zalı da yenidən qurulmuş, burada şagirdlərin idmanla
məşğul olmaları üçün
zəruri avadanlıq quraşdırılmışdır. Akt zalında isə məktəb həyatı
ilə bağlı tədbirlərin keçirilməsi üçün bütün
imkanlar vardır. Gələcəkdə məktəbin ətrafında geniş abadlıq işlərinin davam etdirilməsi nəzərdə tutulur və bu çərçivədə
idman meydançasının, həmçinin
akt zalının daha da genişləndirilməsi
planlaşdırılır.
Məktəbdə
yaradılan şəraitlə tanış olan
Prezident İlham
Əliyev tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan. - 2013.- 13 avqust.- S. 3.